Şrift:
"QUDURĞANLIQ EDİRLƏR"
13.02.2013 [01:15] - Gündəm, Siyasət
İlham Əliyev: “Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir”

Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəzi məmurlara sərt xəbərdarlıq edib. Ölkə başçısı regionlarda sahibkarlığın inkişafına maneçiliklərin aradan qaldırılmasını məmurlardan tələb edib:

“Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pullarını vermirlər. Belə olmaz. Əgər onlar fikirləşirlər ki, mənə bu məlumat çatmır, səhv edirlər. Bütün məlumatlar çatır. Bir də deyirəm bütün icra başçıları bilsinlər ki, sahibkarları incidənlər cəzalandırılacaq”,-deyə dövlət başçısı xəbərdarlıq edib.
Prezident vəzifəli şəxslərin övladları barədə daha sərt danışıb. «Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq».

Prezident çıxışında bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini də bildirib:

«Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir».

Prezident məmurların keçirdikləri məclislərdən də danışıb: «Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir».


İlham Əliyev sahibkarların rayonların abadlıq işlərinə cəlb edilməsindən danışıb: «Hər bir rayonun öz büdcəsi var. Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır. Prezidentin Ehtiyat Fondundan mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir, kömək eləsin. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pulunu vermirlər. Belə olmaz. Kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq».
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed