Şrift:
Polis polkovniki: “Rezin güllələrdən ən son halda istifadə olunmalıdır” - ŞƏRH
26.01.2013 [12:25] - Müsahibə
“Rezin güllələrdən və gözyaşardıcı qazdan ən son halda istifadə olunmalıdır”. Bu sözləri açıqlamasında istefada olan polis polkovniki Mahmud Hacıyev son etriaz aksiyalarındakı mənzərəni şərh edərkən bildirib.

Polislərin rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə etmələrinin camaatda xof, qorxu yaratmaq məqsədi daşıdığını deyən M.Hacıyevin sözlərinə görə, aksiyalarda kütləvi ixtişaşa meyillilik, hansısa cinayət tərkibli məqam olarsa, həmin vasitələrdən istifadə edilə bilər:
“Başqasının malına əmlakına ziyan vurma, xuliqanlıq əməli kimi hallar olarsa, o zaman rezin güllələrdən, su şırnaqlarından, gözyaşardıcı qazlardan istifadə oluna bilər. Son aksiyalarda biz bunu gördük. İstər Binə Ticarət Mərkəzində, istərsə də əsgər ölümü ilə bağlı aksiyalarda bunun bir daha şahidi olduq”.

“Zərurət olmadan ən son metodlara əl atırlar”

Polkovnikin fikirincə, aksiyaların qarşısının alınmasında müəyyən xaotik meyl nəzərə çarpır. “Təəssüf olsun ki, bizdə polisin aksiyalara qarşı fəaliyyətinə hərc-mərclik var. Polis belə vasitələrdən istifadə etməklə camaatda qorxu, xof yaratmağa çalışır. Belə hesab edirlər ki, bu gün gənclər aksiya edirlərsə, sabah da ticarətçilər, birigün də müəllimlər, həkimlər çıxa bilər. Xofu, qorxunu yaratmaq xatirinə çox vaxt zərurət olmadan belə, ən son metodlara əl atırlar”.

Keçmiş polis polkovniki onu da bildirdi ki, əslində polisin daxili təlimatı, hüquqi normativ sənədləri var ki, həmin təlimata uyğun hərəkət etməlidir. Onun sözlərinə görə, aksiyalara qarşı polis də uyğun olaraq davranmalıdır:

“Bu o demək deyil ki, polis mütləq vəzifə səlahiyyətlərini aşmalıdır. Aksiyanı keçirən vətəndaşlar tərəfindən real təhlükə varsa, hansısa cinayət tərkibli fəaliyyət varsa, rezin güllələrdən, gözyaşardıcı qazdan, su şırnağından istifadə oluna bilər. Halbuki, bizdə real təhlükə olmadığı halda belə, polis bu vasitələrə əl atır. Təbii ki, polis qanunauyğun hərəkət etmir”.

“Xüsusi müfəttişlər bu məsələni yoxlamalıdır”

“Vaxtilə sovetlər dönəmində xüsusi müfəttişlik var idi ki, polisin nöqsanlı hərəkətlərinə qarşı elə fəaliyyət göstərirdi ki, o zaman polisin vəzifəli zabitindən tutmuş, sıravi əməkdaşına qədər hamısı həmin bölmədən qorxurdu. İndi bölmə böyük baş idarə olub. Həmin baş idarə də onu etməlidir. Təhqiqat idarəsi polisin qeyri-qanuni hərəkətlərinə qarşı daxili xidməti təhqiqat aparır və polis rəhbərliyinə məlumat verir, müəyyən materiallar toplayır. Lazım bilirsə, həmin materialları prokurorluğa göndərir. İndi görün həmin idarə öz fəaliyyətini qanunauyğun olaraq tənzimləyirmi? Çox təəssüf ki, yox”.

“Polisi vəzifəsindən sui-istifadə etdiyinə görə həbs edə bilərlər”

Mahmud Hacıyev onu da bildirib ki, aksiyalarda vəzifə cinayətlərinin əlamətləri olarsa, həmin idarə materialları prokurorluq orqanlarına göndərir. Onun sözlərinə görə, ola bilər ki, idarə özü də hər hansısa tədbir görsün. Belə olan halda tədbir inzibati qaydada görülür.
”Orada rəy yazılır, həmin rəyi nazir təsdiq edir. Bundan sonra isə həmin şəxsə inzibati qaydada cəza verilir”. Keçmiş polis polkovnikinin dediyinə görə, həmin polis işçisinə qarşı “xidməti işinə tam yararsızdır”, şiddətli töhmət, rütbəsini aşağı salmaq, daxili işlər orqanlarından xaric etmək kimi cəzalar müəyyən olunur. Aksiyada cinayət tərkibli faktlar varsa, materiallar prokurorluq orqanlarına göndərilir. Belə olan halda isə ən son nəticədə hətta polis işçisi vəzifəsindən sui-istifadə etdiyinə görə, dəmir barmaqlıqlar arxasına düşə bilər.

Qeyd edək ki, son günlərdə etiraz aksiyaların qarşısının alınması üçün polis ilk dəfə olaraq rezin güllələrdən və gözyaşardıcı qazdan aktiv şəkildə istifadə etməyə başlayıb. Binə Ticarət Mərkəzində və bu günlərdə İsmayıllı rayonunda keçirilən aksiyalarda rezin güllərdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə olunub.

Gültəkin ƏLƏSGƏR/Modern.az
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed