Şrift:
“SİYASİ MƏHBUS” OYUNLARI
26.01.2013 [12:22] - Gündəm, Siyasət
Ah, Avropa, Avropa...

Bu həftə Azərbaycanla bağlı maraqlı mövzulardan biri də, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında vətənimizdə demokratiya, insan hüquqları ilə bağlı məsələnin müzakirəsi oldu.

Ştrasser dayday səsin gəlsin...

Azərbaycandakı liboşlar, iqtidarımızla işbirliyində olaraq xalqın gözünə “müxalifət” külü üfürən siyasi işbazlarımız və onların liboş mediyası razı sima ilə bu müzakirələri gözləyirdilər, onun anonsunu verirdilər. Amma özgə, yad millətin ipi ilə quyuya düşməyə öyrəşmiş oyunçular AŞPA-nın qərarından narazı qaldılar...
Aydındır ki, öz dərin mənasında bu hesabatların heç bir gerçək əhəmiyyəti yoxdur. Sadəcə, səs-küy var. Amma bu səs-küyün uzaq hədəfli nəticələri ola bilər.
Əvvəla, artıq neçə ildir ki, Ştrasser dayı Bakıya gələ bilmir. O, bu işdə rəsmi Bakını, rəsmi Bakı isə, onu günahlandırır. Bu yerdə deyək ki, rəsmi Bakı Ştrasser dayını Bakıya gəlməsinə nail olmalı idi, hər vəchlə... Burada nə qəbahət var idi ki, qoy gəlsin, kiminlə istəyirsə görüşsün, hətta xoşlamadıqları ilə də, yəni, erməni işğalları nəticəsində insan haqqları tapdanmış soydaşlarımızla da (əgər Avropa üçün bizim millətin qaçqınları “insan” sayılırlarsa) görüşlər təşkil etmək olardı. Amma iqtidar bunu etmədi. Bu adi siyasi oyunu fikirləşmək iqtidarımız üçün nə qədər çətinmiş?!
İndi isə, AŞPA Bakıdan göndərilmiş iki əsas hesabatla dolanmağa məcbur oldu. Ştrasser dayı da Leyla Yunusun hesabatlarına əsaslanacaqdı və bunu da etdi. Çünki rəsmi Bakıdan yanıqlıdır və Leyla Yunusun hesabatında həbsdə yatan fars mollalarının marionetləri, erməni agentləri olan terrorçu separatçılar hesabına “siyasi məhbusların”, “vicdan(sız) məhbusların” sayı daha çox görünürdü. Həm də bu siyahıda Avropanın insan yerinə qoymadığı qaçqın-filan söhbəti də yox idi...
Ştrasserin AŞPA-dakı hesabatının əslində iqtidarımıza istisi-soyuğu yox idi. Bu illərlə öz təsdiqini tapıb. Amma bu cür hesabat ermənilərə və Moskvaya sərfəli idi,.. bir də xalqın gözünə “müxalifət” külü üfürən bizim siyasi işbazlarımıza...
Ermənilər AŞPA-dakı hesabatlara əsaslanıb “Azərbaycanda demokratiya olmadığından Qarabağdakı ermənilər ayrıca dövlət kimi yaşamalıdırlar”- fikrini Avropaya və mahiyyəti indiyəcən qaranlıq qalan “beynəlxalq rəyə” aşılamağa çalışacaqdılar. Amma ermənilərdə nəsə alınmadı... Jozef Debona Qrex və Pedro Aqramuntun hesabatında isə, “xala xətrin inciməsin” prinsipilə qaçqınlarımızın probleminə toxunulduğundan ermənilər hesabatın səsverməsində iştirakdan imtina etdilər.
Bu cür hesabatlar isə, ilk növbədə Moskvaya sərf edir. Kreml üçün Azərbaycanı Avropa Birliyindən uzaqlaşdıran bütün aksiyalar sərfəlidir. Əgər Avropada Rusiyanın və ermənilərin güclü lobbisini nəzərə alsaq, bu cür qətnamələrin AŞPA-da qəbulu su içmək qədər asandır. Göründüyü kimi, deyəsən, Kremlin xarici siyasəti o qədər yadırğayıb ki, Ştrasserin hesabatının Rusiya üçün önəmi unudulub. Həqiqətən də, Rusiya siyasəti dünya üzrə uduzmaqdadır ki, Ştrasserin hesabatı qəbul edilmədi... Rus ayısının ağılı, yanlız ölkələr daxilində iğtişaşlar yaratmaq və işğallara çatır...

AŞPA-dakı proseslərin səbəbi nədir?

Maraqlıdır, Azərbaycanda “siyasi məhbus” məsələsini AŞPA niyə bu qədər şişirdirdi, ən azından Ştrasseri önə verərək? Əgər insan hüquqlarından söhbət gedirsə, niyə AŞPA “ermənistan” adlı qondarma qurumun ərazisində “Pantor” kimi azərbaycanlı əsirlərin saxlandığı ölüm düşərgələri barədə məsələni qaldırmır, onu Monitorinq təhqiqatının hədəfinə çevirmir?
Aydındır ki, Azərbaycanı Avropa səhnəsində “iyrənc uşaq” kimi göstərmək məqsədi var idi. Amma AŞPA deputatları son anda bu yöndən döndü... Niyə?
AŞPA-da Azərbaycandakı “siyasi məhbus” hesabatının qəbul edilməməsinin səbəbini bəzilərinin iddia etdiyi “kürü diplomatiyasında” axtarmaq gülüncdür. Avroparlamentçiləri öz arşınımızla ölçüb, “rüşvətxor”, “korrupsioner” adlandırmaq bəsit məntiqin məhsuludur. AŞPA-da oturan yadsoylu senatorlar öz dövlətlərində böyük bir siyasi oyun məktəbi keçmişlər. Onların Brüsseldəki kabinetlərinin qapısını döyüb “hörmət” təklif etsən, reaksiya çox acınacaqlı olar. Əksinə, bu cür təklif onları öz seçiciləri qarşısında “təmiz və dürüst” göstərmək üçün göydəndüşmə fürsət sayıla bilər. Elə həmin anda bir mətbuat konfransı keçirib azərbaycanlı həmkarların “korrupsioner” təklifindən imtina etdiklərini dünyaya bəyan edərlər.
Görünür, burada iki səbəb var. Birincisi, AŞPA-dakı Azərbaycan heyətinin siyasi fəaliyyətinin aktivləşməsidir. Bu yerdə, S.Seyidovun komandasının həqiqətən də bacarıqlı olmasını etiraf etməliyik.
İkinci səbəb - geosiyasi durumdur. AŞPA-ya indiki beynəlxalq durumda, yəni Rusiya və İran problemlərinin gücləndiyi bir dövrdə, Azərbaycanı özündən itələyib, Kremlin cənginə salmaq avroparlamentçilərə sərf etmir.
AŞPA deputatlarının ədalətinə və obyektivliyinə biz də inanmırıq. Türkiyənin başına açdıqları oyunu görürük. Öz demokratikliyi ilə İslam Şərqinə örnək olan Türkiyənin min bir səbəblə daim aşağılanmasını, Ankaradan qondarma “erməni soyqırımını” tanınmasını, dövləti federallaşdıraraq zəiflətmək üçün etnik azlıqlara muxtariyyət verilməsini tələb etmələrini görürük. Yəni, AŞPA bürokratiyası həmişə əlində “dəyənəyi” saxlayır. Ayrı cür də ola bilməz. Vaxtilə, mərhum şairimiz Bəxtiyar Vahabzadənin dediyi sözlər çin çıxmaqdadır: “Vaxt gələcək, Avropa Birliyinə qoşulduğumuz üçün peşman olacağıq!”. Əlbəttə, peşman olacağıq, çünki öz evində ağalığı yada verən həmişə peşman olub.
Eynullanın sürprizi...

Eynulla Fətullayevə millətçilərimizin münasibəti həmişə, ən azından tənqidi olub. Belə də olmalıdır. Ermənilərlə “qaqaşlaşmasını”, Xocalı soyqırımı barədə zəvzələmələri unudulan deyil. Üstəlik də liboş hara, millətçi hara...
Amma bu həftə Eynulla Fətullayev Qərbin ictimai rəyi formalaşdıran ruporlarından biri olan “Amnesty İnternational” ilə baş-başa gəldi. Söhbət Almaniyada insan hüquqları ilə bağlı tədbirin “Amnesty İnternational” tərəfindən qəzəblə qarşılanması oldu. İndi “Amnesty İnternational” Fətullayevdən həmin tədbirin maliyyə mənbəyini, Fətullayev isə, “Amnesty İnternational”-ın maliyyə mənbəyinin açqılanmasını tələb edir.
Lakin bu qarşıdurmada maraqlı cəhət var. ABŞ və Avropanın siyasi elitasının maliyyəsi hesabına dünya ictimai rəyini formalaşdıran nəhəng “media-təbliğat” qurumu olan “Amnesty İnternational”a nə gəlib ki, “hansısa Azərbaycandan” olan, “hansısa Fətullayevin” tədbirinə qəzəblənib? Demə, Fətullayev “Amnesty İnternational”-ın tabusunu, yasağını pozub; Fətullayev “klassik demokratiya” ölkəsi Almaniyaya sataşıb! Səbəbkar özü də etiraf edir ki, “Amnesty İnternational”ın dünya ölkələrinə ikili standartla yanaşdığını ifşa etməsi, həmin beynəlxalq təşkilatın hiddətini yaradıb.
Biz bozqurdların illərlə bildiklərimiz və dediklərimizi, Fətullayev indi deməyə başlayıb...
Eynulla Fətullayevin bu cür hərəkəti nəinki, “Amnesty İnternational”, hətta Dağlıq Qarabağdakı erməni rejimini müstəqil ölkə kimi tanıyan “Freedom House” kimi təşkilatları da narahat etməkdədir. Maskalar cırılır, imiclər çökür və bunları edənlər həmin maskalı qurumların yetişdirdiyi, dəstəklədiyi adamlardır.
Biz millətçilər bu qalmaqallı oyunlara baxanda ürək bulantımızı güclə saxlayırıq. Bir daha xalq məsəli yadımıza düşür: “Özgə ipi ilə quyuya düşməzlər!”.

Pərviz Elay
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed