Şrift:
Hökumətin büdcə siyasəti tez-tez iqtisadçı ekspertlər tərəfindən tənqid olunur
27.03.2013 [15:39] - Gündəm, Sosial
Ekspertlər bir neçə təkliflər verir
Büdcə siyasətinin baş-ayaq həyata keçirildiyi vurğulanır. Bildirilir ki, hər hansı sistemli, elmi yanaşmadan kənar olan büdcə siyasəti böyük neft pullarının qısa zaman kəsiyində mənimsənilməsinə hesablanıb. Maraqlısı isə həm də odur ki, korrupsiya tutumlu investisiya layihələrində büdcə xərcləri yüz faiz icra edilir.

Ekspertlər hökumətin büdcə siyasətinin çox primitiv və korrupsiya qoxulu olduğunu vurğulayırlar. Bildirilir ki, burada heç bir elmi yanaşmadan, sahələrin real ehtiyaclarının dəyərləndirməsindən söhbət gedə bilməz. Bəs büdcəni məmur talanından qorumaq mümkündürmü? Ekspertlərin məsələ ilə bağlı rəyləri birmənalı deyil.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Qadir İbrahimli qeyd edir ki, Azərbaycanda büdcə siyasəti ümumiyyətlə qeyri-şəffaf aparılır: “Qeyri-şəffaf mühitdə də həmin büdcənin talan olunması prosesi son dərəcə sadədir. Məsələn, tenderlər haqqında vaxtlı-vaxtında ictimaiyyətə məlumat verilmir, tenderlər şəffaf keçirilmir. Dövlət satınalmalarında da bu kimi hallar baş verir. Ona görə də büdcə nəhəng korrupsiya ocağına çevrilir. Dövlət büdcəsi şəffaf xərclənmir. Hökumət heç bir halda vətəndaş cəmiyyətini, QHT-ləri, medianı yaxın buraxmır ki, hansısa bir monitorinq aparılsın və şəffaflıq təmin olunsun. Büdcə ətrafında qeyri-şəffaf mühit yaradılıb. Həmin mühitdə də büdcənin talan prosesi gedir. Bu baxımdan hesab edirəm ki, yaxın illərdə həmin problemi həll etmək mümkün olmayacaq. Çünki indiki büdcə siyasəti dövlət vəsaitlərinin səmərəli xərclənməsinə yox, vəsaitlərin mənimsənilməsinə yönəlmiş soyğunçu bir siyasətdir. Ona görə vətəndaş cəmiyyəti institutları təbii ki, burada, büdcənin icrasında iştirak etmək istəyirlər. Sadəcə olaraq, onlar buna yaxın buraxılmırlar. Tutaq ki, hər hansı KİV-in, vətəndaş cəmiyyətinin sorğusuna Maliyyə Nazirliyi və digər əlaqədar nazirliklər aylarla, illərlə cavab vermirlər. Hətta sorğuların təmin olunması ilə bağlı məhkəmə qərarları olsa da, icra edilmir. Bu səbəbdən büdcənin xərclənməsində qeyri-şəffaf, qapalı bir mühit yaranıb. Həmin qapalı mühitdə də büdcə vəsaitləri daha çox mənimsənilir, daha çox oğurlanır”.

İqtisadçı ekspert Nazim Məmmədov isə qeyd edir ki, büdcənin talanmasının əsas səbəbi qanunlara məhəl qoyulmamasıdır: “Dövlət büdcəsinin təqribən yarısı kapital qoyuluşuna yönəldilir, bunun da 7 milyard manatı investisiya qoyuluşu üçün nazirliklər, komitələr, dövlət şirkətləri tərəfindən sifarişçilər olaraq həyata keçirilir. Qanunlarla müəyyən olunmuş prosedurlar olmasına baxmayaraq, bu sifarişlərin mütləq əksəriyyəti sifarişçilərin özlərinin, yaxın və uzaq qohumlarının sahibləri olduqları podratçı şirkətlər tərəfindən həyata keçirilməsinin şahidi oluruq. Belə demək mümkünsə, bəzən 100 milyonlarla büdcəsi olan bir investisiya layihəsi bir neçə günlük yaradılmış şirkət tərəfindən hərracda udulur və sonradan o şirkət tərəfindən işə cəlb edilmiş onlarla təşkilatlar və ya qruplar tərəfindən icra olunur. Nəticə etibarı ilə müxtəlif maliyyə fırıldaqçılığı ilə dövlət vəsaitinin 20-60 faizi, sifarişçinin nəzarətində olan şirkət tərəfindən mənimsənilir. Bu məbləğ müxtəlif layihələrdə müxtəlif faizlərdir. İşlər keyfiyyətsiz həyata keçirilir, müqaviləsiz işə cəlb olunmuş fəhlələr günəmuzd aşağı maaşla işləməyə məcbur edilir, əmək haqqından gəlir vergisi, sosial sığorta haqları yığılmır. Mal alışı rəsmiləşdirilmir və buna görə vergilər də büdcəyə cəlb edilmir və sair».

Ekspert qeyd edir ki, bütün bunların qarşısını almaq mümkündür: “Sadəcə, qanunların icrasını təmin etməklə, korrupsiyaya qarşı mübarizəni sərtləşdirməklə, məmurun dövlət resurslarını öz şəxsi resursları kimi istifadəsinin qarşısını almaqla. Nə qədər ki, məmur ona etibar edilmiş vəzifəni qazanc əldə etməyə yönəldəcəksə, dövlət işində oturaraq öz biznesini idarə edəcəksə, cəmiyyətin təpkisinə, jurnalistlərin araşdırmalarına laqeyd yanaşılaraq onların hərəkətləri stimullaşdırılacaqsa, bu vəziyyət davam edəcək. Mən bir neçƏ il bundan qabaq belə neqativ halların qismən də olsa qarşısının alınması üçün nazirliklərin tabeçiliyində olan tikinti idarələrinin ləğv edilməsinin və bu səlahiyyətin sifarişçi Nazirlər Kabinetinə verilməsinin təşəbbüskarı olmuşdum. Təəssüf ki, bir nazirlikdə - Təhsil Nazirliyində tikinti idarəsini ləğv etdilər, başqalarında isə hələ də qalmaqdadır, onu da yarımçıq etdilər. Bir sözlə, məmurla biznesi biz ayırmasaq, vəzifələrə təyinat da regionçuluq, yerlibazlıq, qohumbazlıq, tayfabazlıq və ya rüşvət müqabilində olacaqsa, büdcəmiz də belə qəddarcasına talanmaqda davam edəcək”.

R.RƏFİYEVA
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed