Şrift:
Faxtə Zamani: Həbslərə və təzyiqlərə baxmayaraq, Güney Azərbaycan öz hüquqları uğrunda mübarizəni davam etdirir
22.02.2013 [16:30] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
«Azərbaycan türkləri Urmiya problemini beynəlxalq müzakirəyə çıxarmağa nail olublar

Beynəlxalq insan haqları təşkilatları İranda son zamanlar edam hökmlərinin icrasıyla bağlı narahatlıqlarını bildirib. «Amnesty İnternational» (Beynəlxalq Əfv Təşkilatı) azərbaycanlı, əhli-haqq (ələvi) təriqətinə mənsub Yunis Ağayan da daxil olmaqla daha iki nəfərin bu yaxınlarda edam olunacağını açıqlayıb. Bu il İranda prezident seçkiləri ilidir. Müşahidəçilər adətən prezident seçkiləri ilində İranda insan haqları sahəsində vəziyyətin daha da gərginləşəcəyilə bağlı xəbərdarlıq ediblər. Hazırda Norveçdə yaşayan azərbaycanlı insan hüquqları müdafiəçisi Faxtə Zamani «Amerikanın Səsi»nin qonağı olub. O, İrandakı siyasi vəziyyət, Güney Azərbaycandakı milli hərəkatla bağlı sualları cavablandırıb. Əhəmiyyətli məsələlər qeyd olunduğu üçün müsahibəni yazılı şəkildə təqdim edirik.
- Bu yaxınlarda «Amnesty İnternational» İranda siyasi fəallar, o cümlədən azərbaycanlı Yunis Ağayan da daxil olmaqla bir neçə nəfərin edam olunacağıyla bağlı narahatlığını ifadə edib. Təşkilat İran hökumətinə onların ölüm cəzasının dəyişdirilməsilə bağlı müraciət edib. Siz bu durumu necə qiymətləndirirsiniz?
- Bəli. Son zamanlar İranda edamların sayı həqiqətən də narahat doğuracaq bir səviyyədə artıb. BMT, digər beynəlxalq təşkilatlar və dövlətlər insan haqlarının tapdalanmasının qarşısının alınması, eyni zamanda qoşulduğu beynəlxalq konvensiyalara əməl etməsi məqsədilə dəfələrlə İrana təzyiq göstəriblər. Təəssüflər olsun ki, indiyədək heç bir nəticə əldə olunmayıb. Hətta İran hökuməti edamların, xüsusilə də ictimai yerlərdə ölüm hökmünün icra edilməsinin və insan hüquqları pozuntularının sayını artırıb. Əsasən də dünya ictimaiyyətinə səslərini çatdırmaqda çətinlik çəkən qeyri-fars millətlərinin, xüsusilə Azərbaycan türkləri, bəluçlar, ərəblər türkmənlər, qaşqaylar, lorların huquqları kobud şəkildə pozulur. Elə Yunis Ağayan bunun bariz nümunəsidir. Bu şəxs azərbaycanlı olmaqla yanaşı, dini baxımdan da azlıqdır. İran təhlükəsizlik qüvvələri bir neçə il əvvəl onların yaşadığı kəndə hücum edərək bir neçəsini yaraladı və bir neçəsini də tutdu. Onları işgəncə altında yalançı etiraflar verməyə məcbur etdilər. Hazırda həmin insident zamanı həbs olunan soydaşlarımız edam olunacağı günü gözləyir. Bundan əlavə, ərəblərin kompakt yaşadığı Xuzistan bölgəsində də 5 ərəb fəalı edam olunmaq təhlükəsilə üzləşib. Eyni zamanda bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan vilayətində çoxsaylı edamlar həyata keçirilir. Ancaq onların əksəriyyətindən dünya ictimaiyyəti xəbər tutmur. Çünki İran hökuməti xəbərin içəridən çıxmaması üçün onlara təzyiq göstərir. Bundan başqa, qeyri-fars millətləri həm siyasi, həm də iqtisadi baxımdan rejimin ciddi basqısı altındadırlar. Ümumiyyətlə, son zamanlarda İranda insan haqları sahəsində vəziyyət kəskin şəkildə pisləşib.
- Faxtə xanım, bu il İranda prezident seçkiləri ilidir. Müşahidəçilər prezident seçkiləri ilində İranda insan haqları sahəsində vəziyyətin daha da gərgin olduğunu bildirir. 2009-cu illə müqayisədə bu il İrandakı durumu necə dəyərləndirirsiniz?
- İrandakı vəziyyət builki prezident seçkilərinin 2009-cu il prezident seçkilərindən fərqli olacağını göstərir. Yəni 2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkiləri tamamilə formal bir seçki olacaq. Belə ki, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin dəstəklədiyi və İran Keşikçilər Şurasının süzgəcindən keçmiş namizədlər prezident seçkilərinə buraxılacaq. İran Keşikçilər Şurasının qeydə aldığı namizədlər isə daha çox ali dini liderin adamları olacaqlar. Eyni zamanda ayətullah Xamneyi indidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olan şəxslərə tərəfdarlarında 2009-cu ildəki kimi küçələrə çıxmaq və etiraz aksiyaları keçirmək fikri yaratmamaq barədə ciddi xəbərdarlıq edib. Ölkədə həyata keçirilən edamlar, təqib və təzyiq kampaniyaları, jurnalistlərin, milli-mədəni və siyasi fəalların həbsi və s. rejimin 2009-cu ildəki hadisələrin təkrarlanmasına icazə verməyəcəyini göstərir. Eyni zamanda hazırda dörd il bundan əvvəl keçirilmiş seçkilərdən sonra tutulan insanların, xüsusilə də islahatçılar düşərgəsinin öncüllərinin əksəriyyəti hələ də həbsxanadadır. Yəni onların əl-qolları tamamilə bağlanmış vəziyyətdə olduğundan fəaliyyət göstərmələri mümkünsüzdür. Bundan başqa, bir çox təşkilatları, qəzetləri, jurnalları qapadıblar və xalqın proseslərə təsir etmək imkanlarını azaldıblar. Ancaq bununla belə, İranda indidən vəziyyətin necə olacağını söyləmək çətindir. Çünki xalq da bu rejimin əlindən cana doyub. Ona görə də bütün basqılara baxmayaraq müəyyən fəaliyyətlər var. Lakin proseslər xalqa hansısa bir addım atması üçün heç bir imkan verilməyəcəyini göstərir.
- 2009-cu ildən keçən son dörd il ərzində İranda öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri öz hüquqları uğrunda mübarizəni davam etdiriblər. Onlar Urmiya gölünün quruması kimi ekoloji problemin beynəlxalq səviyyədə müzakirəyə çıxarılmasına nail olublar. Sizcə, İranda azərbaycanlılar öz hüquqları uğrunda mübarizəni necə və hansı istiqamətdə davam etdirəcəklər?
- Bildiyiniz kimi, uzun müddətdir azərbaycanlılar çox mədəni şəkildə öz etirazlarını İran hökumətinə bildirirlər. İndi rejimin azərbaycanlılara nə qədər açıq fəaliyyət göstərəcəyinə imkan verəcəyi məlum deyil. Məsələn, Məhəmməd Xatəminin prezidentliyi dövründə çoxsaylı qəzet və jurnalların nəşrinə, tədbirlərin keçirilməsinə icazə verilirdi. Bundan başqa, milli-mədəni fəallar müxtəlif imkanlardan yararlanaraq ali təhsil müəssisələrində Azərbaycan türklərinin üzləşdiyi problemləri gündəmə gətirirdilər. Ancaq Mahmud Əhmədinejad prezident kürsüsünə əyləşdikdən sonra basqılar artdı, həbslər çoxaldı, qəzet və jurnallar qapadıldı. Uzunmüddətli həbs cəzasına məhkum edilərək hazırda həbsxanada yatan soydaşlarımız var. Ancaq bununla belə, azərbaycanlılar çətinliklər və həbslərə baxmayaraq, dil və mədəni hüquqları uğrunda mübarizəni davam etdirir və öz etirazlarını, səslərini çatdırmaq üçün yeni yollardan istifadə edirlər. Buna əyani sübut olaraq İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin «Traktor» komandasının oyunlarını göstərmək olar. Belə ki, biz həmin matçlarda azərbaycanlıların müxtəlif şüarlar, tələblər səsləndirməsinin şahidi oluruq. Rejimin isə həmin zaman böyük bir kütləyə nəzarət etmək imkanları olmur. Azərbaycanlılar bütün basqılara rəğmən öz etirazlarını davam etdirəcəklər. İranda prezident kürsüsünə yeni biri əyləşdikdən sonra da təzyiqlərin səngiməyəcəyi və azərbaycanlı fəalların həbslərinin arta biləcəyi ehtimal olunur. Bu baxımdan soydaşlarımız səsini dünya ictimaiyyətinə səsini çatdırmaq üçün daha yeni üsullar tapmağa çalışacaq.
- Faxtə xanım, bir qədər də öz fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik. Bildiyimizə görə, siz BMT və digər beynəlxalq təşkilatlarla birgə çalışırsınız. Hazırkı fəaliyyətiniz nədən ibarətdir?
- Mən ilk öncə fəaliyyətimi azərbaycanlı fəalları müdafiə etməklə başlamışam. Bunun üçün bəzi yoldaşlarla birlikdə İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) adlı bir təşkilat qurmuşuq. Ancaq bununla belə, mənim «Amnesty İnternational» (Beynəlxalq Əfv Təşkilatı) və BMT ilə yaxın əməkdaşlığım var. Mən onlarla birlikdə İrandakı qeyri-fars millətlərinin, xüsusilə ərəblərin, bəluçların səsini dünya ictimaiyyətinə çatdırmağa çalışmışıq. Hazırda da İrandakı azərbaycanlıların durumunu yaxından izləyirəm. Güney Azərbaycanda baş verən prosesləri BMT-nin İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhidin tez-tez diqqətinə çatdırıram. Bundan əlavə, İranda son zamanlar artan edamların dayandırılması üçün müəyyən fəaliyyətlərim var. Eyni zamanda qaşqaylar, lorlar, yəni həm türk, həm də qeyri-türk millətlərinin öz səslərini dünya ictimaiyyətinə çatdıra bilmələri üçün xəbərlərini özlərinin göndərə bilməsinə yardım etməyə çalışırıq.
VOA
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed