Şrift:
Azərbaycan və Türkiyə ortaq turizm marşrutları yaradacaq
23.12.2022 [10:33] - İqtisadiyyat
Dekabrın 23-də Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.

Komissiya iclası Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə keçirilib.

İclasda çıxış edən Azadə Hüseynova ikitərəfli turizm əlaqələrinin cari vəziyyətindən söz açaraq, gəlmə və getmə turizmi sahəsində statistik göstəricilər və fəaliyyət planı üzrə görülmüş işlər barəsində məlumat verib.

O qeyd edib ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib və bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 60% artım hesab olunur.

Azadə Hüseynova növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan öz növbəsində iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdığını qeyd edərək, turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə böyük imkanların olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed