Şrift:
Ölən erməni əsgərlərinin anaları Sərkisyana etiraz edirlər.
28.01.2013 [12:32] - Xəbərlər, Siyasət
“Həftəyə iki əsgər meyiti gəlir, 18-19 yaşlı uşaqları öldürüb necə cəzasız qalmaq olar?..”

İşğal altındakı Azərbaycan ərazilərində xidmət keçərkən öldürülən erməni əsgərlərin anaları İrəvanda prezident Serj Sərkisyanın darvazasından əl çəkmirlər. Epress.am saytının xəbərinə görə, ötən şənbə günü Sərkisyanın iqamətgahı qarşısında əsgər analarının növbəti aksiyası keçirilib və onlar tələb ediblər ki, övladlarının ölümünə görə məsuliyyət daşıyanlar cəzalandırılsın.

Qeyd edək ki, Azərbaycan ordusunda olduğu kimi, Ermənistan ordusunda da “dedovşina”, zorakılıq və digər əməllər nəticəsində müntəzəm olaraq əsgər ölümləri baş verir. Bu faktların əksəriyyəti Qarabağdakı erməni hərbi hissələrində qeydə alınır. Yanvar ayında orduya yeni çağırılmış iki erməni əsgərini rəsmi açıqlamalarda deyildiyinə görə, xəstəliklərdən öldüyü məlumdur. Onlardan biri Ermənistandan Qarabağa gətirilərkən yolda vəziyyəti pisləşib və Xocalı hospitalında ölüb. Əsgərin atası deyir ki, oğlunu yüksək qızdırmaya baxmayaraq buz kimi soyuq anbarda işləməyə məcbur ediblər.

Sərkisyanın iqamətgahının qarşısına toplaşan aksiya iştirakçıları deyiblər ki, onların məqsədi ali baş komandanı erməni ordusunun yaranmasının 21 illiyi münasibətilə “təbrik etməkdir”. Aksiya iştirakçılarının dediyinə görə, Ermənistanın baş prokuroru Qevorq Kostanyan onları qəbul edəcəyinə söz versə də, aldadıb. Nəticədə onlar Sərkisyanın iqamətgahının qarşısına toplaşmağa qərar veriblər. Polislər aksiya iştirakçılarını prezident iqamətgahının darvazasından kənara çəkilməyə və aksiyanı orada davam etdirməyə çağırıblar. Lakin əsgər anaları bu çağırışa məhəl qoymayıblar. “Qoy Sərkisyan çıxsın, cavab versin, onda gedərik”, - deyə aksiyaçılar polisə cavab verib.

Oğlu 2010-cu ildə Qarabağda ölən əsgərin anası İrina Qazaryanın dediklərindən: “Nə qədər olar axı? Biz uşaqlarımızı orduya göndəririk ki, öldürsünlər? Kimin üçün göndəririk? Serj üçün? İndi o, təkrar namizədliyini irəli sürüb, bu vaxta kimi elədikləri az idi, indi daha 5 il əsgərlər öləcək?”

Aksiya iştirakçıları deyiblər ki, suallarına cavab almasalar, Sərkisyanın iqamətgahının darvazasından bir addım da kənara çəkilməyəcəklər: “18-19 yaşlı uşaqları öldürüb necə cəzasız qalmaq olar? Qoy Sərkisyan cavab versin görək bu cəzasızlığa son qoymaq üçün hansı məhkəmə-hüquq islahatları aparacaq? Biz ona inandıq, əvəzində nə qazandıq, nə dəyişdi?”

Digər aksiya iştirakçısı isə deyib ki, heç olmasa Sərkisyanı üzbəüz ordu günü münasibətilə təbrik etmək istəyir: “Qoy heç olmasa çıxsın çölə ki, biz onu təbrik edək. O, müdafiə naziri olub, nəhayət, bu adam müharibə keçib, seçki roliklərində əsgər valideynlərinə təşəkkür edir. Bütün bunlar ancaq şoudur.” Əsgər anası Qoar Sərkisyan deyib ki, Sərkisyan əsgər ölümlərinin üstünün açılmasında maraqlı olduğunu və bu məsələdə axıradək qətiyyətli olacağını demişdi.

Qadınları darvazadan kənarlaşdırmaq üçün polislər onları Prezident Administrasiyasının məktublar şöbəsinə aparacaqlarını vəd ediblər. Ancaq əsgər anaları bundan imtina edib. “Qoy etiraf etsinlər ki, prokurorluğa gücləri çatmır, onda biz çəkilərik”, - deyə onlardan biri bildirib.

Əsgər valideynləri Sərkisyanın “Təhlükəsiz Ermənistan” seçki şüarına da etiraz ediblər: “Əsgərləri məhv edərək təhlükəsiz Ermənistan yarada bilməzsən. Ordudan həftədə iki əsgər meyiti gəlir. Bu cür təhlükəsiz ölkə qurmaq olar? Sərhədlərimizi əsgərlərimiz qoruyur. Ermənistanın hansı təhlükəsizliyindən söhbət gedə bilər? Onlar çalışırlar ki, Ermənistanı yer üzündən silsinlər və sonra türklərə hazır yemək kimi təqdim etsinlər. Nə seçkidir, nə seçki kampaniyasıdır? Biz kimi seçməliyik? Qoy mənim uşağımın qatilləri cəzalandırılsın, onda mən hamının əvəzindən gedib Sərkisyana səs verərəm”, - deyə Nana Muradyan adlı aksiya iştirakçısı bildirib.

Qoar Sərkisyan adlı qadın isə deyib ki, onlar əsgər ölümləri ilə bağlı mətbuat konfransı keçirəndə Ermənistan prezidenti komandirlərə medal paylayırdı: “Onların bir çoxu bizim övladlarımızın qatilləridir. Sərkisyan prezidentdir, qoy izah etsin görək qatillərin əlini niyə sıxırdı? Qatillər bizim övladlarımızı öldürmək hesabına Ermənistanın və Sərkisyanın təhlükəsizliyini təmin etmək istəyir?”

Aksiya iştirakçıları deyiblər ki, onların övladları orduda öldürülüb və rəsmi versiyaların heç birinə inanmırlar. Onların sözlərinə görə, saxta versiya əsasında istintaq və məhkəmə aparılır. “Bizim övladlarımızın qatillərini cəzalandırmaq əvəzinə, qatillərə mükafat paylayırlar”, - deyə onlar bildiriblər. Aksiya bir saatdan çox davam edib və iştirakçılar yenidən Sərkisyanın darvazası qarşısına toplaşacaqlarını vəd ediblər.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed