Şrift:
Günel Cəlilova: - Qızılın qiyməti ucuzlaşmaqda davam edir
28.03.2013 [10:08] - Sosial, DAVAMın yazıları
Bu gün dünya birjalarında qızılın qiymətində ucuzlaşma qeydə alınıb. “Qiymətli metal”ın düşməsinə səbəb dolların bahalaşması olub. Məlumata görə, qızılın qiymətinin dünya bazarında aşağı düşməsi davam edir. Dünya bazarında bir qram qızıl 51 dollara, bir unsiya isə 1606 dollara təklif edilir. 2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra qiyməti artan qızılın 2013-cü ildə ucuzlaşacağı gözlənilən idi. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətinlik çəkən investorlar öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Bu isə həmin dövrdə qızılın qiymətində artımlar ilə müşahidə edilirdi. Amma son bir ildə qızılın qiymətindəki artımlar azalmalar ilə əvəz olunub. Bu göstərici 7,1 faiz təşkil edib. Maraqlıdır ki, ən çox ucuzlaşma son bir ayda qeydə alınıb.
İqtisadçıların fikrincə, azalma tendensiyası 2013-cü ilin sonunadək davam edəcək: «Bununla belə, bu il qızılın qiymətində dramatik azalmalar gözlənilmir. Bu ilin birinci yarım ilində 1 qram qızılın orta qiymətinin 50 dollar olacağı poqnozlaşdırılır. Dünya bazarında neft qiymətinin yüksəlməsi, eləcə də bir sıra inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-ın real sektorda gəlirlik normasının yüksəlməsi investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin aşağı düşməsinə səbəb olub».
Ekspertlərin bildirdiyinə görə, qızılın dünya bazar qiyməti Azərbaycanın dövlət rezervlərinin dəyəri baxımdan da əhəmiyyətlidir. Belə ki, Dövlət Neft Fondu 2012-ci ildə 15 ton qızıl alıb və bu il qızıl ehtiyatlarını 2-3 dəfə artırmaq niyyətindədir. Mərkəzi Bankın qızıl ehtiyatları isə yarım tondan çoxdur. Neft Fondu qızılın alma tarixi və eləcə də qiyməti ilə bağlı ictimaiyyətə məlumat vermədiyindən qızılın Azərbaycana neçəyə baş gəldiyi bəlli deyil. Bununla belə, son bir ildəki qiymət azalmaları Neft Fondunun qızıl biznesindən gəlir deyil, zərər əldə etdiyini söyləməyə imkan verir. Praktik olaraq, Neft Fondunun aldığı qızılın qiymətinin aşağı düşməsi səbəbindən dövlət rezervlərinin dəyərində nisbi azalmalar müşahidə edilir.
Qeyd edək ki, son aylar yerli qızıl bazarında da qiymət azalmaları müşahidə edilməkdədir.
Məlumat üçün bildirək ki, bu yaxınlarda Türkiyə mətbuatı yerli qızılın qiymətində kəskin azalma müşahidə edildiyini yazmışdı. Türk zərgərləri son 6 ay ərzində Türkiyədə qızılın 30-50 faiz aşağı düşdüyünü qeyd etmişdilər. Ekspertlərin proqnozlarına görə, Türkiyədə yaxın günlər ərzində qızılın qiymətindəki kəskin azalma davam edəcək. Nəzərə alsaq ki, Azərbaycana qızıl İtaliya, Dubay və Türkiyədən gətirilir, bu onu deməyə əsas verir ki, azalma Azərbaycandakı qiymətlərə də təsir edəcək.
Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed