Şrift:
Rusiyanın Azərbaycana yenidən sahib olmasını hədəfləyən üç planı
30.01.2013 [10:16] - Gündəm, DAVAMın yazıları
Rusiyanın Cənubi Qafqaza, o cümlədən Azərbaycana yenidən sahib olmasını hədəfləyən üç planı.



Rusiya bizim tarixi düşmənlərimizdən biridir desəm, yəqin ki, bu fikrimi normal qarşılayarsız. Şimal qonşumuz hər zaman bizim təbii sərvətlərimizə və torpağımıza göz dikib, bizləri istismar etməyə çalışıb. Dövlətimizin təbii sərvəti olan neft, son dövrlərdə strateji sərvət kimi də olduqca qiymətlidir. Avropa Rusiya neftinə və qazına olan ehtiyacını Azərbaycanın təbii sərvətləri hesabına azaltmağa çalışdıqca, Rusiyanın ölkəmizə olan qəzəbi daha da artır. Bu, açıq aşkar görünməkdədir. Putinin Avropa İttifaqında olduğu kimi keçmiş sovetlər məkanında gömrük rejimini aradan qaldırma planı da ölkəmizə marağı daha da artırır. Bunun nəticəsidir ki, Rusiyada əllərində sanballı biznesi olan və siyasi elitada əlaqələrə malik iş adamları ilə əməkdaşlıq etmək maraqları meydana gəlib. Beləliklə də Putin Azərbaycanda hakimiyyət dəyişikliyi planını işə salmağa hazırlaşır. Buna zəmin yaratmaq üçün Rusiyadan son vaxtlar azərbaycanlıların deportasiyası halları daha da artıb. Ölkəmizdə də Rusiya ilə bağlı ciddi narahatlıqlar hökm sürür. Bunun nəticəsi olaraq, son zamanlar şimal bölgələrimizdə insidentlər tez-tez yaşanır, kütlənin kəskin etirazına səbəb olan hadisələrə rast gəlirik. Rusiyaya meylli qüvvələrin və müxalifətin aktiv fəaliyyəti də buna misal ola bilər. Bu proseslər mənə Rusiyanın xüsusi institutları tərəfindən hazırlanmış, ölkəmizdə vətəndaş müharibəsi abu-havası yaratmaq və hakimiyyətə öz kadrlarını yerləşdirmək cəhdi kimi görünür. Ancaq Azərbaycan nə Suriyadır, nə də digər ərəb dövlətləridir. Azərbaycan artıq dünyanın həm iqtisadi, həm siyasi, həm də strateji marağında olan bir dövlətdir. Bu dövlətin daxilində baş verən istənilən proses Avropanın və ABŞ-ın birbaşa maraq dairəsindədir. Elə bu səbəbdən də Rusiyanın bu planının həyata keçməsi elə Putinin arzusu olaraq da qalacaq.

Rusiyanın ikinci planı isə Xankəndində yerləşən hava limanının işə salınmasıdır. Bu məsələni qardaş Türkiyənin Suriya ilə oyuna gətirilməsinə də bənzətmək olar. Bu məsələdə Rusiya maraqlı tərəf idi, çünki Suriya ordusunda istifadə olunan silahların əksəriyyəti Rusiya istehsalı idi. Rusiya Türkiyəni Suriya ilə müharibəyə təhrik etməklə Türkiyənin bölgədəki nüfuzunu və hərbi gücünü zəiflətməyə can atırdı. Ancaq bu plan iflas etdi. Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşən hava limanı Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə olunur. 2009–2012-ci illərdə əsaslı təmir olunub beynəlxalq hava limanı şəklində istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istifadəyə hələ ki, imkan vermir. Bu səbəbdən hava limanı BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik deyil. Ancaq Rusiyanın səyləri nəticəsində Xankəndində açılan hava limanından uçuşlar həyata keçirilə bilər. Uçuşların həyata keçirilməsində Rusiya maraqlı tərəfdir, belə ki, hava limanından hərəkət edəcək istənilən hava gəmisi Azərbaycanın hava məkanını pozmuş olur, hava hücumundan müdafiə qoşunlarımız isə verilən əmrlər yerinə yetirilmədiyi təqdirdə hava gəmisini vurmalıdır. Bu da Ermənistanla (Rusiya) Azərbaycan arasında yeni müharibənin başlaması deməkdir, münaqişə ocağı isə bu bölgə üçün labüd deyil.

Rusiyanın üçüncü planına gəlincə, Rusiya əhəmiyyətli bir enerji mərkəzi olan və iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanda öz təsir dairəsini genişləndirməyə calışır. Rusiyanın müəyyən dairələri çox istəyərdi ki, Azərbaycanın, ümumilikdə Xəzər hövzəsi ölkələrinin enerji ehtiyatları onun ərazisindən dünya bazarına çıxarılsın. Rusiya bir şeyi unudur ki, onun Azərbaycan torpaqlarını işğal edən Ermənistanla strateji müttəfiq olması, əlbəttə ki, məsələyə müəyyən çalarlar qatır. Qarabağ münaqişəsinin nizama salınmaması Qafqaz regionundakı digər analoji münaqişələrə mənfi təsir göstərir, çünki bu münaqişələrin əksəriyyəti millətlərarası və etnik xarakter daşıyır. Rusiya bunu çox gözəl anlayır. Rusiya regionda “idarəolunan qeyri-sabitliyi” qoruyub saxlamaqda maraqlı olan ölkələrdən biri, bəlkə də birincisidir. Lakin o unudur ki, “idarəolunan qeyri-sabitliklər” və ya münaqişələr nəzəriyyəsi çox təhlükəli oyuna bənzəyir. Axı istənilən qeyri-sabitlik və ya münaqişə də tezliklə yayılır və onu idarə etmək heç də həmişə mümkün olmur. Rusiyanın tərkibində yaşayan türk toplumlarını nəzərə alsaq, Rusiya Qafqazda o cümlədən Azərbaycanda, “idarəolunan qeyri-sabitliklər” –i planlı şəkildə davam etdirməyə çalışarsa, bu, Rusiyanın özünün süqutuna və parçalanmasıma, ərazisində yeni müstəqil dövlətlərin yaranmasına səbəb ola bilər. Rusiyanın özünün də etnik münaqişələrdən sığortalanmadığına əmin olmaq üçün yaxın keçmişimizə nəzər salsaq, kifayət edər. 1990-cu illərin əvvəllərində Şimali Qafqazda çeçen üsyanından başqa “özünütəyinetmə, hətta ayrılma” ideyalarına istinad edən digər etnik hərəkatlar da var idi. Bu arada Qafqaz xalqları təkcə Rusiyadan deyil, bu və ya digər etnik qrupların nümayəndələrinin də daxil olduğu respublikalardan da ayrılma layihələrini irəli sürürdülər. Maraqlıdır ki, 1991-ci ildə təkcə Qaraçay-Çərkəz ərazisində 5 respublika (Qaraçay Respublikası, Çərkəz Respublikası, Abaza Respublikası, Batalpaşin Kazak Respublikası, Zelençuk-Urup Kazak Respublikası) elan olunmuşdur. Rusiya Federasiyasının Şimali Qafqazda başqa subyektləri də var. Və nəhayət, region ölkələrinin özləri də aralarındakı münaqişələrin həllində maraqlı olmalıdırlar. Silahlı münaqişələr bu günədək çoxsaylı insan tələfatına, maddi itkilərə, iqtisadi tənəzzülə, yüz minlərlə insanların qaçqın və məcburi köçkün olmasına və digər faciələrə səbəb olmuşdur. Azərbaycanın da bu tipli problemləri həll etməyə həm iqtisadi, həm hərbi, həm də ki, maddi imkanları var.
“İşğala və Təcavüzə Yox” Gənclər Təşkilatının rəhbəri,
Nahid Aslansoy
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed