Şrift:
Türkiyədən ölkəmizə gətirilən geyimin qiyməti bahalaşacaq?
15.02.2023 [10:47] - Xəbərlər, Gündəm, İqtisadiyyat
Türkiyədən ölkəmizə gətirilən tekstil malların qiyməti bahalaşa bilər.

Bunu açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bahalaşma Türkiyədə baş verən zəlzələylə bağlı deyil.

"Türkiyədə ötən il maaşlar iki dəfə artırılıb. Ümumilikdə, ötən il işçi qüvvəsinin maaşları 54% artıb. Bundan başqa, bu il yanvarın 1-dən elektrikdən istifadənin ödənişini də artırıblar. İstehsalatda elektrik xərcləri çox önəmlidir. Bu iki səbəbdən məhsulların maya dəyərində artım baş verib. Amma tekstil məhsullarında qiymət artımının nə qədər olacağını rəqabət müəyyənləşdirəcək", - o bildirib.

Ekspertin sözlərinə görə, zəlzələ baş verən ərazilərlə Azərbaycanın güclü ticarət əlaqələri yoxdur.

"Həmin ərazilərdə böyük tekstil sənayeləri formalaşmayıb. Bu səbəblərdən də tekstil mallarında qıtlıq olacağı gözlənilmir", - deyə X.Kərimli bildirib.

Məsələ ilə bağlı Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi Trend-ə açıqlamasında bildirib ki, hazırkı mövsümdə Türkiyədən gətirilən geyimlərin qiymətlərinin bahalaşması gözlənilmir.

"Çünki hazırkı qiymətlər zəlzələdən əvvəl müəyyən olunub. Ancaq bundan sonra qiymətlərin necə olacağı barədə proqnoz vermək çətindir. Türkiyədən gətirilən geyimlərin qiyməti bahalaşa da bilər. Lakin qiymət artımı nə vaxt olacaq və qiymətlər nə qədər bahalaşacaq, bunu indidən bilmək olmaz", - deyə sədr qeyd edib.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed