Şrift:
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi qurumun Daimi Şurasında çıxış edib
04.11.2011 [10:44] - Gündəm
“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yalnız Azərbaycanın deyil, Avropanın təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernard Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ATƏT-in Daimi Şurasında illik hesabatla çıxış ediblər. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov da Azərbaycan Respublikasının münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb.

Q. İsrafilov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yalnız Azərbaycanın deyil, eyni zamanda Avropanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Çünki iqtisadiyyatı sürətlə inkişaf edən, Avropanın etibarlı tərəfdaşına çevrilən və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycan son dövrdə təhlükəsizlik istehlakçısından təhlükəsizlik istehsalçısına çevrilib. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ATƏT-ə üzv ölkələr üçün də fövqəladə dərəcədə mühüm məsələ olmalıdır”.

Danışıqların gedişinə toxunan daimi nümayəndə deyib ki, hazırkı status-kvonun saxlanılması Ermənistan tərəfinin marağındadır və bu dövlət heç bir şərtlə həmin status-kvonu dəyişmək niyyətində deyildir: “İşğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması, bu ərazilərin Ermənistan tərəfindən məskunlaşdırılması, təbii sərvətlərin amansızcasına talan edilməsi Ermənistanın bu niyyətini ortaya qoyan siqnallardır”.

Səfir qeyd edib ki, etimad quruculuğu tədbirləri status-kvonun möhkəmlənməsinə xidmət etməməli, əksinə, işğal olunmuş ərazilərin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiya olunmasına töhfə verməlidir. O, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşün təşkil edilməsinə dair təklif irəli sürüb və ATƏT-ə üzv dövlətlər və həmsədrləri bu humanitar xarakterli etimad quruculuğu tədbirini dəstəkləməyə cağırıb. Bundan əlavə, hərbi sahədə etimad quruculuğu tədbiri qismində işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının vacibliyi qeyd olunub.

Azərbaycan tərəfinin konstruktiv yanaşması ATƏT-ə üzv dövlətlər tərəfindən müsbət qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed