Şrift:
İnqilabın olacağı gün dəqiqləşdi...
30.01.2013 [14:11] - Siyasət
Bu yazımda sənin üçün bir cavabım olsun!

İnqilabın olacağı gün dəqiqləşdi...
Mənə bəlli deyil, kimə bəlli olduğu da bəlli deyil...
Düzü bu yazını yazmaqdan qabaq yazacağım mövzu tam başqa idi. Sadəcə, sənin də bildiyin son hadisələr məni indi oxuyacağın mövzuya istiqamətləndirdi. Bölgələrdə baş verən kütlə narazılığı bir çox insanlarda inqilab yaxınlaşırmı və buna bənzər başqa suallar yaradıb artıq. Yadımdadır, aprel aksiyalarından sonra dəfələrlə “ inqilaba 6 ay – 3 ay – 5 ay – çox az qalıb ” fikirlərini tez-tez eşidirdim. Ancaq üstündən 2 il keçib, hələ də bu inqilab nə olan bir məfhumdur, hələ də bilməmişəm. Mövzuya aidiyyatı olmasa da, küçədə inqilabın olmasına münasibətim o qədər də yaxşı deyil. Çünki beyinlərdə inqilab olmadan küçələrdə baş verəcək inqilab çox dağıdıcı olacaq. Sözüm ondadır ki, bir az araşdırdım, fərqli-fərqli fikirlər öyrənməyə başladım, axı, bu hakimiyyət nə zaman çökər, inqilab nə zaman baş verər? Və sənin üçün də maraqlı olacaq bir cavab tapmışam. Səni qısa zamanlıq olsa da, Osmanlıya, Sultan Süleymanın dövrünə aparmaq istəyirəm, izninlə...
Lətifəsi bizim hakimiyyət rəhbərlərindən uzaq, Osmanlının möhtəşəm zamanlarında Sultan Süleyman dövlətin aqibətini düşünür və özünə sual verir ki, “Günlərin birində Osmanlı çökərmi?”. Süleyman onu maraqlandıran və cavabını çətin tapdığı sualları çox zaman süd qardaşı məşhur alim Yəhya Əfəndidən soruşarmış. Onu çox narahat edən bu sualı da ondan soruşmaq qərarına gəlir və ona məktub yazır.
Məktubda bunlar yazılır: “Sən ilahi sirlərdən xəbərdarsan. Bizi də məlumatlandır. Bir dövlət nə zaman çökər?” Osmanoğullarının aqibəti necə olar? Bir gün məğlubiyyətə uğrayarmı?
Məktubu oxuyan Yəhya Əfəndinin cavabı çox qısa və çaşdırıcı olur: “Nəyimə lazımdır ki, Sultanım!”
Topqapı sarayında bu cavabı heyrətlə oxuyan Sultan Süleyman bu fikri anlaya bilmir. “Görəsən, bu cavabda bizim bilmədiyimiz bir məna varmı?” deyə düşünür. Nəhayət, Yəhya Əfəndinin yanına gəlir və deyir:
- Nə olar, məktubuma cavab ver, ciddi qəbul et.
Yahya Əfəndi:
- Sultanım, sizin sualınızı ciddiyə almamaq olarmı? Mən sualınızı yaxşıca düşündüm və qənaətimi sizə açıq şəkildə yazdım.
Sultan:
- Yaxşı, amma mən bu cavabdan bir şey anlamadım. Yalnız “Nəyimə lazımdır ki, Sultanım!” yazmısınız. Sanki məni belə işlərə qatmayın, demək istəyirsiniz.
Yahya Əfəndi bu cavabdan sonra aşağıdakı fikirləri söyləyir:
- Sultanım! Bir dövlətdə zülm, haqsızlıq olsa, bunu görənlər və eşidənlər “nəyimə lazımdır” deyib uzaqlaşsalar, sonra qoyunları qurdlar deyil çobanlar yesə, bilənlər də bunu söyləməyib sussa, kasıbların, yoxsulların, möhtacların, kimsəsiszlərin fəryadı göylərə çıxsa da, bunu da daşlardan başqa kimsə eşitməsə, bax o zaman dövlətin sonu görünər...Bunları dinləyərkən ağlayan sultan deyilənləri başını tərpədərək təsdiqləyir. Sonra da Allaha onu vaxtında xəbərdar edən bir alimi olduğu üçün şükr edir.
Bu real hekayə əslində bizim cəmiyyətdəki reallıqlarla uzlaşır desəm, yanılmaram. Mirzə Ələkbər Sabirin Hophopnamə əsərində də deyildiyi kimi:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Bu yazımda sənin üçün bir cavabım olsun!
Atilla Cavid
/azadmekan.org/
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed