Şrift:
İran hakerləri Azərbaycanın 8 bankını soydu
02.02.2013 [14:29] - Gündəm, Siyasət
Kibercinayətkarlar ölkədən 25 milyon pul oğurladı
WHITE HAT HACKERS qrupu 54 minə yaxın müştərinin hesablarına daxil olub və bu hesablardakı pullar başqa banklara yönəldilib; ölkənin bütün müvafiq strukturları hərəkətə keçib; mütəxəssislər kibertəhlükəsizliklə bağlı vəziyyətin acınacaqlı olduğunu bildirir
İranın anonim WHITE HAT HACKERS adlı hakerlər qrupu elan edib ki, Azərbaycanın 8 bankının kompüter sistemini “sındırıb” və 53634 min müştərinin hesablarına çıxış əldə edib. Qrupun internetdə yayılmış məlumatında bildirilir ki, həmin müştərilərin hesablarında cəmi 25 milyon manata yaxın pul var və onlar yaxın 10 gündə Azərbaycanda bağlanılan “Royal Bank”ın iranlı müştərilərinin hesablarına köçürüləcək.
Azərbaycanın müvafiq strukturları iranlı hakerlərin ölkənin bank sisteminə misli görünməmiş hücumu ilə bağlı hərəkətə keçib. Bildirilir ki, həmin hesablardan 25 milyon manata yaxın pul artıq çıxarılıb, lakin hakerlərə məxsus digər hesablara hələlik köçürülməyib. İndi ölkənin müvafiq strukturları, o cümlədən xüsusi xidmət orqanları və kibertəhlükəsizliyə cavabdeh olanlar bu sahə üzrə ən bacarıqlı mütəxəssisləri cəlb edərək pulların hakerlərin hesablarına köçürülməsinə imkan verməməyə çalışırlar.

Qeyd edək ki, ötən il qalmaqallı şəkildə bağlanılan “Royal Bank”da minlərlə iranlı müştərinin pulları batıb. Məlum olmuşdu ki, bank rəhbərliyi İran vətəndaşlarının pullarını saxta adlar altında açılan hesablarda saxlayıblar. “Royal Bank”ın adı İran pullarının “yuyulması” ilə bağlı dəfələrlə hallanıb. Bu bank üzərindən İranın beynəlxalq maliyyə sanksiyalarından yan keçərək müxtəlif məqsədlər üçün pul transferləri həyata keçirdikləri də bildirilirdi. İddialara görə, bankın bağlanmasında da ABŞ və İsrail xüsusi xidmət orqanlarının dəfələrlə rəsmi Bakı qarşısında bu məsələni qaldırması, o cümlədən faktları təqdim etməsinin həlledici rolu olub. Məlumatlara görə, “Royal Bank”ın Azərbaycanda hakim ailəyə yaxın şəxsə bağlılığına arxayın olan İran vəzifəli şəxsləri, o cümlədən SEPAH-ın generalları, ayətullahlar və digərləri öz pullarını bu bankda saxlayırmış. Bankın bağlanması onların pullarının batmasına səbəb olub. Bu baxımdan ehtimal edilir ki, İran hakerlərinin hazırda Azərbaycanın bank sisteminə misli görünməmiş hücumunun arxasında bu ölkənin xüsusi xidmət orqanları da dayana bilər.

Əgər hakerlərin 54 minə yaxın müştərinin hesablarından çıxardıqları pulları ələ keçirə bilsələr, həmin pulların sahiblərinin öz vəsaitlərini nə dərəcədə banklardan geri ala biləcəyi qaranlıqdır. Mütəxəssislər isə deyir ki, bu haker hücumu ölkədə kibertəhlükəsizliyin nə dərəcədə zəif təmin olunduğunu bir daha sübut edir. Bildirilir ki, Azərbaycanda Mərkəzi Bank istisna olmaqla demək olar bütün bankların serverləri ölkə daxilində yerləşib və çox zəif mühafizə olunur. Nəticədə hakerlər həmin bankların sistemlərinə asanlıqla daxil ola biliblər. İndiyədək də beynəlxalq kibercinayətkarların Azərbaycanda müxtəlif şirkətlərin və fiziki şəxslərin hesablarından milyonlarla dollar oğurlaması barədə faktlar məlumdur. Sonuncu oğurluq isə ən irimiqyaslıdır. Mütəxəssislər qeyd edirlər ki, təkcə bank sistemi yox, mühüm dövlət strukturlarının serverləri də kiberhücumlar qarşısında zəif müdafiə olunur. Bu yaxınlarda Anonimous adlı beynəlxalq hakerlər qrupu Azərbaycanın Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin kompüter sisteminə daxil olaraq minlərlə məxfi sənədi ələ keçirib və onları internetdə yerləşdirib. Qeyd edək ki, kibertəhlükəsizliyə cavabdeh olan idarə də məhz həmin strukturun tərkibindədir. Həmçinin ölkənin aparıcı KİV-lərinin, dövlət idarələrinin, müxtəlif təşkilatların internet saytları müntəzəm olaraq kiberhücuma məruz qalaraq bağlanır.
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed