Şrift:
Fərəc Quliyev:Qanunla qadağan olunmayan hər şey mümkündür
19.12.2022 [12:14] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Konstitusiyada hər hansı bir dəyişiklik olmadan da cənab Prezident sərəncamla orada öz nümayəndəsini təyin edə bilər”

Bəzi kütləvi informasiya vasitələrində Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq getdiyi xəbər verilir. Məlumata görə, yaxın vaxtlarda Prezidentin Naxçıvan MR üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla V.Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.

Məlum olduğu kimi, xüsusi nümayəndəlik institutu artıq işğaldan azad olunmuş ərazilərdə tətbiq olunub. Belə ki, Prezidentin işğaldan azad olunmuş rayonlar üzrə xüsusi nümayəndələri bu ərazilərdə tikinti-quruculuq və digər işlərə rəhbərliyi həyata keçirir.

Naxçıvandakı mənbələr bildirir ki, iki MR-i tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib. Onun hazırda harada olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur. Hazırda onu Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov əvəz edir.

Azərbaycan qanunvericiliyinin tələblərini nəzərə alsaq, Vasif Talıbovun vəzifəsi ilə vidalaşması iki halda mümkün ola bilər. Ya könüllü istefa verməlidir, ya da Ali Məclisin iclası çağırılaraq, ona etimadsızlıq olmalıdır. Bunlar olmadan Naxçıvana Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi mümkündürmü?


Əslən Naxçıvandan olan istiqlalçı millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qanunla qadağan olunmayan hər şey mümkündür: “Azərbaycan unitar dövlətdir. Prezident idarəetmə sistemi aparatının rəhbəridir. Haranın necə adlanmasından asılı olmayaraq, bir yer rayon, bir yer isə iqtisadi zona adlana bilər. İstənilən yerdə Prezident özünün sərəncəmı ilə idarəetmə sistemi qura bilər. İkinci bir tərəfdən, Naxçıvanın muxtariyyət məsələsinin arxasında gizlənənlər də anlamalıdırlar ki, Qars və Moskva müqaviləsi heç də özündə bu ərazinin ad vəzifəsini ehtiva etmir. Gələcəkdə burda çox dərin şəkildə islahat aparılması, Nazirlər Kabinetinin, nazirliklərin, Ali Məclisin ləğv olunması üçün Konstitusiyaya əlavə etməyə iki cümlə lazımdır: 1. Naxçıvan Muxtar Respublikası bundan sonra Naxçıvan İqtisadi Zonası adlanır. 2. Naxçıvan İqtisadi Zonasının idarə olunması iqtisadi zonaların idarə olunması haqqında əsasnamə ilə tənzimlənir. Bu qədər sadə. Naxçıvanda şişirdilmiş bir aparatın olması da ortaya çıxdı. Orada korrupsiyaya qarşı mübarizəylə bağlı aparılan tədbirlərdə məlum oldu ki, yerli qurumlar nəinki bu məsələlərə nəzarət etmir, əksinə, bu məsələlərdə ciddi şəkildə qanun pozuntuları vardı. İndiki halda kim günahkardırsa, təbii ki, qanun qarşısında cavab verməlidir. Statusundan asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Kimin də günahı yoxdursa, öz işinə davam edəcək. Təbii ki, cənab Prezidentin iradəsinə bağlı olaraq. Bu gün orda islahat aparılması çox vacib şərtdir. Şişirdilmiş aparat mütləq ləğv olunmalıdır. Üç məsələ çox ciddidir: 1-ci məsələ - qanunun aıiliyi Naxçıvanda təmin olunmalıdır. 2-ci məsələ - bütün idarəetmə Bakıya, mərkəzə tabe etdirilib başqa rayonlarda olduğu formada sahmana salınmalıdır. 3-cü məsələ - korrupsiyaya qarşı ciddi mübarizə aparılmalı və cəzalanma olmalıdır. Mənimsənilmiş bütün vəsait də dövlət büdcəsinə qaytarılmalıdır. Mən belə düşünürəm ki, indiki halda da, Konstitusiyada hər hansı bir dəyişiklik olmadan da cənab Prezident sərəncamla orada öz nümayəndəsini təyin edə bilər və Naxçıvan İqtisadi Zona adlandırılaraq orada yeni bir idarəetmə sistemi qura bilər. Bu, icra aparatı rəhbərinin müstəsna səlahiyyətində olan məsələdir. Yəqin ki, bu və ya oxşar addımlar da atılacaq”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed