Şrift:
Qarabağda erməni terror təşkilatları - VİDEO
22.02.2013 [15:10] - Gündəm, Siyasət
Zaur Əliyev

AMEA-nın əməkdaşı
Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri
Siyasi fəlsəfə doktoru


Müasir dövrümüzdə terrorizm bir ölkə çərçivəsindən çıxmış bütün beynəlxalq aləmdə qlobal şəkildə yayılmış, iqtisadiyyatı, siyasəti və sosial həyatın bütün sahələrini əhatə etmişdir. Müasir qloballaşma prosesində dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrarasiyası terrorizmin sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət olunur. Bu gün qloballaşma sanki terrorçuların əl-qolunu açır. Bu mənada, onlar maddi-texniki və maliyyə cəhətdən çox yüksək səviyyədə təmin olunaraq bütün dünya sivilizasiyasına təhlükə törədirlər. Müşahidələr gösərir ki, terrorçular törətdikləri cinayətlərə görə – siyasi, milli, beynəlxalq,ideoloji, etnik, dini, dövlət, hərbi, hava və s. növlərə ayrılırlar.
Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir. Etnik separatizm özünü onda göstərir ki, hazırda dünyada 3000 müxtəlif etnik qrup və xalq yaşayır ki, onlardan yalnız 300 mininin öz dövləti və muxtariyyəti vardır.
Bilirik ki, separatizm çoxmillətli dövlətlərin tərkibində yaşayan azsaylı xalqların ayrılaraq müstəqil milli dövlət, vilayət yaradılmasına cəhd göstərmələridir. Hazırda erməni terrorçuları, dünyanın elə bir ölkəsi yoxdur ki, orda öz təşkilatlarını yaratmasınlar. Onlar özgə torpaqları hesabına «Böyük Ermənistan» dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə terrorçuluq edir, minlərlə günahsız insanların qətlinə səbəb olurlar. Bu gün qloballaşma dövründə erməni terrorizmi dünya sivilizasiyası üçün böyük təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə nail olmaq üçün dəridən qabıqdan çıxırlar. Qeyd etmək lazımdır ki, «Daşnaksutyun», «Asala» və digər erməni terrorçu təşkilatları Yaxın Şərqdə «Əl-Kaidə» ərəb terrorçu təşkilatı ilə sıx əməkdaşlıq edir, birlikdə iş aparırlar. Onlar Qarabağ müharibəsində bu təşkilatların köməyindən istifadə etmişlər.

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar.
1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verildiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdrıldı.

"Qarabağ Komitəsi"

Qarabağ” Komitəsi 1988-ci ilin fevralında İrəvanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün təşkilat komitəsi kimi yaradılıb. Ermənistanda yaradılan “Qarabağ” Komitəsi dövlət orqanlarına Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə təzyiqlərə başlamağa çağırıb, bu komitənin rəhbərliyi altında aksiyalar, tətillər təşkil olunub. Lakin komitənin İrəvanda və Ermənistanın digər şəhərlərində təşkil etdiyi mitinqlərdə Lenin və Qorbaçovun portretləri qaldırılırdı, “Lenin-partiya-Qorbaçov” şüarları səslənirdi.

DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.
1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən, Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

1988-ci ilin mayında “Qarabağ” Komitəsinin tərkibində ciddi dəyişiklik olub. Onun tərkibindən Qarabağ ermənilərinin təmsilçiləri olan İqor Muradyan və Zori Balayan xaric olunublar. Levon Ter-Petrosyanın nəzarətinə keçən komitə əsasən erməni ziyalılarından ibarət olub, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə yanaşı digər siyasi, iqtisadi tələblər də irəli sürməyə başlayıb. Onun tərkibində Vazgen Manukyan, Vano Siradeqyan və digərləri yer alırdı. Ermənistan. Daşnakların qondarma “Qarabağ” komitəsi Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində kütləvi terror metodları və üsullarından istifadə etməklə azərbaycanlıları və kürdləri oradan zorla qovub çıxarmaq üçün genişmiqyaslı silahlı əməliyyatlar keçirilməsi barədə tapşırıq verilmişdi. Əvvəlcə 200.000 azərbaycanlı Ermənistandan qovulmağa başlanmışdı.

Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Vall öz kitabında yazır ki, komitə 1988-ci il fevralın 20-də İrəvanın Teatr Meydanında izdihamlı mitinqlərə başlayıb, fevralın 26-da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə mitinqə qatılanların sayı 1 milyonu keçib. Həmin gün Kremldə Mixail Qorbaçov erməni separatçı hərəkatının əsas ideoloqlarından Zori Balayanı və Silva Kaputikyanı qəbul edib, Qarabağ hərəkatını “arxadan zərbə” adlandırıb və deyib ki, bölgənin Ermənistana birləşdirilməsi ideyasına qarşıdır. Balayan və Kaputikyan isə Qorbaçova vəd veriblər ki, İrəvandakı mitinqləri bir aya dayandıracaqlar.

1989-cu ilin mayında SSRİ prokurorluğunun qaldırdığı cinayət işi əsasında “Qarabağ” Komitəsinin üzvləri başda Ter-Petrosyan olmaqla kütləvi iğtişaşların təşkilinə görə həbs edilir və bir ildən çox həbsdə qalırlar. 1990-cı ildə isə komitənin daxil olduğu Erməni Ümummilli Hərəkatı parlament seçkilərini udur, komitənin üzvləri nazir və digər dövlət vəzifələri alırlar.
Lakin bir neçə il sonra məlum olur ki, “Qarabağ” Komitəsinin üzvlərinə qarşı SSRİ Prokurorluğu tərəfindən başladılan, KQB tərəfindən istintaqı aparılan cinayət işi Ermənistan Prokurorluğunun arxivindən müəmmalı şəkildə yoxa çıxıb.

Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna)

80-ci illərin ikinci yarısında Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən təxribatçı "Krunk" erməni ekstremist təşkilatı SSRİ-dəki və xaricdəki erməni "Milli müqəddərnatı müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi erməni komitəsi"nin himayəsindən istifadə edərək fəaliyyətini gücləndirdi. "55-lər komitəsi" adlanan orqanın göstərişləri əsasında "Krunk" vilayətin erməni əhalisini Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə çağırırdı.

KRUNK («Dağlıq Qarabağın İnqilabi İdarə Olunması Komitəsi»)—un əsasən Fransa və Kaliforniya erməni kilsələri tərəfindən maliyyələşdirilirdi. Diqqəti azdırmaq üçün “krunk (ermənicə “durna” deməkdir) ədəbi obrazdır” faktından istifadə olunub. “Krunk” təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Ovanesoviç Yesayan, “Yevkrapa cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Avakumoviç Petrosyan, zabit Tatavis Baqromoviç Baqramyan və sairələri liderləri idilər. Rəsmi olaraq 1988-ci il, martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır.
KRUNK”-un sıralarında Yaxın Şərqdən olan xarici muzdluların da döyüşdüyü deyilir. Təşkilatın rəhbəri keçmiş Stepanakert tikinti-inşaat materialları kombinatının direktoru Arkadi Manuçarov idi.

Təşkilatın üzvlərinə daxil idilər: Ermənistan Silahli Qüvvələrinin qurucusu Vazgen Sarkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, "DQR"in keçmiş Müdafiə Rəisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, Ermənistanın indiki Müdafiə Naziri, general-polkovnik Seyran Ohanyan, Xankəndində doğulmuş Ermənistanın indiki prezidenti Serj Sarkisyan, "DQR"in keçmiş prezidenti Arkadi Qukasyan, Xankəndində doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan .

"Krunk" (Vətən ücün həsrət simvolu dovdaq adı ilə) ermənillərin Qarabağda hakmiyyətə gəlməsi və bu torpaqların Ermənistana birləşdiriləmsini əsas hədəfi olaraq görürdü.

“Krunk”un ideoloji seksiyasına Stepanakert ipək əyirici fabrikinin partiya komitəsinin katibi (hazırda Ermənistanın sabiq prezidenti) Robert Koçaryan rəhbərlik edirdi. R.Köçəryan Xankəndidə komsomol komitəsində işlədiyi müddətdə onun iş otağı həmin vaxtlarda ermənilər tərəfindən “Daşnaksütyun” və “Krunk”un fəal dayaq nöqtəsi kimi istifadə olunurdu. 1988-ci il fevralın 12-də azərbaycanlılara qarşi ilk mitinq məhz Köçəryanın rəhbərliyi altında təşkil edilmişdir. Hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində evin yandırılması və azərbaycanlı dinc sakinlərinin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq R.Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdi.

Qarabağda azərbaycanlı və rus zabitlərinin və dövlət rəsmilərinin olduğu 20 noyabr Qarakənd üzərindəki vertolyot faciəsini də törədən məhz bu təşkilat idi.

“Krunk” təşkilatının rəsmi elan edilmiş məqsədləri bu regionun tarixini, onun Ermənistanla əlaqələrini öyrənmək, tarixi abidələri bərpa etmək idi. Əslində isə bu komitə kütləvi etiraz nümayişlərinin təşkilatçısı funksiyalarını öz üzərinə götürmüşdü. Tom de Vaal özünün “Qara bağ” kitabında yazır: “Krunk” Qorbaçov dövründə Sovet İttifaqında tətillərdən siyasi silah kimi istifadə etməyə başlamış ilk təşkilat oldu. DQMV-də aylarla davam edən tətillər başlandı, tədricən onlar regionun azərbaycanlı əhalisinin qovulmasına yönəlmiş tədbirlərə çevrildi.

“Krunk”un və digər millətçi təşkilatların liderləri onların iştirakı ilə təhrik edilmiş erməni-azərbaycanlı qarşıdurmasının xalqlar arasında əsl qanlı müharibəyə çevrilməsində fəal iştirak etmişlər. Bunun üçün erməni təşkilatları münaqişə rayonuna xaricdən külli miqdarda silah və çoxlu muzdlu göndərməyə başlamışdı.

Qeyd edək ki, Sumqayıt hadisələri zamanı istintaq müəyyən etmişdir ki, hadisələrin törədilməsində birbaşa rolu olan «Krunk» millətçi təşkilatına üzvlük haqqı ödəyən ermənilərə Sumqayıtda heç nə olmamış, qətlə yetirilən və xəsarət alan ermənilər isə bir qayda olaraq ermənilərin kasıb olanları və «Krunk»a pul ödəmək iqtidarında olmayan ailələrin nümayəndələri olmuşdur.
Xocalı soyqrımı ilə bağlı istintaq materiallarında Suren Paşayanın da adı çəkilir ki, o "Krunk” təşkilatının Fransa bölməsinin üzvü, Fransa vətəndaşıdır və bu soyqrımda Azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilibdir.

1988-ci il martın 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti müvafiq qərar qəbul etdi. Bu qərara görə, “Krunk” cəmiyyəti və onun rəhbər orqanları buraxılır, icazəsiz yığıncaqlar keçirilməsi və digər tədbirlər qadağan edilirdi.
«Krunk” rəsmən buraxılmış olsa da, faktiki olaraq öz fəaliyyətini davam etdirirdi, çünki ittifaq rəhbərliyinin köməyi olmadan Azərbaycanın hüquq-mühafizə orqanları bu cəmiyyətin fəaliyyətini sərt tədbirlərlə dayandıra bilməzdi. Mayın 8-də «Krunk” komitəsinin fəaliyyətinin qadağan edilməsi ilə əlaqədar Direktorlar Şurası yaradılması qərara alınmış və 1991-ci ilin axırlarında qondarma Dağlıq Qarabağ Respublikasının qondarma Ali Sovetinə qondarma seçkilər keçirilənə qədər həmin Şura “Qarabağ ermənilərinin milli hərəkatı”na rəhbərlik etmişdi. 1988-ci ilin baharında Azərbaycan SSR rəhbərliyi «Krunk” komitəsini korrupsiyaya qurşanmış klanların yuxarı təbəqəsi elan etdi, bu təşkilatın rəhbəri Arkadi Manuçarov isə xüsusilə böyük həcmdə oğurluqlar etməkdə ittiham üzrə SSRİ prokurorluğu tərəfindən həbs edildi.

1990-cı il yanvarın 15-də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının «uğurla realaşması» üçün mübarizə aparan terrorçu «Qarabağ» və «Krunk» təşkilatları birləşib «Erməni Ümummilli Hərəkatı»nı (EÜH) yaratdılar. Artıq hər cür zorakılıq, terror və vəhşilik törətməyə qadir güclü, müasir silahlarla təchiz edilmiş Erməni Milli Ordusu formalaşdırılmışdı. EÜH-na L.T.Petrosyan başçılıq edirdi. Aparılan araşdırmalar nətəicəsində məlum olur ki, 1990-cı ilin əvvəllərində Ermənistandan DQMV-nə 1500 nəfərdən çox hərbi təlim keçmiş gənc erməni köçürülmüşdü. Eyni zamanda, DQMV Aqrar Sənaye Komitəsinin rəhbəri R.Ayriyanın təşəbbüsü ilə bölgədə «dərin şum işləri aparmaq» adı altında Rusiyadan T-54 tipli 40 ədəd «çıxdaş» edilmiş tank Dağlıq Qarabağa gətirilmişdir. Torpaqlarımızın 20 faizinin işğal edilməsində erməni cəlladları həmin tanklardan çox məharətlə istifadə etmişdilər.

Xocalıdakı əməliyyatın məxfi adı Çexoslovakiyanın Kladno şəhərində almanlar tərəfindən yerlə-yeksan edilmiş Liditse kəndindən götürülmüşdür. Əməliyyat Qarabağı türklərdən təmizləmə (məhv etmək) məqsədilə yaradılan “KRUNK” təşkilatında əvvəldən-axıra müzakirə edilib. Ermənilərin təşkilatçılığı ilə SSRİ-nin könüllülərdən ibarət xüsusi təyinatlı hərbiçiləri (Əfqanıstanda döyüş keşmiş hərbiçilərin də iştirakı ilə) Rusiyanın Xankəndindəki 366-cı motoatıcı alayının heyətində hücum-qətliam gerçəkləşdirdilər. “KRUNK”-da hər cür alçaqlıq edənlər daha sonra Ermənistanın hakimiyyət strukturunu təşkil etdilər.

Hazırda təşkilat dünyanın müxtəlif ölkələrində mədəniyyət mərkəzi adı altında fəaliyyət göstərir. Qeyd edək ki, azərbaycanlı zabitin ekstradisiyasından sonra son zamanlar erməni terrorçu və ekstremist təşkilatları tərəfindən Azərbaycan Türkiyə diplomatlarına qarşı səsləndirilən təhdid və hədələrin güclənməsi müşahidə olunur.

“Arabo” batalyonu

Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərində işğalçılıq və etnik təmizləməyə başlayan ermənilərə bir çox xarici ölkələrdən, o cümlədən Yaxın Şərqdən muzdlular köməyə gəlirdi. Yaxşı təlim keçmiş, erməni diasporu tərəfinən maliyyələşdirilən bu muzdlular əsasən ayrıca dəstələrdə birləşirdilər və xüsusi amansızlıqları, vəhşilikləri ilə fərqlənirdilər. Belə dəstələrdən biri də “Arabo” batalyonu idi. Həmin batalyonda Suriya və Livandan gətirilmiş, erməni terror təşkilatı “Asala”nın düşərgələrində təlim və döyüş hazırlığı keçmiş 200-dən yuxarı erməni cəmləşmişdi. Batalyonun aktiv əməliyyatları 1991-ci ildən başlayıb. Erməni mənbələrində yer alan materiallardan məlum olur ki, batalyona “Arabo” adının verilməsi təsadüfi deyildi. Məlum olur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı imperiyasının ərazisində türklərə qarşı terror, qətliamlar törətmək üçün formalaşdırılmış ilk erməni fədai dəstələrindən birinə Arabo adlı erməni başçılıq edirmiş. XX əsrin sonlarında Qarabağda azərbaycanlılara qarşı qəddar qətliamlar və soyqırım həyata keçirmək üçün formalaşdırılmış muzdlu dəstəyə də həmin erməninin adı verilib.

Arabo” batalyonunun komandiri Manvel Yegizaryandır. 1960-cı ildə anadan olub. Orta təhsillidir.
1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş amansız qətliamın müəlliflərindən biri də məhz “Arabo” batalyonu idi. Həmin il fevralın 17-də Rusiya ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı dəstələri Qaradağlı kəndinə hücum edib, kənd sakinlərindən 117 nəfəri öldürülüb, 104 dinc sakin və yerli özünümüdafiə dəstəsinin 15 üzvü əsir götürülüb. Öldürülənlərin cəsədləri təhqir olunub, körpə uşaqlara, hamilə qadınlara da aman verilməyib, ermənilər cəsədləri doğrayaraq silos quyusuna doldurublar. Əsirlərə amansız işgəncələr verilib, onlardan bir çoxu öldürülüb. Nəhayət Qaradağlı qətliamından bir neçə gün sonra “Arabo” batalyonu da daxil olmaqla erməni muzdlularından ibarət dəstələr 366-cı alayla birlikdə Xocalıya hücum edib. Yer üzündən silinən bu şəhərin yüzlərlə dinc sakinini mühasirəyə alıb xüsusi amansızlıqla qıranlar arasında “Arabo” muzdluları da yer alırdı.

Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığında gizlənib batalyonun onların yerini təsbit edən “Gəncə batalyonu” döyüşçüləri “Arabo” batalyonunu üç istiqamətdən mühasirəyə alıb və yaxın məsafədən döyüşə girərək heç bir ağır silahdan istifadə etmədən onun üzvlərinin böyük əksəriyyətini - 167 nəfərini məhv edib.

Həsənqaya kəndinin qırağında Mehman Ələkbərovun məharətli manevri sayəsində erməni qüvvələri mühasirəyə alındı. 171 nəfər şəxsi heyyətə malik olan, ən axırıncı müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123-cü rotanın 2-ci Gəncə taboru tərəfindən tamamilə məhv edildi. Taborun komandiri M.Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin qırağında qaldı. Beləliklə, Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli günahkarlarından olan "Arabo" taboru qeyri-bərabər döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq panikaya uğramış və məhv edilmişdir. Ən müasir silahlarla silahlanmış böyük döyüş təcrübəsi olan 171 nəfərlik tabora qarşı, atıcı silahları olan 146 nəfərlik könüllülər taboru vuruşub.
Manvel Yegizaryan və onunla sağ qalanlar Ermənistana qaçır və hazırda da orada yaşayırlar. Mamvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının birbaşa təşkilatçısı olub və bu tabor amansızlığı ilə tanınırdı. Ermənilər bu taborun məhvini 1994-cü ilə qədər gizlədirdilər. Lakin 1994-cü ildə Mamvel Enqibaryan taborunun məhv edildiyini etiraf etdi.

Qeyd edək ki, Erməni rejissoru Ruben Ovannisyan Qarabağda azərbaycanlılara qarşı cinayətlərdə adı daha çox hallanan, Xocalıda dinc sakinlərə qarşı amansız cinayətlər törətmiş “Arabo” silahlı dəstəsinin üzvləri barədə sənədli film çəkib. Dəstə üzvü Hamlet Qalstyan haqqındakı sənədli filmdə erməni canilərinin cinayətləri “qəhrəmanlıq” kimi təqdim edilir. Qeyd edək ki, film erməni silahlıları barədə ekranlaşdırılan ilk sənədli filmdir.

KarabakhINFO.com

Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed