Şrift:
Fərəc Quliyev:Gedişat ABŞ-ın şanslarının daha çox olduğunu göstərir
03.05.2023 [09:55] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “ABŞ bu dəfə “oynayıb” masadan nəsə qoparmağa çalışmır, konkret nəticə əldə etmək istəyir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən üçtərəfli görüş başa çatıb.

Bildirilib ki, görüş zamanı regionda təhlükəsizlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb. Ardınca Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb. Rusiya mediası bu görüşə xüsusi diqqət ayırır və maraqlı şərhlər verir. Qeyd olunur ki, əsas müzakirə olunan mövzu Laçın yolunda Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsi və sülh sazişinin detallarından ibarət olub. Artıq Ermənistan ictimai rəyində belə bir fikir var ki, Paşinyan hakimiyyəti bütün reallıqları qəbul edib və Qarabağla vidalaşır. Erməni mediası məlumat yayıb ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiyada da görüşəcəklər. Bu barədə Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı, Avropaya inteqrasiya məsələləri üzrə parlament komissiyasının rəhbəri Arman Yeqoyan keçirdiyi brifinqdə məlumat verib: "Rusiyada da Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü olacaq. Bununla bağlı artıq ilkin razılıq əldə olunub". Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan tərəflərinin Moskva görüşünə razılıq verdiyini açıqlamışdı. Lakin görüşün hansı səviyyədə təşkil olunacağı qeyd olunmamışdı. Vaşinqtonun vasitəçiliyi ilə keçirilən bu görüşdən hansı nəticəni gözləmək olar? Qeyd edək ki, ABŞ son dəfə bu formatda vasitəçiliyə 6 ay əvvəl rəhbərlik edib və ortada hər hansı bir nəticə olmadı. Nəzərə alsaq ki, həm də Rusiya kənar vasitəçilərlə hansısa uğurun əldə olunmasını ciddi qısqanır, onda Vaşinqton görüşünə hansı ümidləri bağlamaq olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, gedişat ABŞ-ın şanslarının daha çox olduğunu göstərir: “Çünki ABŞ hər iki tərəf üçün gerçək sülhün əldə edilməsində maraqlıdır. Təbii ki, bu sülhün əldə olunmasında özünün də maraqları var. İstəyir ki, Rusiyanın bölgədəki nəzarətini zəiflətsin, özünün dayaqlarını artırsın. Hətta çalışır ki, bu iki ölkə bölgənin təhlükəsizliyi ilə bağlı təminat verən layihələrdə birgə iştiraka da nail olsun. Düşünürlər ki, Rusiya meydandan çıxır və bunun fonunda hər iki ölkəni qazanmağa çalışırlar. Hətta ermənilərə izah edirlər ki, Azərbaycanın Qərb və ABŞ-la yaxşı münasibətləri var, hətta enerji təhlükəsizliyində mühüm rol oynayır. İran və Rusiyanın isə daha çox Ermənistan üzərindən hərəkət etməyə üstünlük verdiyini də onlara izah edirlər. Gələcəkdə nələrin gözləndiyini də Ermənistan rəsmisinə detallı izah ediblər. Gözləyirlər ki, Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu konkret şəkildə bəyan etsin. Hətta Qarabağda yaşayan erməni əsilli vətəndaşların iqtisadi rifahının yaxşılaşdırılması ilə bağlı da addımlar ata biləcəklərini deyirlər. Daha real və detallı danışıqlar gedir. Müzakirə tərəflər arasında yaxınlaşma istiqamətində aparılır və bütün aspektlərə toxunulur. Ümidim bunadır ki, ABŞ bu dəfə “oynayıb” masadan nəsə qoparmağa çalışmır, konkret nəticə əldə etmək istəyir. Ermənistan tərəfi görür ki, cəmiyyət radikal addımların atılmasını ondan tələb etmir. Cəmiyyətin rəyini test ediblər. Ona görə də, bundan sonrakı proseslər yumşaq şəkildə gedəcək. İran və Rusiya bu məsələyə mane olmağa çalışacaq. ABŞ bu istiqmaətdə anons da verir ki, İran Türkiyə-Azərbaycan-İsrail yaxınlaşmasından çox narahatdır. Bu iki ölkənin hazırda əllərində olan təzyiq rıçaqları zəifdir. Ermənistan cəmiyyəti də sülh istəyir. Onların son proseslərə reaksiyasından da bu aydın görünür. Türkiyə də zəlzələdən sonra özünə gəlib. Bütün şərtlər xeyrimizə işləyir. ABŞ-ın da marağı var. Ancaq onlar sülhün üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Bizə bu daha çox sərf edir. Onların regional maraqları ilə bizim dövlətçilik maraqlarımız üst-üstə düşür”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed