Şrift:
Co Bayden Dağlıq Qarabağ məsələsində susdu
05.02.2013 [00:50] - Xəbərlər, Siyasət
Elçin Mİrzəbəyli: “Qərb, ABŞ bu həqiqətləri bilə-bilə erməni diasporunun maraqlarından çıxış edir”
Elxan Şahinoğlu: “İndiki halda ABŞ-ın Cənubi Qafqaza marağı xeyli azalıb”



ABŞ-ın vitse-prezidenti Cozef Bayden Münhendə keçirilən 49-cu Beynəlxalq Təhlükəsizlik Konfransında Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. O, bəyan edib ki, ABŞ Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır. Co Bayden həmin ərazilərin Rusiya tərəfindən işğal olunduğunu dilə gətirsə də, Ermənistan-Azərbaycan münaqişəsindən söz açmayıb. Halbuki, ABŞ Dağlıq Qarabağ probleminin həlli üzrə həmsədr dövlətdir. Buna baxmayaraq, ABŞ-ın vitse-prezidenti Azərbaycan torpaqlarının işğalı faktından söz açmayıb. Siyasi ekspertlər də hesab edirlər ki, ABŞ siyasətçilərinin Gürcüstan və Azərbaycan arasında ayrıseçkilik salması artıq ənənə halını alıb.

Politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirdi ki, həm ABŞ-ın, həm də digər Avropa ölkələrinin mövqeyində Azərbaycana fərqli münasibət hər zaman ortaya qoyulub: “Halbuki, Abxaziya və Cənubi Osetiya problemlərinin motivləri tamamilə başqadır. Bu problemlər yaranana qədər ortalıqda işğal faktı olmayıb. İşğal faktı sonradan baş verib. Separatizm baş verib. Amma Azərbaycana məxsus ərazilər və ona bitişik 7 rayon işğal olunub. Baxmayaraq ki, buna fərqli münasibət var. Məsələyə tarixi baxımdan yanaşsaq, Abxaziya Gürcüstanın tərkib hissəsi olmayıb, müttəfiq respublikalardan biri olub. Cənubi Osetiya da Osetiyanın bir parçası idi. Bu ərazilər Gürcüstanın tərkibinə Stalin tərəfindən daxil edilib. Bunlar tarixi müstəvidə qoyulan məsələlərdir. Müasir hüquqa görə, hər hansı dövlətin ərazi bütövlüyünün pozulması yolverilməzdir. Amma Qərb, ABŞ bu həqiqətləri bilə-bilə bilavasitə erməni diasporunun maraqlarından çıxış edir. Burada xristian həmrəyliyi də var. Ortalıqda ikili standart da var. Bu standart ABŞ və BMT Təhlükəsizlik Şurasının daimi üzv olan digər olan ölkələrin mövqeyində açıq şəkildə görünür”.
E.Mirzəbəylinin sözlərinə görə, ATƏT-in Mİnsk Qrupunun həmsədr ölkələri Ermənistanın maraqlarından çıxış edirlər. Hələlik isə hər üç ölkənin hər biri Ermənistanı özü üçün qazanmağa çalışır. Rusiya, Fransa və ABŞ öz maraqlarını paylaşa bilmədiklərinə görə, konkret açıq mövqedən çıxış etmirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bununla bağlı sualımıza cavabında Gürcüstana Azərbaycandan daha yaxın diqqət yetirdiyini dedi. Ekspert bildirdi ki, Barak Obamanın birinci prezidentlik dövründə də ABŞ Dağlıq Qarabağ probleminə ciddi diqqət yönəltmədi: “İkinci prezidentlik dövründə də inanmıram ki, bu diqqət artsın. Gürcüstanla bağlı bəyanat da hələ o anlama gəlmir ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə hazırdır. Baydenin sözləri quru sözlərdir. Rusiyanın separatçılığa dəstək siyasətinin qarşısını ala bilmirlər. Yaxud Rusiya Ermənistanı kütləvi silahlandırır, buna da mane ola bilmirlər. İndiki halda ABŞ-ın Cənubi Qafqaza marağı xeyli azalıb. ABŞ başqa məsələlərdə Rusiya ilə anlaşsa da onun Cənubi Qafgazdakı təxribatçı əməllərinə göz yumur. Amma Cənubi Qafqazda müharibə başlasa bu, həm də ABŞ-ın maraqlarına toxunacaq”.

E.Şahinoğlunun fikrincə, ermənipərəst Con Kerrinin dövlət katibi təyin olunmasından sonra ABŞ-ın növbəti dörd ildə də Cənubi Qafqaz siyasətində pozitiv nə isə gözlənilmir.

Müşfiq Abdulla/Moderator.az
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed