Şrift:
Azərbaycandan Aİ-yə "yaşıl" dəhliz - enerji əməkdaşlığının əhatə dairəsi genişlənir
19.12.2022 [11:13] - Gündəm, İqtisadiyyat
Prezident İlham Əliyevin dekabrın 17-də Rumıniyaya səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Bu saziş mahiyyətcə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığında yeni səhifə açdı və Cənubi Qafqazı Avropa ilə birləşdirən “yaşıl dəhliz”in əsasını qoydu.

Artıq özünü etibarlı neft və qaz tədarükçüsü kimi tanıdan Azərbaycan hazırda Avropanın yaşıl enerji bazarının bir hissəsinə çevrilir və bununla da bu qitədəki mövqeyini daha da möhkəmləndirir. Əslində, bu sənəd bu ilin iyulunda imzalanan energetika sahəsində əməkdaşlıq memorandumunun davamıdır və Azərbaycan qazının Avropaya tədarükünü ikiqat artırmaqla yanaşı, alternativ enerji, xüsusilə hidrogen istehsalı və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlığı da nəzərdə tutur.

İmzalanan saziş “təmiz” enerjiyə keçid baxımından həm Azərbaycanın, həm də Avropanın maraqlarına cavab verir. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz karbon qazı emissiyalarının azaldılması sahəsində qlobal tendensiyaları diqqətdən kənarda qoymuruq və Paris Sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq fəaliyyət göstəririk. Ona əsasən Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı ilin əsas göstəricisi ilə müqayisədə 35 faiz azaltmağı öhdəsinə götürüb. Avropa da öz növbəsində karbohidrogenlərdən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və enerji kompleksində bərpa olunan enerjinin payını artırmaq istəyir.

Artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın alternativ enerji sahəsində tərəfdaşlarının ehtiyaclarını ödəmək üçün kifayət qədər potensialı var.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanması mərasimi ilə bağlı plenar ıclasda çıxışı zamanı bildirdi ki, Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

"Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.

Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır", - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed