Şrift:
Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul elan edilib
01.11.2011 [12:50] - Hərb
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasına qəbul elan edilib. Bu barədə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

DSX Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan vətəndaşları üçün bir sıra tələblər müəyyənləşdirilib. Bunun üçün müraciət edən vətəndaşlar orta və ya orta-ixtisas təhsilə malik, hərbi xidmətdə olmayanlar üçün yaşı 17-dən 21-dək və fiziki cəhətdən sağlam olmalıdır. 21 yaşınadək çağırışçıların, o cümlədən akademiyaya qəbul ili iyul ayının 31-dək 18 yaşı tamam olan şəxslərin hərbi sənədlərində müvafiq şəhər-rayon hərbi komissarlıqlarının möhlət qeydiyyatı vacibdir.

Xidmət müddətində asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçular, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər (ehtiyatda olan əsgərlər, çavuşlar və gizirlər (miçmanlar)) üçün yaş həddi 23-dək müəyyən edilib.

Namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən 1-ci (1-ci qrup üzrə gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, uçuş mühəndisliyi və mexanika mühəndisliyi ixtisasları üzrə) və 2-ci (2-ci qrup üzrə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) ixtisas qrup üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər, eyni zamanda onların fiziki hazırlığı yoxlanılacaq.

Akademiyaya qəbul olmaq istəyənlərdən ərizə (ərizədə vətəndaşın soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, özünün və yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri, attestat (əgər orta məktəbə bitiribsə), anket, tərcümeyi-hal, işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə, orta və ya orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti (orta məktəb şagirdləri üçün cari ildəki qiymət cədvəlindən çıxarış), yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz 3X4 sm ölçüdə) əlavə olunmalıdır. Sənədlər 2012-ci ilin yanvar ayının 1-dək qəbul ediləcək. Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün bölgələrdə yaşayan vətəndaşlar DSX-nın yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə, Bakı şəhərində isə DSX-nın Aparatına müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 1941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed