Şrift:
Qabil Hüseynli: “Kremlin ölkəmizlə bağlı bəlli niyyətləri var”
04.03.2013 [11:53] - Gündəm, Siyasət
“RUSİYA AZƏRBAYCANDA SEÇKİÖNCƏSİ TƏXRİBATA ƏL ATA BİLƏR”

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Gürcüstan və Azərbaycanın Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzə olması ilə bağı bəyanatından sonra diqqət yenidən Rusiya mövzusuna yönəlib. Həmin bəyanat bir çox istiqamətlərdən şərh olunub. Gürcü liderin məhz Azərbaycandan qayıtdıqdan dərhal sonra belə bir bəyanat verməsi Rusiya hakimiyyətinin rəsmi Bakı ilə onsuz da soyuq olan münasibətlərini daha da pisləşdirə bilər. Çünki açıqlamadan belə anlaşılır ki, hər iki ölkə hakimiyyəti Rusiya təhlükəsinə qarşı narahatdır.

Politoloq Qabil Hüseynli hesab edir ki, Saakaşvilinin bəyanatı razılaşdırılmış bəyanat olsa, Rusiyanın Azərbaycan və Gürcüstana qarşı hazırladığı qəzəbindən ehtiyatlanmağa dəyməz. Artıq münasibətlərin pik nöqtəyə çatdığını düşünən politoloqun fikrincə, Azərbaycan daha çox bu təzyiqləri neytrallaşdırmaq haqda düşünməlidir. Q.Hüseynliyə görə, bunun bir yolu da məsələni beynəlxalq təşkilatların müzakirəsinə çıxarmaq ola bilər: “Azərbaycanın buna görə nə narahat olmasına, nə də belə deyək, Rusiya daha çox qəzəblənə bilər deyə, ehtiyatlanmağına dəyməz. Çünki Rusiya artıq kartların bir çoxunu açıb, açıq oynamağa başlayıb. Belə olan təqdirdə Azərbaycanı Rusiyanın qəzəbi yox, onun düşündüyü məkrli planların qarşısını necə almaq maraqlandırmalıdır”.

Ekspertin zənnincə, Rusiyanın hərəkətləri dözülməz bir həddə çatdıqda bu məsələlər mütləq beynəlxalq qurumlar səviyyəsinə qaldırılmalıdır: “Yəni, məsələn, bu gün Ermənistan Rusiya tərəfindən sürətlə silahlandırılır. ATƏT Minsk Qrupunun həmsədri olan ölkənin təcavüzkara bu qədər silah ötürməsi BMT TŞ-də müzakirə ediləcək məsələ ola bilər. Rusiyanın Xəzər Dəniz Donanmasının sürətlə silahlandırılması və donanmaya sualtı qayıqların və suüstü kreyserlərin daxil edilməsi Xəzər dənizinin militaristləşdirilməsi kimi ciddi müzakirə obyektinə çevrilə bilər. Üstəlik, azərbaycanlı olan, Rusiyada yaşayan və bəzi qurumların rəhbəri olan bəzi rəsmi şəxslərin Azərbaycanın, onun siyasi rəhbərliyinin ünvanına, eləcə də Saakaşvilinin ünvanına hədyanlar söyləməsi də, məncə, ciddi müzakirə obyektinə çevrilə bilər. Saakaşvilinin açıqlamalarından Rusiya qəzəblənməli deyil, müəyyən qeyri-konstruktiv və qızışdırıcı hərəkətlərinə çəki-düzən verməyə çalışmalıdır”.

Rusiyanın seçkilər qabağı Azərbaycanda törədə biləcəyi hadisələrə gəlincə, politoloqa görə, Moskvanın bir sıra addımlar atmaq imkanları var. Ancaq ekspert Bakının buna qarşı cavab addımları atmaqla bu təxribatları neytrallaşdıra biləcəyini düşünür: “Rusiya Azərbaycanda agentura şəbəkəsindən istifadə edir. Əhali arasında müəyyən dezinformasiyalar yaymağa çalışır. Təəssüflər olsun ki, müəyyən siyasi qurumlar da bu və ya digər formada Rusiyada istəklərinə uyğun əhali arasında müxtəlif dedi-qoduları yaymağa çalışırlar. Amma Rusiyanın planında Gürcüstan variantının Azərbaycanda təkrar edilməsinə çalışmaq cəhdi var. Burda da önəmli yer pula verilir. Yəni əhalinin pulla seçkilərdə səslərinin satın alınması. Bu variantın Azərbaycanda bəri başdan uğursuz olacağı aydındır. Çünki Azərbaycanda seçki prosesinə nəzarət var. Hər hansı qüvvələrin seçkilər zamanı təxribat xarakterli, seçkilərlə bağlı olmayan təxribat işləri aparması, demək olar ki, mümkünsüzdür. Amma Rusiya seçkilər dövründə Ermənistanın işğal etdiyi təmas nöqtələrində qarşıdurmanı gücləndirə bilər, gərginlik yarada bilər. Eyni zamanda ölkə daxilində müəyyən təxribat hərəkətlərinə əl ata bilər”.

Q.Hüseynlinin fikrincə, hazırda həm Gürcüstan, həm də Azərbaycan Qərb ölkələri ilə yaxından tərəfdaşlıq etdiyi üçün Rusiya qarşısında beynəlxalq dəstək ala bilərlər: “Nəzərə almaq lazımdır ki, Azərbaycan və Gürcüstan Qərb üçün çox böyük geostrateji əhəmiyyətə malikdir. Artıq Qərb ölkələrindən bir neçəsi, ABŞ, İsrail, AB ölkələri Azərbaycanın təhlükəsizliyini qorumaq barədə ən azı mətbuat səviyyəsində bəyanatlar verirlər. Bu da bir çəkindirici amil kimi, Rusiyanı avantürist addımlardan çəkindirməlidir. Rusiyanın Azərbaycanla bağlı bəlli niyyətləri var. Amma bu niyyətləri həyata keçirmək mümkün olmayacaq”.

KƏNAN
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed