Şrift:
Fərəc Quliyev:Azərbaycan İranla diplomatik münasibətlərini tam dayandıra bilər
30.01.2023 [15:12] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum nəticəsində Azərbaycan səfirliyinin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb. Baş verənlərin fonunda Azərbaycan İrandakı səfirliyini təxliyyə edib.

Artıq ötən gün səfirliyin bütün əməkdaşları Azərbaycana təxliyyə olunub. Bu qərar Təbrizdəki Azərbaycan konsulluğuna şamil olunmayıb.

Bəs Azərbaycan İranla diplomatik münasibətləri tam dayandıra bilər? Ümumiyyətlə, baş verənlərin fonunda hansı yol izlənməlidir?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan İranla diplomatik münasibətlərini tam dayandıra bilər:

“Hesab edirəm ki, bu müstəvidə artıq diplomatik münasibət saxlamağa da dəyməz. Ciddi tədbirlər görmək lazımdır. Partiya olaraq bəyanatımızda da bir məqama xüsusi olaraq toxunduq.

Bizim ərazimizdə, yəni səfirliyimizdə bir nəfərin öldürülməsi müharibə səbəbidir. Bu müharibə isə təkcə Azərbaycanın deyil, dünyada yaşayan 40 milyon azərbaycanlıya elan olunub. Biz o istiqamətdə işlərimizi görməliyik. Qaradan artıq rəng olmaz. Əvvəl də demişdim ki, əgər biz Güney Azərbaycandakı hərəkata dəstək verməsək, İran ilk növbədə oradakı mübariz şəxsləri dar ağacına çəkəcək, daha sonra isə əlində olan bütün imkanlarla Azərbaycana qarşı mübarizəyə başlayacaq.

Artıq açıq şəkildə terrora keçmək o deməkdir ki, İran bizi düşmən olaraq görür. Biz də İranın bütün düşmənləri ilə dost olmalıyıq. Bunu açıq şəkildə bəyan etməkdən qorxmaq lazım deyil. İsrailin və ABŞ-ın bölgə siyasətində uzlaşmamız vacib məqamlardan biridir”.

Fərəc Quliyev əlavə edib ki, cinayətkarın Azərbaycana verilməsini İrandan tələb etmək lazımdır:

“Çünki cinayət Azərbaycan ərazisində törədilib. Səfirlik Azərbaycan ərazisidir. Bəzi şərhçilər deyir ki, İran öz qanunlarına görə cinayətkarı Azərbaycana verməyə bilər. Amma səfirlik Azərbaycan ərazisi olduğuna görə orada bizim qanunlarımız işləyir. Bu məqam da mütləq nəzərə alınmalıdır. Təbrizdə konsulluğumuz hələ öz işini davam etdirir, bəlkə də bunun bir mənası var. Amma ümumi olaraq İranla heç bir münasibət saxlamağa dəyməz”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed