Şrift:
Ermənistan Mülki Aviasiya Baş İdarəsi: "Uçuşların təhlükəsizliyi tamamilə təmin olunub, İrəvandan Xankəndiyə 19 yerlik təyyarələr uçacaq"
29.03.2013 [10:15] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Ermənistan höküməti yanında Mülki Aviasiya Baş İdarəsi (MABİ) Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə mülki təyyarələrin uçuşlarına icazə verəcək.

«News.am»in verdiyi məlumata görə, bu barədə İrəvanda jurnalistlərə Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan bəyan edib.

“Uçuşlar beynəlxalq təşkilatların qaydalarına uyğun həyata keçiriləcək. Biz o qaydalardan bir addım belə kənara çəkilmək istəmirik. Çox şey Dağlıq Qarabağın aviasiya qurumlarının fəal işindən asılıdır. Əgər onlar işlərini yekunlaşdırsalar – biz hazırıq”, deyə Artyom Movsisyan bəyan edib. Bununla belə, o konkret tarix söyləməkdən boyun qaçırıb.

MABİ rəisi qeyd edib ki, Xankəndi aeroportu “kiçik də olsa, gözəl və rahatdır, onun gücü isə nəzərdə tutulmuş sərnişindaşımalar üçün tamamilə yetərlidir”.

“Eniş zolağı yaxşı vəziyyətdədir, uçuşların təhlükəsizliyi tamamilə təmin olunub, sadəcə təyyarələrə göstəriləcək xidmətlə bağlı bir neçə kiçik həll olunmamış texniki məsələ qalıb”, deyə Movsisyan qeyd edib.

O əlavə edib ki, Dağlıq Qarabağın öz mülki aviasiyası olmadığından, uçuşları Ermənistan Respublikasının 19 yerlik təyyarələri həyata keçirəcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed