Şrift:
Cümşüd Nuriyev: 2025-ci ilə qədər beş yeni dövlətin yaradılması planlaşdırılıb"
22.01.2013 [11:28] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasət, DAVAMın yazıları
"Azərbaycan iki nəhəng dövlət arasında "bölüşülməz kökə"yə çevrilib"

"Rusiya Ermənistan vasitəsilə Azərbaycanı müharibəyə cəlb etmək istəyir"

Siyasi ekspert Cümşüd Nuriyev
Rusiyanın “Hərbi icmal” adlı jurnalında “Azərbaycan kiminlə savaşa hazırlaşır?” başlıqlı məqalə dərc olunub. Məqalədə toxunulan məsələlər, o cümlədən, Ermənistan-İran əməkdaşlığı ilə bağlı siyasi ekspert Cümşüd Nuriyevlə söhbətləşdik.

- Məqalədə bildirilir ki, Azərbaycan yalnız Ermənistanla müharibəyə hazırlaşmır və uzaq, hətta orta-yaxın perspektivdə Azərbaycanın İran və Rusiya ilə də konflikti ola bilər. Bu yanaşmanı necə şərh etmək olar?
- Bu, təxribatdan başqa bir şey deyil. ABŞ özünün Yaxın və Orta Şərq planını Azərbaycan vasitəsilə həyata keçirmək istəyir. Həm də yaxşı başa düşürlər ki, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərində kifayət qədər gərginlik var. ABŞ-ın Müdafiə Nazirliyinin “Silahlı Qüvvələr” adlı bir jurnalı var. Jurnalın 2008-ci ildə çıxan səkkizinci nömrəsində Yaxın və Orta Şərqdə 2025-ci ilə qədər beş yeni dövlətin yaradılması planı barədə məlumat əksini tapıb. Həmin layihəyə görə, İran ərazisi parçalanmalı və İraq, Türkiyə, İran ərazisi hesabına “Kürdüstan” dövləti yaradılmalıdır. İkinci böyük dövlət Urmiya gölündən keçmək şərtilə Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi hesabına nəzərdə tutulub. Üçüncü isə İranın cənubunu parçalamaqla, İraqın cənubundan indiki Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər və Bəhreynin birləşdirildiyi şiə dövləti yaradılmalıdır. Dördüncü dövlət indiki Səudiyyə Ərəbistanının tərkibində sünni dövləti olacaq. Beşinci dövlət isə Vəziristan adlanır və bu dövlətin İran-Əfqanıstan sərhədində yaradılması nəzərdə tutulub. Layihədə birinci olaraq, Azərbaycan məsələsi gündəmə gəlir. İranın Azərbaycana olan hücumlarının arxasında da məhz bu durur. Amma bütün hallarda bunu yeni müstəviyə keçirmək istəyirlər. ABŞ siyasi baxımdan Azərbaycanı işğal edə bilmədi. Azərbaycanın hazırda yürütdüyü siyasət Azərbaycanın dövlət maraqlarına xidmət edir. ABŞ Rusiyanın da nə vaxtsa Azərbaycanı cəzalandıracağını düşünür. ABŞ qabaqlayıcı tədbir kimi Azərbaycan-İran və Azərbaycan-Rusiya müstəvisində gərginliyi artırmaq üçün Azərbaycan-İsrail əməkdaşlığını, eyni zamanda, Azərbaycanın Ermənistana hücum edəcəyini gündəmə gətirir. Əslində, bunu Rusiya da istəyir.

- Rusiya bu istəyini necə reallaşdıra bilər?
- Rusiya Ermənistan vasitəsilə Azərbaycanı müharibəyə cəlb etmək istəyir. Məqsəd də odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sazişindən istifadə etsin. Halbuki, həmin sazişin nə üçüncü, nə də yeddinci maddəsi buna imkan vermir. Amma bütün hallarda buna cəhd edirlər. Rusiya bunu istəyir və ABŞ da Qafqazdan çıxmamaq üçün regionun açar dövləti olan Azərbaycandan istifadə etməyə çalışır. Ən böyük bədbəxtlik isə odur ki, Azərbaycan iki nəhəng dövlət arasında "bölüşülməz kökə"yə çevrilib. Azərbaycan indiki durumda heç Ermənistanla da müharibə etmək istəmir. Ermənistandan Xankəndinə uçan təyyarə vurulsa, bu, Azərbaycan üçün də baha başa gələ bilər. Azərbaycanı bir təhlükəli oyuna dəvət edirlər və bu oyundan çıxmaq Azərbaycan üçün çox vacibdir.

- Sözügedən jurnalda qeyd olunub ki, rəsmi Bakının İranın bölünməsində iştirakı, hətta Dağlıq Qarabağ uğrunda müharibədən də önəmlidir və bildirilir ki, müasir İranın məhvindən sonra Qarabağ probleminin həlli asanlaşa bilər...
- Yuxarıdakı fikrimə yenidən qayıtmaq istəyirəm. Bizi siyasi bir tələyə çəkmək istəyirlər. Bu, gözəl bir siyasi texnologiyadır, amma “qara piar”dır. Düzdür, İran Azərbaycana qarşı təhrikçi mövqedə dayanıb və bizi təhdid edir. Etiraf edək ki, Azərbaycanın belə bir siyasətə qoşulmağa elə bir gücü də yoxdur. İki gün əvvəl Ermənistan və İran arasında Təbriz şəhərində ikitərəfli müqavilə bağlandı. Birmənalı şəkildə İran bilərəkdən Cənubi Azərbaycanı Ermənistanın nəzarətinə verir. Guya iqtisadi əlaqələri yaxşılaşdırırlar. Eyni zamanda, Ermənistan İranı sanksiyalardan qoruyur və bu da Rusiyanın tapşırığıdır. Təbii ki, ABŞ da bunu bağışlamaq istəmir. Amma bunu Azərbaycanın əli ilə etmək istəyirlər. Azərbaycanın bu oyuna getməsi isə böyük ağılsızlıq olar. Axı, biz hansı gücümüzlə bu məsələdə maraqlıyıq. Elə bir gücümüz varsa, ərazi bütövlüyümüzü bərpa etməliyik. Azərbaycanın bir nömrəli problemi işğal olunmuş ərazilərimizdir.

- Mərkəzi qərargahı Belçikanın Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (CSİS) son hesabatında da qeyd olunub ki, İran-Ermənistan əməkdaşlığı yaxın gələcəkdə Ermənistanın xarici diasporun maliyyə yardımı, Rusiya və beynəlxalq maliyyə institutlarının verdiyi kreditlərdən asılılığını sıfıra endirə bilər. Bu nə dərəcədə inandırıcı görünür?
- Əlbəttə ki, inandırıcı görünür. Hazırda Ermənistanın ticarət dövriyyəsinin iyirmi beş faizi İranın payına düşür. Ermənistanın ticarət dövriyyəsinin yarısı İranın payına düşsə, ölkənin büdcə gəlirləri iki dəfə artacaq. Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşması isə Dağlıq Qarabağın taleyində mühüm rol oynaya bilər. İranla münasibətləri elə səviyyəyə çatdırmalıyıq ki, rəsmi Tehran dünyaya Ermənistan üzərindən deyil, məhz Azərbaycan üzərindən açılsın. Biz İranı özümüzə düşmən deyil, dost ölkə etməliyik. Digər tərəfdən, Türkiyə faktorunu da danmalı deyilik. Ermənistan iqtisadçıları açıq etiraf edirlər ki, Gürcüstan üzərindən Ermənistana hər gün 8-15 TIR keçir. Bu isə Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payının 10 faizi keçməsi deməkdir.

- Məsələnin bir tərəfi də budur ki, Ermənistandan fərqli olaraq, Qərb İranın Azərbaycan vasitəsilə dünyaya açılmasına göz yummayacaq...
- Əlbəttə ki, Qərb buna göz yummayacaq. Amma məsələ ondadır ki, biz nə üçün şansdan istifadə etməyək. Biz cənubda yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması məsələsini gündəmə gətirməliyik. Bütün dövlətlərdə əlverişli ticarət rejimi deyilən bir rejim var. Azərbaycan İranla belə bir rejimə keçə bilər. Bu, bir qədər daxili bazarımıza təhlükə yarada bilər. Amma bu, heç də Ümumdünya Ticarət Təşkilatına üzv olacağı halda yaranacaq problemlərlə müqayisədə böyük problem deyil. Azərbaycanın onsuz da aqrar problemləri var və bunu İran vasitəsilə yüngülləşdirə, eyni zamanda İran bazarına girə bilərik. Bunu kimsə bizə qadağan edə bilməz. Azərbaycana qarşı uzağı müəyyən təxribatlar olacaq və onlar da keçib gedəcək.

- Rusiyanın Ermənistandakı 102-ci hərbi bazada məhkəmlənməsi və hərbçilərinin peşəkarlığının artırılması istiqamətindəki tədbirlərini necə qiymətləndirirsiniz?
- Gümrüdəki hərbi baza bilavasitə Azərbaycan və Gürcüstanı Rusiyanın təsir dairəsində saxlamağa xidmət edən hərbi obyektdir. Dəqiq məlumatlar var ki, bu hərbi bazadakı təlimçilər Dağlıq Qarabağdakı hərbçilərə təlim keçirlər. Rusiya bütün imperiya siyasətində bufer dövlət taktikasından istifadə edib. Azərbaycanı bufer dövlət kimi saxlamaq üçün Rusiya da bütün vasitələrdən istifadə edəcək. Lazım gələcəyi halda, 1920-ci ildə olduğu kimi, Azərbaycana qoşun da yeridilə bilər. Rusiyalı politoloqların çıxışında belə bir dəsti-xətti görürəm ki, guya onlar azaqlıq carçısı kimi gələrək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər.

Ömər Əmirov
Bu xəbər oxucular tərəfindən 1381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed