Şrift:
"Daşaltı uğursuzluğu"nun 21-ci ili tamam oldu
26.01.2013 [12:31] - Hərb
Bu gün Azərbaycan ordusunun ilk uğursuz əməliyyatı - yaddaşlarda qalan “Daşaltı əməliyyatı”ndan 21 il ötür. 1992-ci il yanvarın 26-da keçirilən hərbi əməliyyat zamanı Azərbaycan Ordusunun itkiləri çox olsa da, əsgərlərimiz son ana qədər vuruşublar.

1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu var idi. Kərkicahan işğal olunandan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Yeganə Laçın yolu qalırdı ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayırdılar. Ermənilərin hücumlarının qarşısını almaq üçün Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb.
Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb.

“Daşaltı əməliyyat”ı uğursuzluqla nəticələnib. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılmaqdadır. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Uğursuz Daşaltı əməliyyatında təxminən 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var. Qeyd edək ki, sözügedən əməliyyatda iştirak edənlərin hamısı könüllülər idi. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə olay yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed