Şrift:
Saxalar - biz onlar haqqında nə bilirik?
12.02.2013 [02:01] - Gündəm, Türkün şanlı tarixi
Rusiya Federasiyasının nəzdində olan Saxa Respublikası ərazisinin böyüklüyünə görə ən böyük Türk Cümhuriyyətidir. Əgər Saxa müstəqil dövlət olsaydı, dünyada ərazisinə görə yeddinci dövlət olardı (ərazisi 3103.2 min kv.km). Lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. Dünyanın ən soyuq havasının qeydə alındığı (Oyumyakonda -71.2 °) , bayrağında mavi türk rəngi daşıyan, təbii sərvətlərlə zəngin olub füsünkar təbiətə malik Saxa haqqında çox az bilgiyə sahibik.
Azərbaycandan çox uzaqlarda, Sibirin qərbində yerləşən bu Türk diyarı haqqında daha çox bilgiyə sahib olmaq üçün Ouulu (ulu) Saha QHT rəhbəri Saaynara Gökçtayeva ilə müsahibəni nəzərinizə çatdırırıq.
-Saynaara xanım, Saxa ulusunu “Millətçilik” qəzeti oxucularına necə tanıdardınız?
- Əvvəla, sizi salamlayıram, qəzetiniz vasitəsilə qardaş Azərbaycan xalqına salamlarımı göndərirəm, bizim xalq haqqında maraqlandığnız üçün sizə ayrıca təşəkkür edirəm. Saxa xalqı haqda qısaca onu deyim ki, biz Türk dilli bir millətik, Baykal (Baygöl) gölünün qüzey hissəsindən Şimal Buzlu okeana qədər olan bir ərazidə yaşayırıq. Millətimizin adı Saxa, yəni “ağ adam” və ya “günəşin oğlu” (Saxanın bayrağında günəş rəsmi var) deməkdir. Sovetlər zamanı bizə saxta bir ad Yakut adı verilsə də, 1991- ci ildə xalqımızın etirazı sayəsində bu ad dəyişdirilərək öz tarixi adımızla əvəzləndi.
-Mən sizin bir Türk millətçisi olduğunuzu bilirəm, bəs günümüzdə ümumən Saxalılarda milli özünü dərketmə hansı səviyyədədir?
-Deyərdim ki, normal səviyyədədir. Sovetlər dağıldıqdan sonra Saxalılar (əsasən də gənclər) arasında bir milli dirçəliş hiss olundu. İnsanlar öz tarixinə, dilinə, mədəniyyətinə daha sıx sarılmağa başladılar. Əgər biz Sovetlər vaxtı paytaxt Yakutskda Saxa dilində danışığa çox nadir hallarda rast gəlirdiksə , bu gün başda gənclər olmaqla 70 % saxalı öz ana dilində danışmağa üstünlük verir.
- Bəs Türk dünyası ilə əlaqələriniz necədir, Türk çoğrafyalarında baş verən olayları izləyə bilirsizmi?
- Türksoy təşkilatı ilə sıx əlaqələrimiz var. Bu yaxınlarda Tuvada keçirilən Türk qızlarının gözəllik yarışmasına Respublika səviyyəində qatıldıq.Türk çoğrafyasında baş verən hadisələri təbii ki, internet vastəsilə izləyirik. Müstəqil Türk dövlətlərinin bir araya gəlib ortaq bayraq seçmələri bizi çox sevindirdi. İnanıram ki, çox yaxında ortaq Türk dili və əlifbası da istifadəyə veriləcək.
-Siz necə düşünürsüz, nə vaxtsa Turan ideyası reallaşa bilərmi?
-Niyə də olmasın. Ən azından Türk dövlətləri bir konfederasiya yarada bilərlər.
-Bəs Saxanın necə, nə vaxtsa müstəqil bir dövlət olacağına inanırsız?
-Mən bu suala cavab vermək istəməzdim...
-Paytaxtınız Yakutskun tarixi və milli adı Dokuuskaydır. Bəs şəhərin öz milli adına qayıtmasını istərdizmi?
-Bax, bunu çox istərdim. Biz bu haqda dəfələrlə məsələ qaldırsaq da Moskva hələlik bu məsələyə soyuq baxır.
-Məndə olan məlumata görə, son vaxtlar Saxalılar arasında xristianlığa meyl edənlərin sayı çoxalır. Necə düşünürsüz bu bir dövlət siyasətidir yoxsa ..
-Bilirisiz ki, Saxalıların əsas böyük bir hissəsi bölgənin digər türkdilli xalqları kimi ənənəvi şamanizmə etiqad edirlər. Çar Rusiyası dönəmində missionerlər və dövlət insanları xristianlığa cəlb etdilər və xristianlığı yaya bildilər. Bu gün isə Saxaya özəl təriqətlər yahova şahidləri, baptistlər, krişnalar və s. ayaq açıblar. Bildirim ki, son dönəmlər Saxalılar arasında islamı qəbul edənlərin sayı çoxalmaqdadır. Şəhərimizdə bir Tatar məscidi fəaliyyət göstərir.
- Saxa dilinin qorunması haqqında hansı fəaliyyətləri göstərirsiz? Ümumiyyətlə, dilinizdə alınma yad sözlər çoxdurmu?
-Saxa dili Altay Türk dilləri qrupunun şimal qoluna aiddir. Dilimiz rus dili ilə yanaşı, Respublikanın dövlət dilidir. Rusiya Federasiyasında dil, fikir və ifadə azadlığı var və digər xalqlar kimi Saxalılarda öz ana dillərində oxuyub yaratmaqla yanaşı dillərini inkişaf etdirirlər. Dilimizdə alınma sözləri var ancaq onların sayı çox deyil, təxminən 20 % təşkil edir. Əsasən rus, ural dillərinə bənzər sözlər və qismən monqol sözləri var.
- Saynaara xanım, 2001- ci il dönəmində Saxa Respublikası prezidenti Vasiliy Kolmaqorovun millətçilikdə və şovinistlikdə ittiham edilərək Moskva tərəfindən işindən azad olunması haqda nə deyə bilərsiz?
- Sizdə bu məlumatlar haradandır (gülür)?
-Bu, bizim işimizdir...
- Saxanı ən azından Saxalılar qədər bildiyinizə görə, sizə xalqım adından təşəkkür edirəm. Sualınıza gəlincə isə, bu doğru məlumatdır. Bildiyiniz kimi, Saxa çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə sahibdir. Burada almaz, qızıl, qara kömür, neft, qaz, qranil, uran və s. çıxarılır. Ölkəmizdə onlarca zəngin almaz və uran yataqları vardır.Təsəvvür edin ki, təkcə Elkon yatağında 600 ton qızıl var. Eləcə də, Respublikada xam ağac materialları eksportuna görə ölkədə liderlərdəndir. Kənt təsərrüfatı, xəz dəri təsərrüfatı, maralçılıq, maldarlıq, balıqçılıq və s . sahələr geniş potensiala sahibdir. Buna baxmayaraq, Respublikanın sadə sakinlərinin maddi vəziyyəti heç də yaxşı deyil. Dövlətə hər il milyardlarla xeyir verən Respublikanın sakinləri arasında işsizlik problemi hələ də qalmadadır. Həm də respublikadakı böyük müəssisələrin başında dayananların çoxu milliyyətcə gəlmə ruslardır. Eks- prezident bu sahədə islahatlar aparmaq istəyirdi, yerli sərvətin xalqa daha çox çatmasını istəyirdi. Bu üzdən də onu vəzifəsindən uzaqlaşdırdılar.
-Saxada yerləşən Azərbaycan diasporu haqqında hansı fikirdəsiz?
-Saxada azərbaycanlılar əsasən paytaxt Yakutskda yaşayırlar.Yakutsk azərbaycanlıları daha çox ticarət sahəsində çalışırlar. Mən azərbaycanlıları zəhmətkeş, əməksevər və sülhsevər bir xalq kimi tanıyıram. Dillərmizin oxşarlığı insana xüsusi bir zövq verir. Mən azərbaycanlıları özümüzdən biri hesab edirəm. Ayrıca, ermənilərin Azərbaycana təcavüzündən xəbərdarıq və bu məsələdə çox rahatsızıq. Biz bu haqq mübarizəsində hər zaman Azərbaycanın yanındayıq. Qəzetiniz vasitəsilə bütün azərbaycanlı qardaş - bacılarıma salam göndərirəm.
- Biz də Sizə apardığınız milli mücadilədə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed