Şrift:
Raziyə Şəbani İranda birinci qadın siyasi məhbus hesab olunur
31.01.2013 [17:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1945-46-cı illərdə Azərbaycan Demokrat Firqəsinin (ADF) üzvü olmuş Raziyə Şəbani İbrahimzadə bu il yanvarın 28-də mühacirətdə yaşadığı Almanyada 87 yaşında vəfat edib. XX əsrin təlatümləri siyasi fəalı İrandan sabiq Sovet İttifaqına, daha sonra isə Almaniyaya üz tutmağa vadar etmişdi. Raziyə Şəbani Azərbaycan Milli Hökumətinin yıxılmasından təqribən iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilmişdi. O, xatirələrində həbs edilməsilə bağlı yazırdı: «Mən həmin vaxt Tehran şəhərində idim. Azərbaycana hücum etdikləri və xalqı qırıb öldürdüklərində gizlənməyə məcbur qaldım. Ancaq sonradan tutularaq 1947-ci ilin fevralında iki aylıq uşağım qarnımdaykən zindana göndərildim. O zamanlar qadınlara məxsus zindan yox idi. General Rəzmaranın binalarından birini icarəyə götürüb zindana çevirmişdilər. Daha sonralar məni Tehrandan Təbrizdəki Hərbi Prokurorluğa təslim etdilər. Birinci hərbi məhkəməyə aparıldığım zaman oğlum 12 günlük idi». Hərbi Məhkəmə tərəfindən iki il həbsə məhkum edilən azərbaycanlı siyasi fəal həbs cəzasını Təbriz və Tehran şəhərlərində çəkmişdi. Bir çox vebsəhifələr mərhum Raziyə Şəbaninin İranda birinci qadın siyasi məhbus olduğunu yazıblar. O, Azərbaycan Demokrat Firqəsinə üzv olmadan öncə həyat yoldaşı Rza İbrahimzadənin təsiri altında siyasi fəaliyyətə başlayıb, Tudə Partiyasının üzvü olmuşdu. O öz xatirələrində yazırdı ki, Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayır. Ona görə də Azərbaycan xalqının qiyamına şahid olunca onlara qatılıb. Həmin günlərdə 20 yaşında gənc bir qız olan Raziyə Şabani əyninə hərbi forma geyərək belində «Kolt» tapançası gəzdirirdi. 1955-ci ildə Sovet İttifaqında mühacirətdə yaşayan həyat yoldaşının yanına gedən Raziyə Şəbani təqribən 25 il SSRİ-də yaşadıqdan sonra vətənə geri dönsə də, 8 il sonra ölkəni yenidən tərk etmək qərarı verdi. Bu səfər Azərbaycan vasitəsilə Almanyaya mühacirət edən sabiq siyasi fəal ömrünün sonuna qədər həmin ölkədə yaşadı.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed