Şrift:
İranda türklərə qarşı hər sahədə ayrı-seçkilik var
02.02.2013 [12:41] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Musa Bərzin Xəlifəlu: «Rejim öz qanunlarını elə özü tapdalayır»

«İran mediası da Azərbaycan türklərini təhqir etməkdən çəkinmir»

Budəfəki müsahibimiz əslən Ərdəbildən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan milli fəal və hüquqşünas Musa Bərzin Xəlifəludur.
- Özünüz haqqında məlumat verərdiniz.
- 1984-cü ildə Ərdəbil bölgəsində doğulmuşam. Orta məktəbi Tehranda bitirəndən sonra Məşhəd Universitetinin hüquq fakültəsinə daxil olmuşam. Ali məktəbi bitirəndən sonra təhsilimə Təbrizdə davam etmişəm. Elə vəkil kimi fəlaiyyətə də Təbrizdə başlamışam. Güney Azərbaycandan çıxanadək də orada yaşamışam.
- Milli hərəkatda fəaliyyətiniz nə zaman başladı?
- Tələbəlik illərindən.
- Bəs milli hərəkatla tanışlığınız necə oldu? Siz özünüz maraqlandınız, dəvət etdilər?
- İranda Azərbaycan türklərinə qarşı hər sahədə ayrı-seçkilik var. Xüsusilə də fars bölgəsində bunu daha çox hiss etmək olur. Sırf milli kimliyinə görə ayrı-seçkiliyə uğramaq istər-istəməz insanın heysiyyatına toxunur və niyə mənim millətimə qarşı belə davrandıqlarını düşünürsən? Tədricən insanın daxilində etirazlar yaranır və bu etirazlar siyasi müstəviyə keçir. Nəticə etibarilə mən də milli hərəkatda fəaliyyət göstərmək qərarına gəldim.
- İranda Azərbaycan türklərinə qarşı ayrı-seçkilik hansı formada olur?
- Azərbaycanlıların ana dili türk dilidir. Biz bu dillə böyüyür, ailəmizdə bu dillə danışır, həyatı bu dillə öyrənirik. Lakin 7 yaşına çatanda təhsil almaq üçün məktəbə gedəndə orada bizə yad dil öyrədirlər. Məcburən təhsilimizi başqa dildə almalı oluruq. Təhsillə birgə bizə fars mədəniyyətini də aşılamağa çalışırlar. Hətta fars dilində yaxşı danışa bilməyəndə yuxarıdan aşağı baxırlar. Milli kimliyinə görə təhqir olunursan. Bu münasibət İran kütləvi informasiya vasitələrində də var. Orada bütün media rejimin nəzarəti altındadır, müstəqil mətbuatdan söz gedə bilməz. Rejimin Güney Azərbaycanda göstərdiyi ayrı-seçkilik siyasəti nəticəsində bizim bölgələr iqtisadi vəziyyət gündən-günə ağırlaşır, fars şəhərləri isə inkişaf edir. Nəticədə öz şəhərində dolana bilməyən soydaşlarımızı məcburən fars bölgələrinə köçməli olurlar. Fars hakimiyyətinin siyasi ayrı-seçkiliyilə ölkəni ikinci vətəndaşı olduğunu hər addımda hiss edirsən. Birinci dərəcəli vətəndaşlar farslardı. Ölkədə hər şey onlar üçündür.
- Fars dilini bilməyənlərə qarşı mənfi münasibət Güney Azərbaycanda da var?
- Güney Azərbaycan türk toplumudur və ana dili türkcədir. Bu baxımdan fars dilini bilməyənlərə və ya yaxşı danışmağı bacarmayanlara qarşı mənfi münasibət fars bölgələrindədir.
- Bəs İran qanunvericiliyində insan haqları təmin edilirmi?
- Məsələn, İran Konstitusiyasının 15-ci maddəsində qeyd edilir ki, ölkədə rəsmi dövlət dili fars dilidir və bütün rəsmi sənədləşmələr bu dildə aparılmalıdır. Qanunun ardında yazılıb ki, digər məhəlli dillərin məktəblərdə oxunması sərbəstdir.
- Yəni digər dillərdə orta təhsil almaq olar, yoxsa sadəcə bir fənn kimi tədris edilə bilər?
- Bəli. O deməkdir ki, təhsil fars dilində olmalıdır. Sadəcə, bir fənn kimi digər dillər də tədris oluna bilər. Hətta bu qanun da indiyədək icra edilməyib.
- Nə üçün bu qanun tətbiq edilmir?
- İranda bu cür hallar çoxdur. Kağız üzərində qanun var, amma əməl edilmir. Rejim özü öz qanunlarına hörmət etmir, tapdalayır.
- Yaxın günlərdə fars əsilli bir futbolçu oyun zamanı türkləri təhqir etmişdi. Bu cür yanaşma istisnadır, yoxsa bütün farsların azərbaycanlılara qarşı münasibətinin göstəricisidir?
- İstisna deyil. Amma bütün farsların münasibətidir demək də doğru olmaz. Belə deyək ki, çoxluğun Azərbaycan türklərinə olan yanaşmasıdır. Bu cür hal ilk dəfə deyil. Dəfələrlə millətimiz farslar tərəfindən bu və ya digər şəkildə təhqir olunub. Başqa oyunlarda da Azərbaycanı aşağılamaq üçün türk kimliyinə toxunublar.
- Bu münasibətin kökündə nə dayanır?
- İranda Qacarlardan sonra taxta Pəhləvilər çıxdı. Beləliklə, hakimiyyət farsların əlinə keçdi. Elə o zamandan da türklərə qarşı mənfi münasibət başladı. Hər fürsətdə millətimizi təhqir etməyə çalışdılar.
- Bu cür münasibət natamamlıq kömpleksindən irəli gələ bilərmi? Sizcə, bunun səbəbi türklərin daha dərin mədəniyyətə və şanlı tarixə malik olmasından qaynaqlana bilərmi?
- Səbəblərdən biri ola bilər. Çünki İran adlanan ölkədə inkişafın adı Azərbaycanla bağlıdır. İlk məktəbin, ilk universitetin, ilk qəzetin adı bizimlə bağlıdır. Azərbaycan hər sahədə birinci olub. Bu baxımdan farslarla müqayisədə türklərin üstünlüyü onların bizə olan mənfi münasibətinin səbəblərindən biri kimi qəbul edilə bilər.
- Güney Azərbaycanın gələcəyini necə görürsünüz?
- Hər zaman istəmişəm ki, Azərbaycanın müqəddaratı öz əlində olsun. Mən Quzeylə Güneyin birləşərək Bütöv Azərbaycanın yaranmasını arzu edirəm.

Turqut
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed