Şrift:
F.Quliyev:İlk turda da göründü ki, iqtidar seçkilərə kifayət qədər yaxşı hazırlaşmışdı
22.05.2023 [15:28] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Fikrimcə, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda birinci turda olduğu kimi aktivlik müşahidə olunmayacaq”.

Bu sözləri Yenisabah.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin sabiq deputatı Fərəc Quliyev deyib.

O, Türkiyədə mayın 28-də keçiriləcək olan prezident seçkilərin ikinci turu ilə bağlı fikirlərini bölüşüb.

F.Quliyevə görə, ilk turda da göründü ki, iqtidar seçkilərə kifayət qədər yaxşı hazırlaşmışdı:

“Türkiyə insanı da bu məsələlərdə səthi görünən təbliğat vasitələrinə inanmadı, tənqidlərə aldanmadı və s. Zəlzələ bölgəsində belə iqtidar partiyası uddu. Yaxud ən prinsipial bölgələrdə də hakim AKP öndə oldu.

İkinci turda aktivlik ona görə də zəif olacaq ki, ilk turda həm də parlament seçkiləri keçirildi. Hər bir deputatlığa namizəd çağırış etdi və onların elektoratı da parlamentin formalaşmasına səs verdilər. İndi isə parlament seçimləri bitib. Ona görə də təkcə Kılıçdaroğlu və Ərdoğan arasında seçim məsələsi qalıb”.

MDHP sədri xatırladıb ki, parlamentdə üstünlüyü də iqtidar partiyası götürdü:


“Bu, həm də xüsusi bir yoxlama idi. Hesab edirəm ki, ikinci turda çox rahatlıqla və böyük üstünlüklə cənab Ərdoğanın qalib gəlməsi gözlənilir.

Burada həm də müəyyən məsələlərə aydınlıq gətirildi. Məsələn, hansı partiyanın, yaxud hansı liderin seçimi nədən ibarətdir məsələlərinə müəyyən qədər yer ayrılsın”.

Onun fikrincə, parlament seçkilərində müxalifət məğlub olmasına görə seçicilərin böyük əksəriyyəti heç seçkilərə gəlməyəcək:

“Çünki ruh düşkünlüyü var. İkinci isə məsələ kifayət qədər aydın olduğu üçün Sinan Oğanın, eləcə də Muharrem İncenin elektoratları növbəti turda cənab Ərdoğana səs verəcəklər. Ona görə də iqtidarın burada qalib gəlməsində şübhə yaranmır”.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed