Şrift:
Fərəc Quliyev:İmzalanacaq sənədin adının o qədər də əhəmiyyəti yoxdur
26.05.2023 [12:59] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Artıq Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekunu olaraq imzalanacaq sənədin adı “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş kimi təqdim edilir. Biz bu ada tez-tez rəsmi bəyanatlarda da rast gəlirik.

Ola bilər ki, sənədin adı sonra dəyişəcək. Amma indiki məqamda sual yaranır: sülhü özündə ehtiva edəcək sənədin adı necə olmalıdır və bu adda sənəd prosesi tənzimləyə biləcəkmi?

Fərəc Quliyev: “... Fərqli sahələr üzrə normallaşmanı özündə cəmləyəcək”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, imzalanacaq sənədin adının o qədər də əhəmiyyəti yoxdur: “Əsas niyyətdir. Əgər niyyət barışıq və münasibıtləri qaydaya salmaqdırsa, sonu yaxşı olacaq. Yox, niyyət baş aldatmaqdırsa, onda nəticə də olmayacaq. Ermənistan Rusiyaya nökərçilik göstərməkdə davam edəcəksə, təxribat törədəcəksə, nə qədər yaxşı ad olsa da, nəticə yaxşı olmayacaq. İndiki vəziyyətdə Ermənistanın başqa bir çıxış yolu qalmayıb. Əslində Rusiya tərəfləri Moskvaya çağırmaqla prosesə faydadan çox ziyan verir. Bir sözlə, sülhə mane olmağa çalışır. Erməni separatçıları öz hərbi təlimlərini Rusiya sülhməramlılarının gözü qarşısında keçirir. Ermənistan bu cür davam edəcəksə, ad nə olsa belə vəziyyət stabilləşməyəcək.

Yox, Ermənistan öz gələcəyini barışıqda, kommunikasiyaların açılmasında, Türkiyə ilə münasibətlərin normallaşmasında görürsə, sənədin hansı ad altında olması mühüm deyil. Zaman və şərtlər elə dəyişir ki, Ermənistanın bundan sonra vaxt qazanmağa şansı olmayacaq. Nə də ruslar ona havadarlıq edə biləcək. Çünki həm Ukraynada vəziyyət pisləşib, həm də Azərbaycanın buna səbri çatmayacaq. Separatçıların son təlimindən sonra Azərbaycan anti-terror əməliyyatı, ya da pasport rejimi yoxlaması həyata keçirə bilər. Nə adla olsa da, həmin sazişdə Qarabağdan söhbət gedə bilməz. Çünki Qarabağ bizim daxili işimizdir. Sadəcə, müharibədən sonra münasibətlərin tənzimlənməsinə ehtiyac var. Çünki bu münasibətlər pozulub. Bu səbəbdən də sənədin adının belə olması təəccüblü deyil. Çünki fərqli sahələr üzrə normallaşmanı özündə cəmləyəcək”.

Məhəmmədəli QƏRİBLİ\baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed