Şrift:
Fərəc Quliyev:Təbrizdə konsulluğun saxlanması 2 ciddi mesaj verir
10.02.2023 [14:04] - Xəbərlər, Gündəm, Güney Azərbaycan xəbərləri, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın İrandakı səfirliyindəki terror hadisəsindən iki həftə keçməsinə baxmayaraq, Tehran bu terror aktı ilə bağlı hələki rəsmi açıqlama verməyib.
Hadisənin hansı səviyyədə araşdırılması barədə Azərbaycan rəsmilərinə məlumat verilmir.

Görünən odur ki, İran bu terror aktı ilə əslində iç üzünü, öz Azərbaycan siyasətinin mahiyyətini göstərməyə çalışırmış.

“Milli Dirçəliş Hərakatı” Partiyasının sədri Fərəc Quliyevin fikrincə, İran rəsmi açıqlama verməsə də, bu hadisənin terror hadisəsi olduğu gün kimi aydındır. “Terrorçu səfirliyimizə daxil olanda əlində hər-hansı bir cismi mühafizəçiyə göstərib. O da sakit onu içəri buraxır. Terror hadisəsindən sonra da televiziyalar bu terrorçuya müsahibə verməyə şərait yaratdılar. Bu hadisənin öncədən hazırlanmış terror hadisəsi olduğuna dair kifayət qədər dəlillər var.

Tehrandakı Azərbaycan səfirliyinin bağlanması da doğru addımdır. Yəni biz artıq bütün dünyaya göstərdik ki, İranın hüquq-mühafizə orqanlarına güvənmirik. Onlar səfirliyi ya bilərəkdən müdafiə etmirlər, ya da ki, bacarmırlar”-deyə F. Quliyev bildiirb.

Onun sözlərinə görə, Təbrizdə konsulluğun saxlanması 2 ciddi mesaj verir.

Birincisi, bu o deməkdir ki, Təbriz Azərbaycandır. Biz orada olan insanlarımızla təması davam etdiririk. İran rejimi bizim konsulluğu müdafiə etməsə də, Güney Azərbaycan bizim konsulluğu müdafiə edər.

İkinci mesaj budur ki, biz canımız bahasına olsa da, həyatımızı təhlükəyə qoysaq da, Güneydə olan soydaşlarımızın yanındayıq.

“İran son vaxtlar çox narahatdır. İstəyir ki, Türkiyənin Azərbaycanla, Güney Azərbaycanlı türklərlə əlaqələri zəifləsin. Xoyda olan zəlzələ vaxtı da, Türkiyənin yardım məsələsinə etiraz etdi. O istəmirdi ki, Türkiyədən gələn soydaşlarımızla Güney Azərbaycandakı soydaşlarımız ünsiyyətdə olsunlar. Bütün bunları nəzərə alaraq addımlar atılır.

Tehranda səfirliyin yenidən açılması, konsulluğun Təbrizdə qalması barədə son qərarı isə, prezident verəcək. Tələbimiz isə, dəyişilməz olaraq qalır.

Terrorçu cəzalanmalıdır. Azərbaycan hüquq mühafizə orqanlarının iştirakı ilə, məsələ tam olaraq, sona qədər aydınlaşdırılmalı, arxasında kimin durduğu müəyyənləşdirilməlidir.

Hadisə Azərbaycan ərazisində, səfirlikdə baş verdiyindən terrorçunun Azərbaycana verilməsi də doğru olar”,- deyə F. Quliyev vurğulayıb.

İradə Cəlil, Bizimyol. info
Bu xəbər oxucular tərəfindən 10810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed