Şrift:
BDM nümayəndə heyəti Türkiyənin Baş naziri R.T. Ərdoğanla görüşüb
27.03.2013 [17:53] - Xəbərlər, Diaspor
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti Çanaqqala zəfərinin 98-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərdə iştirak edib. Nümayəndə heyəti Çanaqqalada keçirilən tədbirlərə qatılıb, şəhidlərin xatirəsinə Azərbaycan adından əklil qoyub, eyni zamanda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə qoyulmuş lövhəni ziyarət edib.
Tədbirdə BDM nümayəndə heyəti Türkiyənin Baş naziri R.T. Ərdoğanla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri ətrafında söhbət aparılıb və Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlılar bir daha yad edilib. Baş nazir həmçinin, Azərbaycan heyətinin ənənəvi olaraq Çanaqqala tədbirində iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirib.
Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri, BDM-in sədr müavini Samir Adıgözəlli Türkiyənin müdafiə naziri İsmət Yılmazla, millət vəkili Bülənt Belenlə və eyni zamanda Çanaqqala valiliyində və Milliyətçi Hərəkat Partiyasında (MHP) bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətləri ətrafında söhbət aparılmış və azərbaycanlıların Türkiyənin İstiqlal Savaşında iştirakı və onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən, deportasiya və soyqırım məsələlərində bərabər fəaliyyətin yürüdülməsi istiqamətindən danışılıb.
Çanaqqala səfərinin son günündə BDM-in sədr müavini Samir Adıgözəlli mətbuat konfransı keçirib. Konfransda Çanaqqalada şəhid olmuş azərbaycanlılarla bağlı və onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət haqqında Türkiyə mediasına geniş məlumat verilib. BDM nümayəndə heyətinin səfəri və S. Adıgözəllinin keçirdiyi mətbuat konfansı haqqında Çanaqqalanın TOM televiziyası və yazılı mətbuatında işıqlandırılıb. Keçirilən tədbirlərdə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan konsul Kənan Murtuzov, Qarabağ müharibəsində böyük şücaət göstərmiş qəhrəman İbad Hüseynov, BDM-in gənclər təşkilatının sədri Tural Məmmədli, Çanaqqaladakı diaspor fəalları və azərbaycanlı tələbələr iştirak edib.


BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed