Şrift:
Ekspert: “Əfqanıstandan çıxan Amerika ordusu Azərbaycanda dislokasiya ediləcək”
08.02.2013 [11:23] - Siyasət
“Azərbaycan vasitəsilə NATO qoşunlarının Avropaya gətirilməsi ölkəmiz üçün böyük perspektiv vəd edir. Yəqin ki, silahlı qüvvələr daşınana qədər Azərbaycan ABŞ-la hərbi əməkdaşlıq haqqında saziş imzalayacaq”.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli Əfqanıstandan çıxarılacaq qoşunların Azərbaycandan Avropaya daşınması məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan bundan yararlanaraq NATO-ya məxsus silah və texnikaları ala bilər. Bu istiqamətdə Azərbaycan intensiv iş aparır. Politoloqun fikrincə, Azərbaycan buna nail ola biləcək.
“Müqavilə imzalandıqdan sonra Əfqanıstandan çıxarılan hərbi texnika və qoşunlar müvəqqəti olaraq Azərbaycanda dislokasiya ediləcək. Birdən-birə silahlı birləşmələri daşımaq o qədər də asan məsələ deyil. Bu zaman biz ola bilsin ki, ABŞ-ın Əfqanıstandan çıxardığı müəyyən silahları və hərbi texnikanı onlardan nisbətən ucuz qiymətə ala bilərik”.
ABŞ-ın bu məqsədlə İranı vurmaq haqqında səslənən fikirlərə də münasibət bildirən siyasi şərhçi bunun doğru olmadığını deyib. “Həmin qoşunlar, daha doğrusu canlı qüvvələr bir müddət burada qalacaq. Sonra tədricən dəmir yolu və canlı qüvvələr aviasiya vasitəsilə daşınaraq aparılacaq. O vaxta qədər Bakı-Tbilisi-Qars dəmir yolu da işə düşəcək. Beləliklə, qoşunların və hərbi texnikanın daşınması prosesi ABŞ-a ucuz başa gələn bir variantla həyata keçiriləcək. Onsuz da ABŞ ordusunun canlı qüvvələrinin çoxu Əfqanıstana Azərbaycan vasitəsilə daşınıb. Hətta oradakı silahlı qüvvələrə lazım olan təchizatların bəzi hissələri də Azərbaycandan aparılıb. Onlar ölkəmizə təyyarə ilə gətirilir. Buradan da Xəzər dənizi vasitəsilə Qazaxıstanın Aktau şəhərinə daşınır. Oradan da təyyarə və dəmir yolu ilə Əfqanıstana aparılır. Əfqanıstanda yerləşdirilmiş beynəlxalq qüvvələrin təchizatında Azərbaycanın geosiyasi məkanından istifadə edilir. Qoşunların çıxarılması məsələsində də bu əsas və təhlükəsiz yol kimi nəzərdə tutulur. Burada silah alınması gündəmdə olduğuna görə İrana qarşı çevrilmiş hər hansı bir addım yoxdur. Çünki o qoşunlar Azərbaycanda qalmayacaq. Yerdə qalanları isə Avropa ölkələrinə məsələn, Almaniya, Polşaya daşınacaq”, – deyə vurğulayıb.

Aqşin Kərimov/Modern.az
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed