Şrift:
SEPARATÇILIĞIN QLOBAL PARADI
13.02.2013 [15:56] - Siyasət
Bu gün Avropada müstəqillik və muxtariyyət uğrunda regional hərəkatlar güclənməkdədir: Belçikada, Britaniyada, Balkanlarda, Kataloniyada və Qafqazda. Əgər bu gün Avropa Birliyi mövcud iqtisadi böhrandan çıxa bilməsə, onda bu hərəkatlar daha da güclənərək son 20 il ərzində tanıdığımız Avropanı tamamilə dəyişəcəkdir.

Avropanın geopolitik sistemində nəhəng sınmalar dövründə müstəqillik və muxtariyyət uğrunda hərəkatlar uğurlar qazanmışlar.
Otto Fon Bismarkın rəhbərliyi altında Almaniyanın birləşməsi XIX əsrin əvvəllərində Avropadakı qüvvələr balansını dəyişdi. Bunun ardınca Osmanlı İmperiyasının sürətlə çökməsi ona gətirib çıxardı ki, 1878-ci ildə Berlin Konqresində Bolqarıstan, Çernoqoriya və Serbiya dövlətləri yarandı. I Dünya Müharibəsinin sonunda Habbsburq, Osmanlı və Romanov imperiyalarının dağılması Avropa xəritəsində sərhədlərin yenidən cızılmasına səbəb oldu. Nəhəng imperiyaların tərkibindən Albaniya, Baltikyanı respublikalar, Çexoslovakiya və Polşa ayrılaraq beynəlxalq hüququn subyekti oldular.
1945-ci ildə II Dünya Müharibəsinin bitməsi ilə dünyada müstəmləkələrin müstəqilliyi dalğası start götürdü. Nəhayət, 1989-1992-ci illərdə Avropada dövlətlərin yaranmasının IV dalğası başladı ki, bu da kommunizmin iflası və SSRİ-nin dağılması ilə əlaqəli idi. Hələ 1989-cu ildə son dəfə mövcud olmuş 3 dövlətin - Çexoslovakiya, SSRİ və Yuqoslaviyanın yerində 23 dövlət mövcuddur.
Qlobal miqyasda rəqəmlər mənzərəni daha dəqiq təsvir edirlər: 1914-cü ildə I Dünya Müharibəsi ərəfəsində dünyada 59 müstəqil dövlət var idi. 1950-ci ildə onların sayı 89-a çatdı. 1995-ci ildən isə, artıq dünyada 192 dövlət mövcuddur.
Amma görünür ki, proses hələ bitməyib. Balkanlar və Qafqaz kartoqraflarda və ərazilər üzrə münaqişə aparan tərəfləri barışdırmaq istəyən diplomatlarda əsl dəhşət yaradır. Abxaziya, Cənubi Osetiya, Çeçenistan, Dağlıq Qarabağ, Şərqi Türkiyə və Şimali İraqdakı kürdlərin, Kiprin şimalındakı türklərin problemləri bu gün ən azından münaqişə zonaları sayıla bilər.
Cənub Şərqi Avropada bu gün də «Balkanlaşma» termini dəbdədir. Bosniyadakı xorvatlar II Dünya Müharibəsi dövründəki Herseq-Bosna dövlətlərini yaratmaq və ya Xorvatiyaya birləşmək istəyirlər. Serblər isə əksinə, Bosniya və Herseqovinadakı “Serb respublikası”nın müstəqilliyini və ya Serbiyanın tərkibinə daxil olmasını arzulayırlar. Eyni zamanda, Çernoqoriya və Serbiya arasında Sancaq rayonundakı müsəlman əhali şimaldakı müsəlman qardaşlarına qovuşaraq «Bütöv Bosniyanı» yaratmaq arzusundadırlar. Kosovonun şimalındakı serblər bu muxtariyyətdən müstəqil öz muxtariyyətlərini elan ediblər, Serbiyanın Preşev vadisindəki albanlar isə Kosovo ilə birləşməyə can atırlar. 1990-cı ildə Makedoniyanın qərbində yaşayan albanlar «İllirida Respublikasını» elan etdilər və indi federal ərazi statusu tələb edirlər. Bolqarların böyük hissəsi hesab edir ki, Makedoniyanın şərqi onlara məxsusdur. Transvilaniyadakı macarların separatçı şüarları Rumıniyanı narahat etməkdədir. Moldovanın başı isə «Dnestryanı Respublikadan» ağrımaqda davam edir.
Belə bir fikir mövcud idi ki, demokratiya və iqtisadi rifah millətçiliyi və separatçı fikirləri sıfıra endirir. Amma bu gün Qərbi Avropada baş verənlər bu fikrin səhv olduğunu göstərdi.
Qərbi Avropada separatçılıq iki formada təzahür edir: birincisi, mövcud dövlət qurumlarının (Belçika, İspaniya, İngiltərə) inkarı; ikincisi, Avropa İttifaqının özünün inkarı.
İngilis publisisti Çarlz Kinq bu yaxınlarda belə bir fikir söyləmişdi ki, Uilyam Volosdan etibarən bu gün Şotlandiyada millətçilik görünməmiş dərəcədə güclənmişdir. Eyni fikri Belçikada artan flamand millətçiliyi barədə demək olar. İspaniyanın Kataloniyasında ötən ilin noyabrında keçirilmiş regional seçkilərdə yerli parlamentin üçdə ikisini katalon separatçıları tutmuşlar. Brüsseldə yerləşən Avropa Azad Alyansı hal-hazırda bütün qitə boyunca 40 millətçi və müxtariyyətçi partiyaları (o cümlədən, Dağlıq Qarabağdan olan erməni təşkilatlarını) öz içinə qatmışdır.
ABŞ da prosesdən kənarda qalmayıb. Bu yaxınlarda 113 min nəfər amerikalı Texas ştatının müstəqilliyi barədə Ağ Evə petissiyanı imzalamışlar.
Avropada mövcud geopolitik qaydaya separatçı təzyiq Avropa İttifaqına olan ümidlərin azalma istiqamətinə əks sürətlə artmaqdadır. 2012-ci ilin noyabrında İngiltərədə aparılmış ictimai rəy sorğusu göstərmişdir ki, britaniyalıların 56 faizi AB-dən çıxmağın tərəfdarıdır. Həmin ilin yayında Almaniyada aparılmış oxşar rəy sorğusuna görə, almanların 49 faizi də eyni fikirdədirlər.
ABŞ-ın «The National İnterest» dərgisinin şərhçisi Qordon Bardosa görə, məsələnin dramatikliyi ondadır ki, təkcə AB-nin deyil, NATO-nun gələcəyi də təhlükəyə məruz qalır. Əgər AB daxili problemlərin ağırlığı altında dağılsa, Avropanın geopolitik məkanı yenidən cızılmağa başlayacaq. Bu isə indiyədək gizli formada mövcud olan Avropa millətçi hərəkatlarının güclənməsi üçün böyük siyasi meydan açar. Tarixi təcrübə göstərir ki, hətta Avropada yeni dövlətlərin yaranması böyük qanların hesabına başa gəlir. Doğrudur, Çexiya və Slovakiyanın «mülayim boşanması» bu qaydadan istisna idi, amma Yuqoslaviyanın qanlı parçalanması həmin qaydanın qüvvədə olmasını göstərdi.
Avropanın geopolitik strukturunda sonuncu «yenidənqurma» 1989-1992-ci illərdə baş verdi. Nəzərə alsaq ki, bu yöndən olan nəhəng dəyişikliklər 2-3 nəsildən bir olur, həmçinin, Avropanın hal-hazırda üzləşdiyi çətinlikləri də qeyd etsək, onda müəyyən şübhələrə baxmayaraq, yeni təlatümlər təhlükəsi reallıq kimi qəbul edilə bilər.

Eldar Tağı
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed