Şrift:
İran prezidenti Həccə gedir
02.11.2011 [10:48] - Gündəm
Səudiyyə kralı Mahmud Əhmədinejadı Həcc ziyarətinə dəvət edib

Səudiyyə Ərəbistanı kralı İran prezidentinin Həcc ziyarətinə dəvət edib. Iran prezidenti Mahmud Əhmədinejad artıq dəvəti qəbul edib və gələn həftə Səudiyyə Ərəbistanına gedəcək. Qeyd edək ki, İran prezidenti Həcc ziyarətinə getmək istədiyini, lakin bunun üçün Səudiyyə kralından dəvət gözlədiyini bəyan etmişdi. İran prezidentinin müşaviri bildirib ki, Səudiyyə kralının hansısa dövlətin rəhbərini Həcc ziyarətinə dəvət etməsi ilk dəfə baş verir: “Bu, iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olacaq”.

Xatırladaq ki, bir ay əvvəl ABŞ xüsusi xidmət orqanları İran casuslarının Səudiyyə Krallığının Vaşinqtondakı səfiri Adel əl-Cübeyri öldürmək istədiyini açıqlayıb. Bu açıqlama İranla Səudiyyə Krallığı arasında diplomatik qalmaqala səbəb olub, hər iki ölkə bu iddia ilə bağlı BMT-yə müraciət edəcəyini bəyan edib.

Bundan əvvəl isə Bəhreyndə şiə üsyanının yatırılmasında Səudiyyə Krallığının iştirak etməsi İranla bu ölkə arasında münasibətlərin soyumasına səbəb olub. Tehran bəyan edib ki, üsyan qanunidir və üsyançılara hər cür dəstək verəcək.

Qeyd edək ki, Tehran və Ər-Riyad Fars Körfəzi regionunda əsas siyasi, dini və iqtisadi rəqiblər sayılır.
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed