Şrift:
Polşaya geniş tərkibli nümayəndə heyəti gedəcək
28.01.2013 [12:46] - Xəbərlər, Siyasət
Bu il yanvarın 30-dan fevralın 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək.
Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaq.
Elxan Süleymanov bildirib ki, səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir. O, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Varşava ilə yanaşı, həm də Lodz, Zgerj və Unievoy şəhərlərində görüşlər keçirəcəyini qeyd edib. Belə ki, yanvarın 31-də Krakov şəhərində Yaqellon və İqtisadiyyat universitetlərində, o cümlədən Strateji Təlimlər İnstitutunda bu ali təhsil müəssisələrinin rəhbərliyi və müəllim-tələbə heyəti ilə, fevralın 1-də Varşavada Polşanın ali təhsil və elm naziri Barbara Kudritska ilə, Polşa Seyminin spikeri, enerji, xarici işlər, iqtisadiyyat və maliyyə nazirləri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin Polşalı üzvləri, Avropa Kollecinin rektoru və müəllim-tələbə heyəti ilə görüşlər nəzərdə tutulub. Fevralın 2-də isə nümayəndə heyəti Lodz şəhərinə səfər edəcək və burada Lodz şəhərinin rəhbərliyi, eləcə də Lodzda fəaliyyət göstərən dövlət və özəl universitetlərin rektorları ilə görüşlər keçirəcək. Lodza səfər çərçivəsində nümayəndə heyətinin Avropa İnstitutunda AvroNest PA-nın vitse-prezidenti Yaçek Saryuş-Volskinin sədrlik etdiyi Şura ilə görüşü də gözlənilir.
Səfər zamanı təhsil sahəsində əməkdaşlıq, eləsə də müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi məqsədilə Polşanın Lodz Universiteti, Krakov şəhərində yerləşən Yagellon Universiteti və Varşava şəhərində yerləşən Avropa Kolleci ilə Azərbaycanın aparıcı universitetləri, xüsusilə də Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Zgerj və Unievoy şəhərlərində olacaq, şəhər meri Jozef Kaçmarek, region administrasiyasının rəhbəri Vitold Stepien, həmçinin digər rəsmi şəxslərlə görüşəcək. Bu görüşlər zamanı Azərbaycanın Şamaxı və Polşanın Zgerj şəhərləri arasında, həmçinin Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ilə Polşanın Unievoy şəhəri arasında qardaşlaşma imkanları müzakirə olunacaq.
Nümayəndə heyətinə Azərbaycanın təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri — Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Ceyhun Osmanlı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov daxildir.

davam.az
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed