Şrift:
Əbülfəz Elçibəy dəryasından bir neçə damla...
24.06.2024 [15:41] - Xəbərlər, Gündəm
Əbülfəz Elçibəyin azadlıq mücadiləsi və Sovet imperiyasına qarşı mübarizəsini Azərbaycan xalqı Azərbaycan Milli Azadlıq Hərəkatı çərçivəsində bilir. Amma bu fəaliyyət bizim bidiyimizdən və düşündüyümüzdən çox-çox genişdir. Əslində Sovet respublikalarını bürümüş azadlıq hərəkatlarının ideoloji baxımdan qaynaqlandığı mərkəzlərdən biri də Azərbaycan olduğu üçün, SSRİ rəhbərliyi Ə. Elçibəyə imperiyanı dağıdan potensial lider, potensial düşmən kimi baxırdı. Hətta digər respublikalar və muxtariyyatlarda elə liderlər var idi ki, Ə. Elçibəydən taktiki məsləhətlər də alırdılar.
Ə. Elçibəy hələ SSRİ-nin stabil vaxtlarında bu dövlətin mövcudluğunu bütün hallarda işğal faktı olaraq xalqlar üçün aşağılayıcı boyunduruq kimi əsaslandıra bilirdi. Fundamental yanaşmaları ilk əvvəl əsl ziyalılar tərəfindən qəbul olunurdu ki, bu da bütün imperiyada yayılır və ilkin qığılcımlara səbəb olurdu. Kollektiv ruhu meydana gətirmək istedadına malik olan passionar ictimai rəy lideri olan Ə. Elçibəy Millətin çəkincən fərdlərini də mübariz kütlə üzvünə çevirə bilirdi .
Ə. Elçibəyin millətçi baxışları yalnız xalqın azadlığı-dövlətləşməsi-bütövləşməsi-inkişafı-qüdrətlənməsi prinsip ardıcıllığına bağlanmışdı. Milli iradə sərgilənmədən və milli güç ortaya qoyulmadan bu prinsəplərdən hər hansı birinə nail olmağın mümkünsüzlüyünü təqdim edirdi. Bu yanaşma praktiki olaraq alternativsiz idi. Elçibəy İmperiyaya qarşı mübarizəsində təşkilatlanma işlərini yalnız maarifləndirmə və s. üsullarla bitirmir, mütəşəkkil xalq- ordu xalq formalaşdırmaq hədəfləyirdi.
Tarixin və bu günün təcrübəsi bu yanaşmanın doğru olduğunu göstərdi.
Ə. Elçibəy sözdə deyil, əməli olaraq sübut etdi ki, onun üçün millətçilik öz millətini sevib, başqa millətlərə isə hörmətlə yanaşmaqdır.
Bir ideoloq və lider kimi onun haqqında hamı deyə bilər ki, Azərbaycanın müstəqilliyi və milli düşüncənin bərqərar olmasında Ə.Elçibəyin xidmətləri əvəzsizdir. Lakin, mən onu da əlavə edirəm ki, 1990-cı illərdə vüsət almış millətçilik ideologiyasının sağlam təbliği və bu prinsiplərə başqa çalarların qatılmaması da onun xidmətləri idi. Çünki, açıq şəkildə millətçilik cərəyanını radikal faşist düşüncəyə çəkmə cəhdləri var idi. Prezidentlik dönəmində milli azlıqlar haqqında verdiyi ilk fərman da bu mahiyyətin təsdiqi idi.
Eyni zamanda deyə bilərəm ki, Türkçülük ideyaları heç yerdə bizdə olduğu qədər qısa zamanda geniş vüsət almayıb. Bu məhz Ə. Elçibəyin xidməti idi. Həm bu xidmətləri, həm də Bütöv Azərbaycançı-Türkçü-Tuançı ideloji baxışlarına görə bütün Türk dünyasında Ə. Elçibəy birmənalı olaraq əvəzsiz lider kimi qəbul olunurdu. Elçibəy fərqliliklərin vəhdətin təmin etməklə yanaşı, məhvərində Türkçülük dayanan Azərbaycanlılıq prinsipini oturuşdururdu. Azərbaycanın dövlət kimi mövcudluğu, eləcə də Azərbaycanda bütün milli azlıqların var olması yalnız bu reseptlə mümkün idi.
Əbülfəz bəyin türkçülüyü ideologiya deyildi, yaşam tərzi idi. O, Türk olmağın şərəfini tam mahiyyəti ilə yaşayırdı. Törələrdəki ilahilik, bəşərilik, insansevərlik, əzmlə və şərəflə yaşama prinsipləri, alilik, məğlubedilməzlik duyğusu, ədalətlilik qaydaları, böyüyə sayğı, kiçiyə qayğı və s. saysız dəyərlərə ruhən tam bağlı idi Elçibəy. Bu xarekterindən doğan hal idi ki, siyasət haqqında xoş olmayan deyimlərə bir ad da artıra bildi- mənəviyyatlı siyasət.
Ə. Elçibəyin Türk millətçiliyi həm də dövlətçiliyə dayanırdı. Ə. Elçibəy tarixi Türk dövlətçilik ənənələrini mənimsəmiş, bu günün şətlərinə uyğunlaşdıra bilmiş böyük bir dövlət xadimi idi. O, millətin yaddaşında bir mərkəzi də məharətlə oyatdı- Türk ac, susuz qalar, Dövlətsiz qalmaz! Qüdrətli dövlət onun əsas prinsipi idi. Bu istiqamətdə o ciddi islahatlar aparan bir dövlət başçısı kimi də tarixə keçmişdir. Onun apardığı islahatlar barədə rus diplomatın Moskva ilə yazışması açıqlananda Rusiyanın təlaşı və bu addımlardan nə dərəcədə narahat olduqları faktiki aydın oldu. Rusiyanın nədən Elçibəyə qarşı bu qədər aqressiv olduğu soruşulanda gözlənilən cavab alınmışdı- Ona görə ki, Elçibəy Azərbaycan üçün ən doğruları edir...
Hər kəsə məlumdur ki, Ə. Elçibəy həm də Türk dövlətlərinin və Türk millətinin qüdrətlənməsi və inkişafını birmənalı olaraq Türk Birliyində görürdü. Prezidentlik dönəmində Türk dövlətlərinin birinci zirvə görüşünün keçirilməsinə də təşəbbüs göstərdi və Türkiyə prezidentinin dəstəyi ilə o zirvə uğurla baş tutdu. O, ictimai-siyasi-mədəni əlaqlərlə yanaşı, Türk dövlətlərinin iqtisadi-siyasi-hərbi birliyinin yaranmasında daha çox maraqlı idi. Bu birliyin yaranma konsepsiyasını təqdim edirdi. Ə. Elçibəy nümunə olaraq ilk əvvəl Azərbaycan-Türkiyə Konfedarasiyasının yaranmasını təklif olaraq irəli sürür və əldə olunacaq uğurları əsaslandırılmış şəkildə proqnozlaşdırırdı. O, bu cür birliklərdən doğmuş güçün Türk xalqlarının mövcud problemlərinin kökündən həllinin açarı adlandırırdı. O, paralel olaraq regional təhlükəsizlik konsepsiyasını da həyata keçirməyə çalışırdı. Şahidi olduğum Elçibəy-Dudayev-Qamsaxurdiya məsləhətləşmələri bu qənaəti tam formalaşdırdı. Bu liderlərin Rusiya tərəfindən hədəf götürülməsi səbəblərindən biri də bu idi.
Türk Birliyi kondeksində Türk xalqlarının təhlükəsizliyi və inkişafını gördüyü kimi, Bütöv Azərbaycanı da azərbaycan xalqının bəlalarının sonu kimi dəyərləndirirdi. Məşhur “Şuşaya yol Təbrizdən keçir” deyimi də bu düşüncənin ifadəsi idi. O, parçalanmış, bölünmüş xalqların firavan yaşamasının mümkünsüzlüyünü həm fəlsəfi olaraq, həm də tarixi təcrübəyə uyğun əsaslandırırdı. Azərbaycanın bütövlüyünə nail olmaq onun ən böyük amalı idi...
Bildiyiniz kimi, Elçibəyin həm ideoloji prinsiplərində, həm praktiki fəaliyyətində, həm də ruhən demokratik prinsiplərə bağlı idi. O, demokratik dəyərlərin ən yüksək şəkildə Türk törələrində olduğunu bildirirdi. Ə. Elçibəyə görə Törələrə sadiq hər Türk demokratdır, ədalətlidir, bəşəridir. O, hər hansı bir formada qurulmuş avtoritar rejimin kəskin əleyhidarı idi- hətta bu milli diktatura olsa belə. Ona görə hansısa bir milli marağa nail olmaq üçün yaradılmış milli-hərbi diktaturalar həmin marağı təmin etsə də, xalqın və dövlətin inkişafına böyük zərbə vurmuş olur ki, onun fəsadları uzun zaman özünü göstərmiş olur. Eyni zamnda bu cür idərəçilik formasının dayanaqlı olmasının qeyri mümkünlüyü qənaətində idi. Onun malik olduğu demokratik prinsiplər demokratik sivil dövlətlərin liderlərində ona qarşı maraq yaratmışdı. Ə. Elçibəyin fəaliyyəti demək olar ki, yaxından izlənilirdi. O, yumruğunu evdə- Azərbaycanda heç göstərmədi, amma düşmənlərə də yumruqdan başqa bir şey göstərmədi. Bunu Ə. Elçibəyin zəifi kimi gördülər... Amma dönəmin demokratik dünyasının liderlərindən hesab olunan Marqaret Tetçer onu soyuq müharibədə qələbə qazanmış demokratiyanın ilk lideri adlandırmışdı.
Ə. Elçibəy tarixin yetirdiyi azsaylı şəxsiyyətlərdəndir ki, ideoloq kimi dünyanın taleyini dəyişə biləcək prinsiplər təqdim edib, o prinsiplər uğrunda inqilabçı kimi bütün xalqı inqilaba qaldırıb və qələbə qazanmış inqilabın lideri kimi ideyaların praktiki tətbiqi ilə bağlı icraçılığı öz üzərinə götürə bilib.
Sonda Əbülfəz Elçibəyi xarakterizə edən bir məqama da diqqət çəkmək istəyirəm. Elçibəy o qədər zəngin mənəviyyata sahib idi ki, şəxsi və fiziksəl hadisələrin onun əhvalına və aurasına heç bir mənfi təsiri olmurdu. Səlahiyyətini itirmiş, yaxud xəstələnmiş adamların keçirdiyi daxili sarsıntılar səbəbindən çox vaxt onların ətraflarında mənfi aura yaranır. Elçibəy isə həm prezidentlikdən sadə kənd sakininin həyat tərzini yaşamağa məcbur olduğu dönəmdə, həm də həyatının sonunda ciddi xəstiləkdən əziyyət çəkdiyi vaxt yenə də o qədər müsbət auraya sahib idi ki, onu ziyarətə gələn insanları təəccübləndirirdi... Çünki bu Türk Kişisinin şəxsi həyatı yox idi. Halı məmləkətin halı idi.
Bu isə özünüdərkin və kamilliyin ən yüksək mərhələsinə çatmağın bariz nümunəsidir...
Yolbayımız Ə. Elçibəydin arzuladığı hədəfləriə çatacağımza tam əminliyimi bildirirəm.

Elçibəy “Orda bir yol var” deyirdi... O yola davam!!!

MDH Yolbayı,
İstiqlalçı millət vəkili,
1993-cü ildə Ə. Elçibəyin 1-ci müavini, AXC İcraiyyə komitəsinin sədri
Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed