Şrift:
BAKIDA HƏRBİ HELİKOPTER DƏNİZƏ DÜŞDÜ: 3 ZABİTİMİZ ÖLDÜ
12.02.2013 [14:49] - Gündəm, Hadisə, Hərb
Hərbi Hava Qüvvələrinə məxsus “Mİ-17” radarlardan itərək Şıxov çimərliyi istiqamətində qəzaya uğradı; 3 zabitimiz dünyasını dəyişdi; nazir Səfər Əbiyev hadisə yerinə getdi
Tweet .7667 dəfə baxılıb.. Fevralın 11-i saat 10:30 radələrində Qaradağ rayonu ərazisindəki Şıxov çimərliyi istiqamətində uçan hərbi helikopter qəfildən dənizə düşüb. Bu barədə hadisəyə şahidlik edən, həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, helikopter alçaqdan uçurmuş və qəfildən idarəetməsini itirərək dənizə düşüb.


Hadisədən az sonra faktı Fövqəladə Hallar Nazirliyi də təsdiqlədi. Nazirlikdən verilən məlumata görə, helikopter Şıxov ərazisində dənizə düşüb. FHN-in xilasediciləri dərhal hadisə yerinə yollanıb.
FHN-in məlumatına görə, helikopter sahildən 300 metr məsafədə dənizə düşüb. Orada dənizin dərinliyi 3-4 metrdən çox deyil.
Hadisənin şahidi Məhəmməd Haqverdiyev (“Sahil” istirahət mərkəzinin mühafizəçisi) “Turan”ın müxbirinə deyib ki, güclü duman var idi, helikopter aşağıdan uçurdu və qəfildən daş kimi suya düşdü. Şahidin sözlərinə görə, qəzadan əvvəl bəzi KİV-in yazdığı kimi partlayış olmayıb.
Qəzaya uğrayan helikopter Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olub. Gün ərzində qəza ilə bağlı rəsmi məlumatlar gəlməyə başladı və hadisənin təfərrüatları məlum oldu. APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin HHQ-yə məxsus vertolyot Kürdəmir rayonuna uçurmuş. Vertolyotda 3 nəfər olub. Onların üçü də ölüb.
Müdafiə Nazirliyi olayla bağlı rəsmi məlumat yayaraq bildirdi ki, fevralın 11-i saat 10:30-da HHQ-yə məxsus helikopter radarlardan itərək Şıxov çimərliyi istiqamətində qəzaya uğrayıb. Məlumatda deyilirdi ki, “Mİ-17" markalı helikopter Azərbaycan ordusunun ambulans helikopteri olub. APA-nın əldə etdiyi məlumata görə, helikopter Bakıdan Kürdəmirə xəstə əsgərləri gətirmək üçün uçurmuş.
Qəzadan dərhal sonra ölən şəxslərin axtarışına başlanıb. Bu məqsədlə Hərbi Dəniz Qüvvələri və FHN-in gəmi və katerləri, helikopterlər cəlb olunub. Axtarışa 6 gəmi cəlb edilib. Rəsmi açıqlamaya görə, Xəzərə düşən “Mİ-17"-də 3 nəfər olub. Onlar helikopteri idarə edən zabitlər - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğludur. Axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun meyiti sudan çıxarılıb. Saat 15-də helikopter dənizin dibindən çıxarılıb. Qəzada ölən leytenant Bəhruz Zeynalovun fevralın 21-də toyu olacaqmış. Qəzadan sonra zabitlərin yaxınları hadisə yerinə axın edib.
Müdafiə naziri Səfər Əbiyev və hərbi prokuror Xanlar Vəliyev hərbi helikopterin qəzaya uğradığı ərazidə olublar. Bunu APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, müdafiə naziri ilə hərbi prokuror hadisə baş verən əraziyə gedərək vəziyyətlə yerində tanış olub, prosesləri birbaşa yerində izləyib.
Qəzetimiz çapa gedənə qədər üçüncü zabitin meyiti tapılmamışdı. Axtarışlar davam edirdi. HHQ və FHN-in helikopterləri dəniz üzərində patrul çəkir və kapitan Yaşar Əhmədovun meyitini axtarırdı.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed