Şrift:
Amnesty International» və «Human Rights Watch»dan İrana çağırış
31.01.2013 [16:57] - Güney Azərbaycan xəbərləri, Siyasət
«Human Rights Watch» beynəlxalq insan haqları təşkilatı bəyanat yayaraq İranda son günlər tutulan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib. «Human Rights Watch»un Orta Şərq üzrə rəhbəri Sara Li Vitson jurnalistlərə açıqlamasında deyib ki, İran Məhkəmə Sistemi ya tutulan jurnalistlərə qarşı irəli sürülən ittihamları möhkəm dəlil-sübutlarla ortaya qoymalı, ya da onları dərhal azad buraxmalıdır. Sara Li Vitson əlavə edib ki, prokurorlar jurnalistlərin xarici ölkələrin mediası və ya hansısa müxalif siyasi bir cərəyanla əlaqə saxlamasının hansı dəlillərə görə cinayət sayılması haqda izahat verməyiblər: «İran hakimiyyəti bu kimi əməlləri ilə bu ilin iyununda ölkədə keçiriləcək prezident seçkisi ərəfəsində jurnalistləri qorxutmaqla onları susdurmağa çalışır».
Eyni zamanda «Amnesty International» (Beynəlxalq Əfv Təşkilatı) da İrandan həbs edilən jurnalistlərin azadlığa buraxılmasını tələb edib. «Amnesty International»ın direktor müavini Ann Harrison açıqlamasında bildirib ki, İranda son jurnalist həbsləri ölkədə prezident seçkiləri qabağı jurnalist və bloggerləri susdurmaq üçün repressiya kampaniyasının bir mərhələsidir.
Xatırladaq ki, «Ettelaat» əməkdaşları yanvarın 27-də «Etimad», «Bahar», Şərq», «Arman» qəzetlərinin, «Asiman» həftəlik nəşrinin, eləcə də İLNA xəbər agentliyinin redaksiyalarına qəfil hücuma keçərək yoxlama aparmağa başlayıblar. Yoxlamalardan sonra həmin redaksiyalarda işləyən 10 jurnalist (Əli Əkbər Müntəcəbi, Cavad Dəliri, Sasan Ağayi, Nəsrin Təxəyyüri, Mütəhhirə Şəfiyi, Nərgiz Cudəki, Emili Əmrai, Puriya Aləmi, Pejman Musəvi və Səba Azərpeyk) tutularaq bilinməz istiqamətə aparılıb. Jurnalistlərin kompüterləri, CD-ləri, əlyazmaları və bir sıra şəxsi əşyaları götürülüb. «Ettellat» əməkdaşlarının yanvarın 26-da tutduğu jurnalistlər isə Süleyman Məhəmmədi və Milad Fədai Əsl, yanvarın 28-də isə tutduğu jurnalistlər Hüseyn Yağçı və Keyvan Mehreqandır. Tutulan jurnalistlərdən yalnız Mütəhhirə Şəfiyi iki gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Saxlanılan jurnalistlər xaricdə fəaliyyət göstərən əksinqilabçı mövqeli farsdilli media ilə əməkdaşlıqda təqsirləndirilir.

İran «Koroğlu»ya da iddialıdır

Sənubər Bağırova: «Farslar «Koroğlu»nu heç vaxt özlərinki kimi YUNESKO-dan keçirə bilməzlər»

Tar musiqi alətini özününkü kimi YUNESKO-da qeydə aldıracağını deyən İran növbəti sevdaya düşüb. Farslar bu dəfə də «Koroğlu»nu istəyir. Belə ki, İran mətbuatında 21 qoldan ibarət olan «Koroğlu»nu ölkənin milli-mədəni irs nümunəsi kimi İslami İrşad və Mədəniyyət Nazirliyində qeydə alındığı yazılıb. Xəbərdə bildirilib ki, «Koroğlu»nun İranın milli-mədəni irs nümunəsi olması ilə bağlı YUNESKO-ya müraciət hazırlanır. Azərbaycanın YUNESKO üzrə eksperti Sənubər Bağırova isə AzNews.az-a açıqlamasında xaric ölkələrin alimlərinin uzun müddətdir bu təhqiqatla məşğul olduğunu bildirdi: «ABŞ-da tanıdığım bir amerikalı və bir fars əsilli xanım alim var. Hansı ki, bu alim İrandan çıxıb və hazırda ABŞ-da yaşayır. Onlar uzun zamandır «Koroğlu»nun təhqiqatını aparırlar. Onlar «Koroğlu»nu həm nota, həm də qələmə almışdılar. Farslar nəyi nəzərdə tutub bu dastanı özününküləşdirməyə cəhd edirlər? Bu, dastanda İran ərazisindən bəhs olunmasından irəli gəlir? Halbuki bu, geniş bir coğrafiyada yayılan xalqlarda mümkün olan şeydir. Amma bu o demək deyil ki, farslar iddia etməklə «Koroğlu»nun onların olmasına nail olacaqlar. «Koroğlu» təkcə farslarda deyil, türkmənlərdə, Orta Asiyada da var. Bu dastan İran-Turan ərazilərində geniş yayılıb. Bu səbəbdən Orta Asiyadan da kimsə «Koroğlu»nun onların olduğunu iddia edə bilər. Bizdə əsas dəlillərdir, Orta Asiyada isə Koroğlu müdrik bir şəxsdir. Farslar «Koroğlu»nu heç vaxt özlərinki kimi YUNESKO-dan keçirə bilməzlər. Çünki bu dastan bizdə də var».

Cavid Nəzmi «Ettelaat»da işgəncələr altındadır

Güney Azərbaycan Milli Hərəkatının fəalı Cavid Nəzminin «Ettelaat»ın Təbriz şöbəsinin təcridxanasında ağır işgəncələr verildiyi barədə məlumat yayılıb. «Ettelaat» əməkdaşları soydaşımız Təbrizin 42 metr məhəlləsindəki yaşadığı ünvanda həbs ediblər. Evdə axtarış aparılıb, azərbaycanlı fəala aid kitab və başqa şəxsi əşyalar müsadirə edilib. Təbriz İnqilab Məhkəməsinin hakimi isə Cavid Nəzminin ailəsinə bir həftə sonra müraciət etməyi məqsədəuyğun sayıb. Müraciətdən sonra müttəhimin mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılması və ya bunun mümkün olmaması məlum olacaq. Azərbaycanlı fəal ölkənin milli təhlükəsizliyinin əleyhinə fəaliyyət göstərməkdə günahlandırılır.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed