Şrift:
Güclü Roma papası zərurəti: İslam amili və Avropanı bürüyən böhran (TƏHLİL)
14.02.2013 [12:12] - Sosial
Xristian dünyası Roma papası XVI Benediktin tezliklə istefa verəcəyinə dair xəbərdən şoka düşüb. Məlumdur ki, papanın gedəcəyi dəqiq vaxt da açıqlanıb - 28 fevral. Maraqlıdır ki, XVI Benedikti belə bir qeyri-adi addımı atmağa nə vadar edib? Axı bu hərəkət katolik kilsəsi tarixində ilk dəfədir, baş verir. Əvvəllər ali kahinlər bir qayda olaraq yalnız dünyalarını dəyişəndə belə demək mümkünsə, istefaya gedirdilər. Hətta xəstə və qoca pontifiklər də xidmətlərini davam etdirirdilər. Və o da nəzərə alınmalıdır ki, Vatikanda dünyanın ən bürokratik strukturu işləyir. Orada qərarların qəbulunda dəqiq müəyyənləşdirilmiş sistem mövcuddur. Bu sistemdə papa tamamlayıcı və daha çox formal mərhələdir. Bəs necə oldu ki, formal vəzifə tutan şəxs istefa vermək zərurəti duydu?

Bildirilir ki, XVI Benedikt yorulub. Əlbəttə, onu anlamaq olar. 1927-ci ildə doğulmuş 86 yaşlı kahin bütövlükdə tarix ərzində katolik dünyasının ən qoca rəhbərlərindən sayılır. Ancaq yenə də belə təəssürat yaranır ki, yaşlılıq istefa qərarında əsas səbəb deyil. Yenə də deyək ki, Vatikanda əsrlərdir, sınaqdan çıxmış sistem işləyir və həmin strukturda birinci şəxs hətta məhdud fiziki imkanları ilə də fəaliyyətdə olan kimi qəbul edilir. Buna görə də düşünülə bilər ki, XVI Benediktin könüllü istefası bir sıra vacib səbəblərlə bağlıdır.

İlk növbədə məsələyə tam psixoloji nöqteyi-nəzərdən yanaşmaq zərurəti meydana çıxır. Məlumdur ki, əvvəlki papa II İohan Paveldən fərqli olaraq XVI Benedikt o qədər də parlaq təsir bağışlamayıb. Digər tərəfdən, o, son min ildə Vatikan taxtına əylənmiş ilk almandır. Tarixi və siyasi baxımdan vəziyyət elə gətirib ki, bu kürsüdə ən çox yer alanlar italiyalılar olub. Bir çox ekspertlərsə hesab edirlər ki, XVI Benedikt Vatikan administrasiyasının italyan çoxluğu tərəfindən soyuq qarşılanıbmış. Mövcud durum papada psixoloji stresslər yaradıbmış.

XVI Benediktin papa seçilməsini dünya ictimaiyyəti də böyük sevinclə qarşılamamışdı. Jurnalistlər dərhal onun tərcümeyi-halındakı xoşagəlməzlikləri yada salmışdılar. Məsələn, papanın 1941-ci ildə «Hitleryuqend» faşist gənclər təşkilatına üzv olduğu önə çəkilmişdi. 1945-ci ildə müttəfiq qoşunları Berlinə yaxınlaşanda ordudan uzaqlaşmasına və təslim olmasına baxmayaraq, keçmişin izləri qara ləkə kimi həmişə xatırlanırdı.

XVI Benediktin papalığı dövründə İslam dünyası ilə vəziyyət də gərgin səciyyə daşıdı. Ali kahinin bəzi açıqlamaları onu müsəlmanların gözündə düşmənə çevirdi. Mövcud vəziyyət isə özünü həmişə əsas beynəlxalq oyunçu kimi göstərmək istəyən Vatikan diplomatiyasının işini çətinləşdirirdi.

XVI Benediktin nüfuzunun aşağı düşməsinə təsir göstərən məqamlardan biri də katolik klişelərində pedofil qalmaqallarının baş qaldırması idi. Papa hər dəfə bu qalmaqalları ört-basdır etməyə çalışsa da, vaxtdan-vaxta söz-söhbətlər davam edirdi.

Vatikanda hələ keçmişdən alman kahinlərə qarşı əks lobbi formalaşıb. Məhz bu lobbinin içəridə baş verən hər cür hadisələrlə bağlı xəbərləri bayıra ötürdüyünü söyləmək mümkündür. Pedofil söhbətləri də bu mənada istisna olmayıb. Belə ehtimal var ki, XVI Benedikt istefaya məhz yeni qalmaqal dalğasının qarşısını almaq üçün gedir.

Əslində isə əsas diqqət tamam başqa məsələyə yönəldilməlidir. Hər halda bəzi ekspertlərin məsələyə dair mövqeləri fərqli motivlər üzərində düşünməyə əsas verir. Nədir o motivlər? İlk növbədə son illər Qərbi Avropada katolik kilsəsinin nüfuzunun aşağı düşməsinə, təsir dairəsinin məhdudlaşmasına diqqət çəkilməlidir. Əlbəttə, böyük hesabla hazırkı status-kvo XVI Benediktin səhvi deyil. Bu, bir tendensiyadır. Çünki son zamanlar Avropada İslam dininin mövqeyi güclənməyə başlayıb. Buna görə də katolik kilsəsində ciddi islahatlara ehtiyac yaranıb. Ehtiyac isə ilk növbədə papa postuna dinamik və müasir baxışları olan şəxsin gətirilməsindən keçir ki, xristian dünyası Avropanı əldən verməsin. Xristian gənclərə dinlə bağlı suallarını verə və cavablarını ala biləcəkləri Roma papası lazımdır. Köhnə qitəni bürümüş iqtisadi böhranlar şəraitində anarxiyanın baş verməməsi üçün də dinin ahəngdarlığı, mövcud xüsusda onun güclü ideoloji təmsilçisi olan Roma papasının varlığı olduqca vacibdir.//168.az
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed