Şrift:
Toy qiymətləri bahalaşacaq?
01.03.2013 [10:02] - Sosial
Bu gündən şadlıq evlərində standartın tətbiqininin monitorinqinə başlanılacaq

Fazil Talıblı: “Standartların tətbiqi heç bir halda qiymətləri bahalaşdırmayacaq”

Vüqar Bayramov: “…qiymətlər yüksələcək”

Məlum olduğu kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şadlıq evlərilə bağlı hazırlanan standartların tətbiqi ilə əlaqədar verilən vaxt bu gün tamam oldu. Artıq bu gündən etibarən şadlıq evlərində standartların tətbiqi ilə bağlı yoxlamaların aparılması üçün işlərə başlanılacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Davam.az” –a açıqlamasında bildirdi ki, standartların tətbiqi üçün nəzərdə tutulan tarix həftəsonuna təsadüf etdiyindən, bu gündən yoxlamaların aparılacağı şadlıq evləri ilə bağlı qrafik tutulacaq: "Gələn həftədən etibarən isə yoxlamalara başlanılacaq. Yoxlamalar zamanı şadlıq evlərinin mətbəxlərində çalışan heyətin tibbi müayinədən keçməsi və yoluxucu xəstəliklərin olmadığı haqqında arayış alması ilə yanaşı, sarayda çalışan administratorun, süfrəçinin, barmenin, somelyenin və aşbazların işlədikləri sahə üzrə təhsilli olib-olmadığı, rəqs meydançasının, menyuda göstərilən yeməklərin tərkibinin standartlara uygunluğu və sair təftiş ediləcək. Bu yeni qayda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hazırladığı "Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartında nəzərdə tutulub. Təbii ki, bizim nümayəndələr birdən-birə şadlıq evlərində standartlara əməl etməyən sahibkarlara qarşı sərt tədbirlər görməyəcəklər. Yəni əslində məqsəd sahibkarlıq obyektlərinə qarşı hər hansı təyziqlər etmək yox, tədricən bu sahədə vəziyyəti standartların tələblərinə uyğunlaşdırmaqdır. Odur ki, biz sahibkarlara yenidən müraciət edərək onları standartların tələblərinə əməl etməyə çağırırıq”.
F. Talıblının sözlərinə görə, şadlıq evlərində aparılacaq yoxlamaların keçirilən məclisləri pozmayacağını, sadəcə olaraq standartın tələbinə uyğun olub-olmadığnın yoxlanılacaq. Onun sözlərinə görə, bəzi mətbu orqanlarda standartların tətbiqinin şadlıq evlərində qiymət bahalaşmasına səbəb olacağı barədə iqtisadçı proqnozları səhvdir: "Standartların tətbiqi heç bir halda qiymətləri bahalaşdırmayacaq. Çünki, bunun üçün sahibkarlardan sadəcə standartların tələblərinə əməl etmət tələb olunur”.
Qeyd edək ki, Azərbaycanda 512 şadlıq sarayı var. Bu şadlıq saraylarının 300-ə qədəri 300 nəfər və artıq qonaq qəbul etmək imkanına malik olan salonlardan ibarətdir. Şadlıq evlərinin təmsilçiləri ANS-ə bildiriblər ki, əslində yeni standartların tədbiqi onların işinə elə də ciddi problem yaratmayacaq. Çünki onlara toy sifarişi verənlər, adətən, 200-250 qonaq çağırırlar. Buna görə də əsas salonlarda yetərincə yer olur.
Ekspertlərin fikrincə, yeni standartların tətbiqi bazarda qiymətin qalxmasına səbəb olacaq. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, salonların təxminən 20 faizə qədəri artıq sünnət və ad günü mərasimlərində istifadə ediləcək: “ Çünki onlar indi 100-150 insan üçün nəzərdə tutulub. Martın 1-dən sonra onlara 60-70 adam yerləşdirmək mümkün olacaq. Əvvəl 200 nəfər qəbul edən salonlar isə indi 100-150 insana xidmət edə biləcək ki, bu da oğlan və qızın birlikdə toy etməsinə imkan verməyəcək. Nəticədə hər ikisi ayrı-ayrı toy etməyə məcbur olacaq. Bu isə şadlıq saraylarına olan tələbatı artıracaq. Nəticədə qiymətlər yüksələcək”.
Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed