Şrift:
Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edənlər zərərsizləşdirilib
07.03.2013 [10:39] - Xəbərlər, Gündəm, Hadisə
Azərbaycanda ötən il Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində ictimai xadimin həyatına son qoymaq məqsədi ilə ona qarşı sui-qəsd törətməyə, yəni terror aktına hazırlıqda külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 5 nəfərdən ibarət qrup ifşa olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üzrə hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, İranın xüsusi xidmət orqanları ilə əlaqəli olduğu müəyyən edilmiş həmin qrupun 3 üzvü məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib, digər 2 üzvü barəsində, eləcə də İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və müvafiq şəkildə təlimatlandırılaraq kəşfiyyat tapşırıqlarının icrasına yönəldilmiş daha 2 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

Bundan başqa, Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyinə qarşı casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsində və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən,İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş, əsasən azərbaycanlılardan ibarət 22 nəfərlik daha bir qrup keçirilmiş digər əks-kəşfiyyat əməliyyatları nəticəsində ifşa olunaraq tutulub və müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib.

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan və 2011-ci ildə ifşa olunmuş 2 hərbi qulluqçu barəsində cinayət işi yekunlaşdırılıb, məhkəmənin hökmü ilə onlar, eləcə də, törədilmiş digər hərbi cinayətlərə görə daha 3 hərbi qulluqçu məhkum olunub, 2 nəfər barəsində isə cinayət işinin istintaqı davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed