Şrift:
Fərəc Quliyev:İran hökumətinin etirazları yatırtmaq istəyi bataqlıq effekti verir
13.02.2023 [10:08] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İranda girov müqabilində azadlığa buraxılan qadın vəkil şübhəli şəkildə ölüb. Belə ki, İranın Kirman əyalətinin Vəkillər Assosiasiyasının ictimaiyyətlə əlaqələr xidməti ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı həbs edilən və iki ay əvvəl azadlığa buraxılan vəkillərdən biri olan Məryəm Arvinin vəfat etdiyini açıqlanıb.

Məlumatlara görə, xanım Məryəm Arvin dekabr ayında girov müqabilində həbsdən azad edilmişdi. Onun şübhəli ölümü məhkəməsi üçün nəzərdə tutulan tarixdən bir həftə əvvəl baş verib.

Qeyd edək ki, son vaxtlarda İranda keçirilən etirazlar zamanı həbs olunanların bir çoxu azadlığa buraxıldıqdan sonra bir-iki ay ərzində həyatını itirir. Bu məqam hamının təəccübünə səbəb olmaqdadır.

Məryəm Arvin 30 noyabr 2022-ci il tarixində İranın İnqilab Məhkəməsinin hakimi ilə şifahi münaqişəyə görə və son etirazlarla bağlı müvəkkilini müdafiə edərkən həbs edilmiş və 12 dekabr 2022-ci il tarixində girov müqabilində azadlığa buraxılmışdı.

İran hakimiyyəti Məryəm Arvinin anası Təyyibə Nəzərini də həbs edib.

Bu cür müəmmalı ölümlər fars-molla rejiminin antiinsani mahiyyətini bir daha ortaya qoyur. Şübhə yox ki, öz millətinin qadınına, anasına, gəncinə dəyər verməyən rejim gec-tez məhvə məhkumdur.

Fərəc Quliyev: “İran hökumətinin etirazları yatırtmaq istəyi bataqlıq effekti verir”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, belə hadisələr İranda illərdir baş verir. F.Quliyev rejimin mahiyyətinin son hadisələrdə daha da açıldığını qeyd etdi: “İnsanların bütün narazılıqları toplu şəkildə üzə çıxmaqdadır. Əvvəllər lokal etirazlar olmuşdu. Bir qadının öldürülməsi meydanlara çıxmaq üçün sadəcə, bəhanə oldu. On illər boyunca bütün millətlərin əzilməsi baş verirdi, insanların haqları tapdanırdı. İran rejimi istənilən formada zorakılığa əl atıb - Evin zindanında insanlar alçaldılıb, asılıb, hətta asılanda deyilib ki, günahı yoxdursa, cənnətə gedəcəklər. İnsan həyatına, taleyinə biganə yanaşma var. Təbii ki, İran hökuməti etirazları yatırtmaq istəyir, lakin bu, bataqlıq effekti verir, etirazlar daha da artır. Güneydəki etirazlar milli azadlıq hərəkatınamı çevriləcək, ya demokratikləşmə ilə bağlı ümumiran prosesləri güclənəcək, bunu zaman göstərəcək. Hər halda, Güney Azərbaycanda yaşayan türklər üçün ədalətli status-kvo Güney Azərbaycanın müstəqilliyidir. Bu proseslərdən sonra sağlam şəkildə milli azadlıq hərəkatını apara biləcəklərsə, nailiyyət əldə etmək mümkündür. İranda hazırda bütün millətlər etiraz edir. Ya İran mahiyyətcə dəyişməlidir, ya da rejim dəyişməlidir. İran rəngini dəyişib, mahiyyətini saxlayacaqsa, bu, İrandakı bütün xalqlar, o cümlədən milli çoxluq olan azərbaycanlılara sərf etmir. Azərbaycan türkləri məsələdən o zaman uduşlu çıxmış sayılar ki, özünün ərazilərində müstəqil dövlət qursunlar, tam şəkildə işğaldan qurtulsunlar. İranın hər mənada dəyişməsi qaçılmazdır”.

Nigar HƏSƏNLİ/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed