Şrift:
Sosial İpoteka ilə bağlı qanunun müzakirə vaxtı açıqlandı.
20.02.2013 [14:09] - İqtisadiyyat
Azərbaycanda uzun zamandır müzakirəsi ləngiyən yeni “Sosial ipoteka haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Parlamentdən verilən məlumata görə, artıq sənəd üzərində bütün ziddiyyətli məqamlar həll olunub və bütün aidiyyəti qurumlardan müsbət rəylər alınıb. Layihə birbaşa gənclərin sosial rifahının gücləndirilməsi məqsədini daşıyır.

Xatırladaq ki, layihənin müzakirəsi ötən sessiyadan bu sessiyaya keçirilsə də, yenə də Milli Məclisin cari sessiyasının iş planına salınmayıb.

Qeyd edək ki, sənəddə bir sıra yeni təkliflər var. Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur. Sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4%-dən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür. Layihəyə görə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Layihədə nəzərdə tutulan Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq və bu zaman bütün məbləği tam şəkildə özü ödəməli olacaq.
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed