Şrift:
Ermənilərin azərbaycanlı əsir və girovları gizlətməsi faktları açıqlanıb - STATİSTİKA
31.01.2013 [11:51] - Xəbərlər, Siyasət
Yanvarın 30-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ATƏT-in, Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Dövlət Komissiyasının fəaliyyətini əks etdirən fotostendlə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.

Baş nazirin müavini Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının yaradılmasının 20 illiyi münasibətilə təbrik məktubunu oxuyub.

Dövlət Komissiyasının sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və onun İşçi qrupuna göstərilən yüksək etimada və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət Komissiyasının sədri deyib ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmayıb. Bu səbəbdən qurbanların sayı artır.

Dövlət Komissiyasının katibi Şahin Sayılov qurumun 20 illik fəaliyyəti barədə məruzəsində qeyd edib ki, münaqişə qızışdıqca qurbanlar artır.
Erməni əsirliyində insanlara qarşı əsl soyqırımı siyasətinin həyata keçirildiyini bildirən məruzəçi deyib ki, yüzlərlə həmvətənimiz öldürülüb, dəhşətli əzab və işgəncələrə məruz qalaraq şikəst edilib.

”Son illər apardığımız araşdırmalar nəticəsində əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunmuşdur.
Hazırda BQXK-nın rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyulun 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Fərəcov Firuz Mirzə oğludur. Erməni tərəfinin bildirdiyinə görə, guya Fərəcov Vətənə qayıtmaqdan imtina edir. Ümumiyyətlə, azərbaycanlı əsirlərin qayıtdıqdan sonra repressiyalara, təzyiqlərə məruz qalması, incidilməsi, cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar Vətənə qayıtmaqdan imtina etmələri barədə ermənilər tərəfindən xeyli böhtan xarakterli məlumatlar yayılmışdır. Bu iftiraların ortaya atılmasının əsas səbəblərinin ictimaiyyətə çatdırılması, mahiyyətinin açıqlanması Dövlət Komissiyasının vacib vəzifələrindən biri olmuş, bunların erməni tərəfinin siyasi oyunu olduğu, təxribat xarakteri daşıdığı dəfələrlə bəyan edilmişdir. Əsirlərimiz saxlanma yerlərində mənəvi-psixoloji təzyiqlərə, guya Vətənə qayıtdıqda həbs olunacaqları, incidiləcəkləri barədə yalan və böhtanlara məruz qalmışlar.
Əslində, əsirlikdən azad olunmuş 1042 vətəndaşımızdan cəmi 31 nəfəri heç də əsir düşdüklərinə görə deyil, məhz konkret cinayət əməllərinə görə məhkum olunmuşdur”.

Ş.Sayılov deyib ki, 1994-cü il iyulun 3-də Bakı metropoliteninin sərnişin qatarında xeyli insan tələfatı ilə nəticələnmiş partlayış törədən əsirlikdə məxfi əməkdaşlığa cəlb edilmiş vətən xaini Azər Aslanov, erməni əsirliyində olarkən öz həmvətənlərinə işgəncələr verən, onları alçaldan İlham Qurbanov, “ağ bayraq” qaldıraraq əlində silah düşmənə könüllü təslim olmuş, satqınlıq etmiş Nizaməddin Bayramov və başqaları bu qəbildəndir. Çoxsaylı faktlar göstərir ki, erməni xüsusi xidmət orqanları Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyətində azərbaycanlı əsir və girovlardan fəal istifadə edir, onlar vasitəsilə terror və digər düşmənçilik əməllərini həyata keçirirlər. Belə ki, 107 nəfərin erməni əsirliyində olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilib. Onların böyük əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmayıb.

Ş.Sayılov deyib ki, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılıb. Onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanmış və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilib.
Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir.


”Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 147 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanmış və qeydiyyata götürülmüşdür.
İtkin düşmüş 4031 nəfərdən 877 nəfərinin, o cümlədən 22 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, lakin ermənilərin bunu gizlətməsi barədə Dövlət Komissiyasında konkret faktlar vardır. Erməni əsirliyindən azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmiş, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilmişdir. Dəlil-sübutlara baxmayaraq, erməni tərəfi bu şəxslərin onlara əsir düşməsi faktını yenə də inkar edir”.

Tədbirdə bildirilib ki, Dövlət Komissiyasının səyləri nəticəsində 2004-2012-ci illər ərzində əsir və girov götürülmüş 22 nəfər BQXK-nın vasitəçiliyi ilə azad edilib. Bundan başqa, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər Dövlət Komissiyasının siyahısına düşməmiş 54 nəfərin əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınıb. Bu müddətdə, həmçinin Azərbaycan ərazisində saxlanılmış 21 erməni və 1 meyit də qarşı tərəfə qaytarılıb.

Komissiya 2004-cü ildən ötən müddət ərzində həlak olaraq düşmən nəzarətində qalmış 3 hərbçinin və 2 mülki şəxsin meyitini alaraq yaxınlarına təhvil verib.
Böyük ictimai rezonans doğurmuş hadisə 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət Ermənistan tərəfindən qaytarılmaması olub. Onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi isə daha çox narahatlıq yaratmışdır. Bu faktlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.
Bu hadisələr baş verən andan məsələ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olub və şəhid hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin alınması baş tutub.

Azərbaycan Respublikasının Dövlət Komissiyası itkin düşdüyü bildirilən və BQXK tərəfindən siyahısı təqdim olunan 416 erməninin də axtarışını diqqət mərkəzində saxlayır. Bu şəxslərdən 211 nəfəri Dağlıq Qarabağ bölgəsində yaşamış Azərbaycan Respublikasının vətəndaşları olmuşdur. Araşdırmalar zamanı onlardan 27 nəfərinin, ümumiyyətlə, münaqişəyə aid olmadığı və hərbi əməliyyatların getdiyi Azərbaycan Respublikasının ərazisində itkin düşmədiyi, 25 nəfər Ermənistanda, 2 nəfər isə Gürcüstanda aşkarlanıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, hələ də Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində insanlarımız həlak olur, əsir və girov götürülür.
”Odur ki, Dövlət Komissiyasının fəaliyyəti önəmlidir və onun məqsədyönlü surətdə davam etdirilməsi zəruridir”.

Daha sonra Dövlət Komissiyası tərəfindən ötən il görülmüş işlərin yekunlarına dair İşçi qrupunun rəhbəri Firudin Sadıqov çıxış edib.

O, bildidib ki, 2012-ci il dekabrın 1-nə olan məlumata görə, 4031 nəfər itkin düşmüş, 1402 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
İşçi qrupunun rəhbəri demişdir ki, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 33 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 125 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 606 nəfər barədə 961 sorğu göndərilib. 1567 itkin barədə toplanmış əlavə məlumat və materiallar onların işlərinə əlavə olunub.

Sonra məruzələr ətrafında müzakirələrdə Komissiyanın üzvləri Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Xələf Xələfov və İsmayıl Ömərov çıxış edərək 20 yaşı tamam olan, ağır və eyni zamanda, şərəfli bir missiyanı həyata keçirən bu qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.

İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Tədbirin sonunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş “Tarixi humanitar missiya” sənədli filmi nümayiş edilib.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed