Şrift:
Komitə sədri: “Əminik ki, dini icmalar siyasi oyunların iştirakçısına çevrilməyəcəklər”
15.02.2013 [16:53] - İslam dini
Lənkəranda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Davam.az-ın məlumatına görə, bu gün Lənkəran şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Respublikanın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri, Cənub rayonlarının icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və QMİ Elmi-Dini Şurasının rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışmış, bildirib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə mərhum ölkə başçısı Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb:

“Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, Azərbaycançılıq məfkürəsinin tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Bununla yanaşı unutmamalıyıq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövət Komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar”

Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siysiləşdirmə meyillərindən də danışıb. Qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir.”

E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən Komitənin əsas fəaliyyət istiqamələrindən birinin maarifləndirmə işi olduğunu önə çəkib.

Daha sonra çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu konfrans sayca ikinci olsa da, sonuncu deyil: “İlk növbədə Dövlət Komitəsinə belə bir təşşəbüsü üçün bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu cür tədbirlər ölkə dindarlarının maarifləndirmə işində mühüm rol oynayacaq.”

Lənkaran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə çıxışında belə bir tədbirin, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.

Digər natiqlər də çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında regional konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.

Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed