Şrift:
Fərəc Quliyev:Türkiyə siyasətində Azərbaycanı pis vəziyyətdə qoymaq düşüncəsi ilə bağlı bir davranış ola bilməz
17.02.2023 [10:34] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan xarici işlər naziri ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qonşu ölkənin zəlzələyə görə yardım göndərməsini təqdir edib.

O, görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, “bu çətin günümüzdə Ermənistan insanımıza dostluq əlini uzatdı, həmrəylik və əməkdaşlıq nümayiş etdirdi “.

Ararat Mirzoyan isə deyib ki, "bu çətin anda Türkiyədə olaraq bir daha bölgədə sülh qurmaq məsələsində və Türkiyə ilə münasibətlərin tam normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədin tam açılmasına Ermənistan Respublikasının hazır olduğunu və istəyini bir daha təsdiqləmək istəyirəm".

M.Çavuşoğlu erməni axtarış-xilasetmə dəstəsinin kiçik bir qızı və qadını xilas etdiyini qeyd edərək, onlara təşəkkür edib. O deyib ki, həmkarı Ararat Mirzoyan yenə də yardım göndərəcəklərini söyləyib. M.Çavuşoğlu sərhədlərin açılma ehtimalından da danışıb: “Bunlardan biri də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük”.

Göründüyü kimi, iki ölkənin arasında uzun müddət bağlı olan sərhədin açılması ilə bağlı müsbət impulslar verilir. Bu mövzu ilə bağlı aparılan müzakirələrin mahiyyətinin tam şəkildə açıqlanmasına ehtiyac varmı?[/b]

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ola bilər hansısa danışıqlar gedir: “Əslində fors-major vəziyyətdə belə qərar qəbul olundu və bu, zəlzələ ilə bağlıdır. Təbii ki, belə bir vəziyyət olmasaydı, biz istəyərdik ki, Azərbaycanın şərtləri qəbul olunandan sonra Ermənistanla Türkiyə arasındakı sərhədlər açılsın. Amma o humanitar dəhliz funksiyasını daşıdı, yəni humanitar məqsədlə açıldı. İndi bu vəziyyətdən də bir az yaxşı mənada istifadə edib açıq saxlamaq düşüncəsi varsa, hesab etmirəm ki, tələblərdən imtina olunsun. Sadəcə, Ermənistan hakimiyyətinin də əlinə bəhanə düşüb. Artıq sərhədlər açılıb, ilkin addımlardan sonra Azərbaycanın tələbləri yerinə yetirilə bilər. Zəngəzur dəhlizinin bağlı qalmasında əslində Qərb də, Ermənistan da maraqlı deyil. Sadəcə olaraq, Qərb istəyirdi ki, Zəngəzur dəhlizi Rusiya buradan çıxandan sonra açılsın. Ona görə də, Qərb daha çox Ermənistana dəstək verir ki, Avropa Birliyinin ordusu, fransızlar ora ona görə gəlsin ki, ruslar çıxandan sonra dəhlizə özləri nəzarət etsinlər və yaxud da neytral qalsın. Çünki indiki halda dəhliz işləsə, sərhədə rus nəzarət edəcək. Qərb dəhlizin açılmasında maraqlıdır, amma Rusiyanın nəzarəti olmadan maraqlıdır. O mənada, indiki halda belə bir düstur var. Zəngəzur dəhlizinin açılmasında iqtisadi gəlir maraqlıdır, yoxsa açılmamasında siyasi gəlir? İkincini seçiblər, hələlik açılmamasında siyasi gəlir. O mənada Ermənistan ümumilikdə Türkiyə ilə bu cür yaranmış vəziyyətdən istifadə etməklə maşa rolundan qismən çəkilmək, iqtisadi vəziyyətlərini də yaxşılaşdırmaq istəyir. Türkiyə siyasətində Azərbaycanı pis vəziyyətdə qoymaq düşüncəsi ilə bağlı bir davranış ola bilməz. Çox güman ki, pərdə arxasında əvvəlki tələblərin də hissə-hissə həyata keçirilməsi durur. Yenə deyirəm, hakimiyyətin əlinə bir az da ictimai rəylə oynamaq üçün imkan düşüb. Əlbəttə, bütün hallarda biz tam açıq müstəvidə tələblərimizin qəbul olunmasından sonra yolların açılmasını daha doğru hesab edirik. Fors-major vəziyyət yarandığından, yaranmış durumdan bu gün istifadə etməklərini mən normal qəbul edirəm”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed