Şrift:
İsmayıllı Rayon İcra Hakimiyyəti son hadisələrlə bağlı məlumat yayıb
30.01.2013 [09:38] - Xəbərlər, Hadisə
İsmayıllı Rayon İcra Hakimiyyəti rayonda baş verən son hadisələrlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il yanvarın 23-də İsmayıllıda baş vermiş insident və bəzi destruktiv qrupların bu hadisəni siyasiləşdirmək, rayonda ictimai-siyasi sabitliyi pozmaq, dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmaq cəhdlərinin qarşısının qətiyyətlə alınması əyani şəkildə təsdiq edib ki, Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi heç vaxt dağıdıcı qüvvələrə meydan verməyəcək.

“Azərbaycanın inkişafından, beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bəzi daxili destruktiv qruplar və xarici anti-Azərbaycan dairələr təəssüf ki, öz təxribatçı fəaliyyətini davam etdirir, müxtəlif vasitələrlə məkrli niyyətlərini reallaşdırmağa çalışırlar. Bu gün Rusiya Federasiyasının və Azərbaycanın bəzi kütləvi informasiya vasitələri guya İsmayıllı rayonunda yaşayan rus əhalinin, konkret olaraq, İvanovka kəndinin sakinlərinin sıxışdırılması, onların hüquqlarının pozulması və s. həqiqətə uyğun olmayan, tam yalan və qərəzli məlumat yayıb.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan xalqı həmişə öz tolerantlığı ilə seçilib, ölkədə mövcud olan birgəyaşayış modeli bütün dünyada nümunə kimi qəbul olunub. Ölkəmizin hər yerində olduğu kimi, İsmayıllı rayonunda da bir sıra xalqların nümayəndələri olduqca mehriban, qarşılıqlı hörmət şəraitində yaşayır, bu günə kimi onlara qarşı hər hansı ayrı-seçkilik halı müşahidə olunmayıb, mövcud problemlərinin həlli üçün zəruri tədbirlər görülüb. Buna görə də müxtəlif maraqlı dairələrin belə dezinformasiyalarla Azərbaycanda və ya onun ayrı-ayrı bölgələrində vəziyyəti gərginləşdirmək, milli ayrı-seçkilik toxumu səpmək cəhdləri heç vaxt baş tutmayacaq”, - deyə məlumatda qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed