Şrift:
Çörəyin qiyməti qalxa bilər
04.02.2013 [09:38] - Gündəm, Sosial
Vahid Məhərrəmov: «Dünya bazarında buğdanın qiymətinin qalxması ilə Azərbaycanda da anoloji proseslər baş verəcək»

Sabir Vəliyev: «Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var»

Rusiyanın kənd təsərrüfatı nazirinin müavini İlya Şestakov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, cari ilin birinci yarısından ixrac olunan taxıl bahalaşacaq. Bildiyimiz kimi, hazırda aparıcı Avropa ölkələrini böhran bürüyüb. Böhran fonunda isə bəzi məhsulların qiymətləri də qalxır. Həmçinin, keçən il bir sıra taxıl ixracatçısı olan ölkələri quraqlıq bürümüşdü. Rusiyanın özü belə bir müddət taxıl ixracına qadağa qoymuşdu. Azərbaycana gəldikdə, ölkəmiz taxıla olan tələbatının bir hissəsini xaricdən gətirmək yolu ilə ödəyir. İdxal məhsulunda isə əsasən buğda və un geniş yer tutur. Hökumət qiymətlərin bahalaşmasının qarşısını almaq üçün lazım gələn anda idxal olunan una qoyulan əlavə dəyər vergisini də aradan götürür. Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan idxal edir. Əvvəllər bu prosesdə Rusiyanın çəkisi daha böyük idisə, keçən il idxal buğdası məsələsində əsas diqqət Qazaxıstana ayrılmışdı. İndi isə Rusiya rəsmisinin açıqlamasından belə çıxır ki, cari ildə idxal olunan taxılın qiyməti yenidən bahalaşacaq.
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bu fikirdədir ki, sözügedən proses Azərbaycanda buğda və çörəyin qiymətlərinin qalxmasına rəvac verə bilər: «2012-ci ildən əvvəlki illərdə Azərbaycan özünün idxal buğdasına olan ehtiyacını əsasən Rusiyanın hesabına ödəyirdi. Lakin keçən il bu balans Qazaxıstanın xeyrinə dəyişdi. 2012-ci ildən başlayaraq ölkəmizə idxal olunan buğdanın hardasa 80 faizi məhz Qazaxıstandan gətirilib. Bu da onu deməyə əsas verir ki, son zamanlar Azərbaycan hökuməti idxal prosesində əsasən Qazaxıstandan gətirilən buğdaya üstünlük verməyə başlayıb. Rusiyanın ixrac etdiyi buğdanın qiymətini qaldırmaq niyyəti isə ondan xəbər verir ki, dünya bazarında buğdanın qiyməti qalxacaq. Belə vəziyyət son zamanlar baş verən iqlim dəyişikliyi, istehsalın azalması, istehlakın isə artması ilə bağlıdır. Hazırda dünya əhalisi artır. Dünyada əhalinin artım tempi 1,3 faiz olub. Artan əhalinin də təbii olaraq ərzaq buğdasına ehtiyacı da artır. Bu mənada dünya bazarında buğdanın qiymətinin qalxması ilə Azərbaycanda da anoloji proseslər baş verəcək. Çünki ölkəmiz özünün ərzaq buğdasına olan tələbatını tamamilə idxal hesabına ödəyir. Amma idxal olunan buğda daxildən emal olunduğundan, yəni burada ondan un alındığından, prosesi daxili istehsal kimi təqdim edirlər. Ancaq tam məsuliyyətlə demək olar ki, Azərbaycan özünün ərzaq buğdasına olan 1,4 milyon tonluq tələbatını idxal hesabına təmin edir. Belədə idxal buğdasının qiyməti qalxarsa, bu hal daxili bazara da ciddi təsir göstərəcək. Unun qiyməti həmin an qalxacaq, bu isə öz növbəsində çörək və çörək məmulatlarının qiymətinin bahalaşması ilə nəticələnəcək. Eyni zamanda, gətirilən ərzaq buğdasından əldə edilən spirtli içki, xüsusən də spirtli içkinin qiymətinin də qalxmasına səbəb ola bilər».
Kənd Təsərrüfatı Hazirliyinin şöbə müdiri Sabir Vəliyev isə əksinə, düşünür ki, Rusiyada ixrac olunan taxılın bahalaşması tendensiyasının Azərbaycana hər hansı bir aidiyyatı olmayacaq: «Rusiya rəsmilərinin ixrac taxılının bahalaşa biləcəyilə dedikləri açıqlamaların Azərbaycana hər hansı bir dəxli yoxdur. Bu bahalaşma birinci növbədə Rusiyanın özünə ziyan edəcək. Çünki bu halda onun müştəriləri azalacaq. Azərbaycanda isə kifayət qədər taxıl ehtiyatı var. İl yarımlıq taxıl ehtiyatı saxlanılır. Ona görə də Rusiyadan hazırda taxıl almağa belə ehtiyac görmürəm. Ümumiyyətlə, indilikdə taxılı heç də Rusiyadan almırıq. Tələbatımızı Qazaxıstandan alınan buğda hesabına ödəyirik. Ayrı-ayrı şirkətlərimiz Qazaxıstanla bu sahədə sıx əlaqələr qurub. Həmçinin keçən il 40 min hektar artıq taxıl əkilib. Cari ildə isə 2,8 milyon ton taxıl gözlənilir. Ona görə də idxal taxılına elə də ciddi ehtiyacımız yoxdur. Taxıl ehtiyatının bol olması fonunda Rusiyada onun bahalaşmasının ölkəmizə hər hansı bir mənfi təsiri gözlənilmir».
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed