Şrift:
Lavrovun Azərbaycana səfərinin tarixi açıqlanıb
23.02.2023 [10:30] - Gündəm, Siyasət
Rusiya xarici işlər naziri Sergey Lavrov 27-28 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Lavrov Azərbaycana rəsmi səfər edəcək. Səfər 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünün vaxtına salınıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların aparılacağı gözlənilir", - o deyib.

Zaxarova, həmçinin, Bakı şəhərində keçiriləcək dialoq zamanı ikitərəfli münasibətlərin bütün məsələlərinin, aktual regional və beynəlxalq problemlərin nəzərdən keçiriləcəyini qeyd edib.

O, habelə, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixlərində imzalanmış üçtərəfli razılaşmalara da xüsusi diqqət yetiriləcəyini deyib.

"Xatırladım ki, bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının ən mühüm elementi olaraq qalır. Onlar Cənubi Qafqazın sülh, stabillik və tərəqqi zonasına çevrilməsinə kömək etməlidir", - Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Bakıya səfərinin ikinci günü Rusiya xarici işlər naziri Rusiya-Azərbaycan Ekspert Şurasının iki ölkənin müttəfiqliyinin birinci ildönümünə həsr olunmuş plenar iclasında çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed