Şrift:
İranla Ermənistanı Azərbaycana qarşı düşmənçilik birləşdirir
23.01.2013 [14:32] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Məhəmməd Təbrizi: «İranda ermənilərin Azərbaycan əleyhinə aksiyaları hər zaman rejim tərəfindən dəstəklənib və şərait yaradılıb»

İran Ermənistana dəstək məqsədilə işğalçı ölkəylə ticarət və iqtisadi əlaqələrini inkişaf etdirməyə çalışması Güney Azərbaycanda etirazla qarşılanır. Hətta Marağa şəhərində rejimin Ermənistanla əlaqələrinə etiraz aksiyası keçirildi. Marağada yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, Təbriz Ticarət Palatası və «Araz» Azad İqtisadi Zonasının (AİZ) Ermənistanın Armavir vilayətində nümayəndəliyinin açılmasına, Şərqi Azərbaycan vilayətinin Ermənistanla ticarət və iqtisadi əlaqələrinə etiraz edən azərbaycanlılar Marağa şəhərinin Müsəllim meydanına toplaşıblar. «Haray, haray mən türkəm!», «Qarabağ bizimdir, bizim olacaq!» kimi şüarlar səsləndirən aksiya iştirakçıları Şərqi Azərbaycan valiliyindən Ermənistanla bütün əlaqələrin kəsilməsini tələb ediblər. Nümayişçilərə hücum edən polis qüvvələri aksiyanı dağıtmağa çalışıb. Sıralarında tanınmış azərbaycanlı fəal höccətülislam Əbdüləziz Əzimi Qədim də olmaqla bir neçə nümayişçi həbs edilib. Xatırladaq ki, İranın Şərqi Azərbaycan vilayətilə Ermənistanın Armavir vilayəti arasında 25 maddəlik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə birgə sərgilərin təşkil edilməsi, turizm xidmətləri, rafinə olunmuş neftin istehsalı imkanlarının araşdırılması, azad ticarət zonasına investisiya yatırılması imkanları və s. qeyd edilib. İranın «Araz» Azad İqtisadi Zonasının direktoru Sadiq Nəcəfi isə bildirib ki, Təbriz Ticarət Palatası və «Araz» AİZ-in Ermənistanın Armavir vilayətində nümayəndəliyi açılacaq. Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini bu cür inkişaf etdirməsinə Təbrizdə də etiraz edilib. Yanvarın 16-da bununla bağlı plakat asılıb. Təbriz bazarının yaxınlığındakı yerüstü keçiddən asılmış plakatda bu sözlər yazılıb: «Biz Azərbaycan türkləri olaraq İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyginin işğalçı Ermənistana səfər etməsini və bu ölkəyə əvəzsiz yardım göstərməsini pisləyirik». Mövzunun əhəmiyyətini nəzərə alaraq bu dəfə Güney Azərbaycanda da ciddi etirazla qarşılanan İran-Ermənistan əlaqələrindən söz açmaq istədik. Suallarımızı güneyli soydaşımız Məhəmməd Təbrizi cavablandırdı. Erkən yaşdan milli azadlıq hərəkatına qoşulan həmsöhbətimiz İranda üzləşdiyi basqılar nəticəsində vətənini tərk etmək məcburiyyətində qalıb. O, hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayır.
- Güney Azərbaycanda Ermənistanla əlaqələrə etiraz olaraq keçirilən aksiyalarda yalnız milli fəallar iştirak edir, yoxsa sadə insanlar da qoşulur?
- Güney Azərbaycanda hər kəs, hər bir sadə insan da bilir ki, erməni onun düşmənidir. Ermənistana qarşı keçirilən aksiyalarda yalnız milli fəallar iştirak etmir. Yoldan keçən, aksiyadan xəbər tutan sadə insanlar da qatılırlar. Amma qeyd etmək lazımdır ki, camaatda qorxu da var. Yəni hər kəs ermənini düşmən bilir, amma bu mövqeyini aksiyalarda ifadə etməkdən çəkinir. Çünki aksiyada iştirakın nəticəsini bilirlər.
- Hansı nəticəsi ola bilər?
- Güney Azərbaycanda milli azadlıq hərəkatı sivil yolla mübarizə aparan bir hərəkatdır. Bu baxımdan etirazların da dinc aksiyalar keçirməklə ifadə edir. Lakin rejim hətta dinc aksiyalarda iştirak edən insanları heç bir əsas olmadan həbs edir, onlara basqı göstərir. Əhali də aksiyaya qatılmağın bu cür nəticəsini görür və eyni aqibəti yaşamaq istəmir. Əlbəttə ki, milli fəlları həbslər və təzyiqlər qorxutmur, onlar nəticəsindən asılı olmayaraq, piketlər təşkil edir və ona qatılırlar. Bu cü aksiyalar sadə insanlar tərəfindən də dəstəklənir, onlar da iştirak edirlər. Amma söhbət kütləvilikdən gedir. Əgər İranda demokratik hakimiyyət olsaydı, aksiyada yüz minləri görmək olardı. Amma totalitar rejimin yaratdığı basqı var. Halbuki İranda ermənilərin Azərbaycana qarşı etiraz aksiyaları rejim tərəfindən dəstəklənib.
- Belə aksiyalar harada olub?
- Tehranda ermənilər Azərbaycan əleyhinə aksiyalar keçiriblər. Onların aksiyalarına hər zaman rejim himayədarlıq edib və ermənilərə hər cür şərait yaradıb. Ermənilər «Məhv olsun Azərbaycan!» şüarı verəndə də polis kənardan heç bir müdaxilə etməyib, rahat şəkildə aksiya keçirmələrini təmin edib. Polis erməni nümayişçilərə mane olmayıb, əksinə onları azərbaycanlılardan qorumağa çalışaraq təhlükəsizliklərini təmin ediblər.
- Ermənilərin Azərbaycana qarşı aksiyaları Təbrizdə də keçirilib?
- Olmayıb. Buna cəsarət etməzlər. Nədə ki, Təbriz əhalisi ermənilərə belə bir aksiya keçirməyə icazə verməz. Ermənilər Azərbaycanın tarixi paytaxtında Azərbaycan əleyhinə aksiya keçirməyə cürət etməzlər.
- Nədən çəkinirlər?
- Həyatları təhlükədə olar, təhlükəsizliklərini təmin edə bilməzlər. Hətta hüquq-mühafizə qüvvələri də bunu bacarmazlar. Düzdür, milli hərəkat demokratik yolla mübaizə aparır. Lakin Azərbaycan torpaqlarını işğal edən, minlərlə soydaşımızı ev-eşiyindən didərgin salan, bacı-qardaşlarımızın qətliamını törədən ermənilərə Güney Azərbaycanda münasibət Quzeydəkindən fərqli deyil. İnsanlar üçün hələ də işğal altında olan Qarabağ çox həssas məsələdir. Bu baxımdan ermənilər aksiya keçirsələr, heç kim onlar təhlükəsizliyini sığortalaya bilməz. Söhbət milli fəallardan getmir, sadə insanları da nəzərə almaq lazımdır. Hətta rejim dəstək olub onlara himayədarlıq etsə də, ermənilər buna cəsarət etməzlər. Onlar da Azərbaycan türklərinin münasibətindən xəbərdardırlar.
- Bəs Güney Azərbaycanda Ermənistan əleyhinə keçirilən aksiyalara hökumətin münasibəti necə olur?
- Çox mənfi, imkan vermirlər. İndiyədək Ermənistan əleyhinə keçirilən bütün aksiyalara polis kobud şəkilə müdaxilə edib, nümayişçilərdən həbs edilənlər olub. Halbuki ermənilər təcavüzkar olduqları halda onları dəstəkləyir. Biz haqlı tələblərimizi irəli sürəndə qarşı çıxırlar.
- Rejimin erməniləri dəstəkləməsini necə izah edərdiniz?
- Cavab asan və aydındır. Söhbət işğaldan və ortaq düşməndən gedir. Ermənistan Azərbaycan Respublikasının, İran isə Güney Azərbaycanın torpaqlarını işğal altında saxlayır. İkisi də Azərbaycanı özünə düşmən görür. Heç biri Quzeydə qurulmuş Azərbaycan Respublikasının inkişafını istəmir. Çünki Quzeyin güclənməsi Güney Azərbaycanın da istiqlaliyyətinə təsirsiz olmayacaq. İranla Ermənistana Azərbaycana qarşı ortaq düşmənçilik və işğal siyasəti birləşdirir.
- Təbrizdə yaşayan ermənilərə ictimai münasibət necədir?
- Güney Azrərbaycanda ermənilərin Quzeydə təcavüzkar siyasətini bilirlər. Ermənilər tək Quzeydə qətliamlar törətməyiblər. Güney Azərbaycanda da çox sayda soyqırım ediblər. Xalqımız erməni qətliamını unutmayıblar. Erməninin türkün düşməni olduğu hər kəsə məlumdur. Lakin fars şovinist rejimi onları dəstəkləyir. Təbrizdə ermənilərin yaşadığı məhəllə var. Orada yaşayarlar. Hətta həmin məhəllədən kənara çıxıb Təbrizin başqa küçələrində yaşamazlar. Yəni məhdudiyyətləri var. Kilsələri də var.
- Ermənistanın Təbrizdə konsulluğunun açılmasıyla bağlı da zaman-zaman söhbətlər yayılır?
- Bu söhbətlər çoxdan var. Amma gerçəkləşmir, gerçəkləşə bilməz. Ermənilər konsulluğun açılmasını istəyərlər, amma buna cürətləri çatmaz. Heç kim həmin konsulluqda çalışacaqları təhlükəsizliyinə cavabdeh ola bilməz. Bunu farslar və ermənilər yaxşı bilirlər.
- Güney Azərbaycanda Quzey əleyhinə bir neçə dəfə aksiya keçirildiyi iddia edildi. Bu haqda nə deyərdiniz?
- Bu, «Eurovision» mahnı müsabiqəsi ərəfəsində oldu. Hazırlanmış adamları yığıb aksiya keçirdilər. Həmin aksiyalar da bir nəfər də sadə güneyli yox idi. Hamısı ya «Sepah»ın, «Bəsic»in ya da rejimə xidmət edən öyrədilmiş adamlar idi. Bunu hamı yaxşı bilir. Mən onlara rejimə satılmış adamlar kimi baxıram. Assimilyasiyaya uğramış insanlardır. Rejim harada aksiya keçirmək istəyirsə, avtobuslara yığıb onları ora aparır. Bir sözlə, qondarma piketlər olur.

Turqut
Bu xəbər oxucular tərəfindən 2003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed